Ərini
adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda "sizin oğlunuz",
uşaqları ilə danışanda "atanız" deyirdi. Bəziləri onu danlayırdılar, bu
davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar. Amma o heç də cahil
deyildi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə
qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna
şahid idilər. O isə başını qaldırıb yad kişilərin üzünə dik-dik baxa
bilmirdi. Başqa qız-gəlinlərdən seçilirdi, səsini yüksəltdiyini eşidən
olmamışdı. "Utananın oğlu olmaz" deyirlər. Amma bu utancaq xanım
bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən
gözəl, həyalı.
Bir dəfə ağzını açıb danışdı. Danışdı deyəndə ki, məhlədə gəlinlər
yığışıb söhbət edirdilər. Onu da çağırdılar qayınanasından icazə alıb,
onlara qatıldı. Danışdı, çox şeylər dedi. Qonşular məəttəl qaldılar və
bu vaxta qədər onu tanımadıqlarından üzüldülər. Nələr demədi. Dedi ki,
həya qəlbi pozan günahlara qarşı bir müdafiədir; həya insanın imanının
gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyrin dirəyi, qarışdığı
hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman
həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz
yummaz; çünki Allahdan utanar, günah eləməz; çünki Allahdan həya edər. O
gün qonşu gəlinlər Münəvvərin simasında yeni bir dünya kəşf etdilər.
Bəziləri həyanı acizlik kimi qəbul edir. Həya acizlik deyil; "həya ilə
iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz"
buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya
sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir gözləmək
mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət
kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq
buyurmuşdur.
Həya iki cür olur: insan var ki, insanlar arasında günah işləməyə həya
etdiyi kimi, insanların görmədiyi yerdə də "Allah görür" düşüncəsi ilə
əlini haramdan çəkər, həyasına sığınar. Bu, müsəlmanda aranan əsl
həyadır, mənəvi kateqoriyadır. İnsan da var ki, insanlar arasında utansa
da, xəlvətə düşəndə əlindən gələni əsirgəmir. Bu da bir növ kor
həyadır. İnsanlardan həyadır, Allahdan həya deyil. Əsl həya isə Allahdan
çəkinməkdir. Allahdan həya edən insan onun Peyğəmbərindən də,
mələklərindən də, insanlardan da həya edər.
Elə qəlbimöhürlülər, elə bədbəxtlər var ki, nə bəndədən həya edir, nə
Allahdan utanır. Beləsinin nə ədəb kateqoriyasında, nə İslam anlayışında
yeri var.
Həya insanı hiylədən, riyadan, məkrdən, aravuruşdurmadan, bədxahlıqdan
uzaq tutar. Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) belə buyurub:
"Ehsan Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət
etməkdir". Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın
gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan
özünü hər an Allah-Təalanın hüzurunda görür; əlini harama uzatmaz,
qeybdən uzanmış bir qılıncmı, bir ağacmı əlinin üstünə vuracaqmış kimi
qorxar, hürkər. Başqa bir hədisində Peyğəmbərimiz belə buyurub: "İlk
baxış yararına, sonrakı isə zərərinədir". Bu hədisdə buyurulduğu kimi,
insan qeyri-iradi olaraq harama baxdığı halda, Allahdan utanaraq gözünü
çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər
nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də
zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan
oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü
haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət
qoyaram ki, zövqünü bu dünyada da hiss edər.
Bəli, həya Allah qarşısında qulun təslimiyyət duyğusunun bir
təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini belə
pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır.
Şeytanın insana qalib gəldiyi məqamlar məhz onun nəfsinə uyaraq harama meyil etməsi ilə mümkündür.
İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya
deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də yuxarıda
dediyimiz kimi, imandan gələn həya var ki, bu həya İslam dininin önəmli
bir dərinliyini təşkil edir.
Həya ilə qorxu arasında fərqlər var. Ən başlıca fərq odur ki, həya
Allahı düşünərək çəkinməkdir, qorxu isə insanı düşünərək çəkinmək. Ola
bilsin ki, insanı düşünmək də elə Allahı düşünmək anlayışı içərisində
olsun, yəni kiminsə haqqını tapdalamamaq üçün çəkinirsən. Əslində bu
düşüncə də elə həyadır.
Qurani-Kərimdə dəfələrlə bildirilir ki, Allah-Təala gizli və aşkar
olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, ondan gizli heç bir
şey yoxdur, hər şey Onun bilgisi daxilindədir.
Bu qədər həqiqət açıq-aşkar ortada ikən insanın həya duyğusundan
məhrum olmasını anlamaq mümkün deyil. Həya İlahi bir əxlaq və Allah
sirridir. Əgər həqiqi həya duyğusunun insanı hansı ünvana aparacağını
bilsəydik, insanlar o yoldan bir addım belə yayınmazdılar.
İnsanın özündən həya etməsi də çox önəmli faktordur. Özündən həya əslində Allahdan həya hissinin bir parçasıdır.
Həya gözəllikdir, acizlik deyil; həya məzlumluq deyil, qətiyyətdir,
iradədir; həya mübarizədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan
yol.
Belə görmüşük, belə eşitmişik, belə görmək istəyirik. Gəlin qayınatası
ilə danışanda həyat yoldaşının adını çəkmirsə, "sizin oğlunuz" deyirsə,
bunu ehtiram kimi, həya kimi, hörmət kimi qəbul etmək lazımdır, elə o
gəlin kimi.