"İnsan
namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub
baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha
məhəl qoymazsa Allah Taala ondan üz döndərər"
Hədisin şərhi:
1- İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bu hədisin əvvəlində İmam buyurur:
"Allah
Taala üzünü ona tərəf tutub ona baxar". Bu cümlədən məqsəd budur ki,
Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allah
Taalaya tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan
insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə
Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər
bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan
istəmişlər.
2-
Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır.
İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah
Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də
Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər
salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz
döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən
məhrum olar.
3-
İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz
döndərməz. Deməli insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa
o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni
qırmaz.
4-
Allah Taala Öz bəndəsinə olduqca mehribandır. Üzünü bəndəsinə tərəf
tutur, amma bəndəsi Ona etina etmir. Bununla belə Allah Taala üzünü
ondan çevirmir. Bəndəsinə üç dəfə fürsət verir. Belə bir gözəl Allah
Taalaya etina etməmək heç bir ağıl sahibinə başa düşülən deyil.
5-
İnsan əgər həqiqi bəndə olarsa namazda Allah Taaladan başqasına üz
tutmaq, diqqəti yalnız sevimli Rəbbində olar. Hədisdə var ki, əgər insan
namazını Allah Taaladan başqasına nəzər salmadan qılarsa bu namazın
ilkin faydası bu olar ki, həmin insanın bütün kiçik günahları
bağışlanar.
6-
İnsanın namazda bütün diqqəti yalnız Allah Taala olmalıdır. Xəyal
qüvvəsini dünya işləri barədə fikirləşməyə qoymamalıdır. Yəni, nə qədər
ki, namaz qılırsan pulu, evi, maşını, alveri, gəzməyi... düşünmə. Bir
neçə dəqiqəlik dünyadan uzaq ol və dünyanı unut.
7-
İnsan namazda həqiqətən Allah Taala ilə üzbəüz ola bilərsə, həmin insan
namazın tez qurtarmasını istəməz. Namazını tələsik və sürətlə qılmaz.
8-
İnsan namazda Allah Taalaya diqqət etmədiyi və Ona etina etmədiyinə
görə bu namaz insana ağır gəlir. O namazı qılmağı özünə bir yük bilir.
Namazı bitirdikdə elə sevinir ki, sanki bir ton yük götürmüş dəvədir ki,
sahibi o yükü dəvənin üstündən götürdü.
9-
İnsan namaz qılarkən Allah Taalanın ona olan nəzərinə etinasızlıq
edirsə, bu iş həmin insanın qəlbində Allah Taalaya olan sevginin yoxluğu
olmasa da azlığından xəbər verir. Təsəvvür edin, iki məşhur futbol
komandası oynayanda 90 dəqiqə bizlərə 5 dəqiqə kimi gəlir. Amma namaz
qılanda 5 dəqiqə bizə 90 dəqiqəyə bərabər olur.
10-
İnsanın dualarının qəbul olmasının əsas şərtlərindən biri namazdır.
İnsan namazına laqeyd yanaşırsa, Allah Taalanın ona üç dəfə nəzər
salmasına etnina etmirsə, elə dünyadan yağışaraq qalıbsa, deməli
dualarının qəbul olmamasında heç kimi günahlandırmamalı və Allah Taalaya
şikayət etməməlidir.
11-
Odur ki, Allah Taaladan istəyək ki, bizləri həqiqi namaz qılanlardan
qərar versin. Necə ki, Aşura günü döyüşün ən çətin anlarında imam Hüsyen
əleyhissalamın dostlarından olan Səid ibn Abdullah göyə baxırdı. İmam
Hüseyn əleyhissalam buyurdu: "Ey Səid, nə olub?!" Səid dedi: "Ey
Peyğəmbərin(s) övladı, zöhr namazının vaxtıdır."
İmam Hüseyn əleyhissalam buyurdu: "Nə yaxşı ki, xəbər verdin. Allah Taala səni namaz qılanlardan qərar versin."
Allah Taala bizləri də həqiqi namazqılanlardan qərar versin.!