Mövlananın
qurmuş olduğu Mövləvi təriqətində səma rəqsi deyilən bir ritual var.
Səma rəqsi zamanı mövləvilərin xüsusi geyim geyinərək durduqları yerdə
saatlarla fırlanırlar. Mövləvilərə görə, bu cür fırlanan zaman insan
maddi aləmdən çıxıb mənəvi aləmə qovuşur.
Bir
dəfə Mövlana öz müridləri ilə dairə halında düzülüb Səma rəqsinə
başlayırlar. Bu zaman kənardan birisi də gəlib onlara qoşulur, amma
içkili olduğu üçün müvazinətini saxlaya bilmir, tez-tez aşaraq Mövlana
ilə toqquşur. Müridlər həmin adamı tutub sürüyə-sürüyə oradan
uzaqlaşdırmaq istəyəndə Mövlana onları çağırır:
- Bir dayanın, siz nə edirsiniz?
Müridlər:
- Şərab içmişdir, - deyirlər.
- Şərabı o içib, amma sərxoşluğu siz edirsiniz.- deyə Mövlana onlara etiraz edir. Müridlər həmin andaca o adamı buraxırlar.
Nəticə budur ki, əgər birisi yaxşı iş görməyə yönəlmişsə, ona bu yolda
yardımçı olmaq lazımdır ki, qüsurlarından, ayıblarından təmizlənə
bilsin. Yoxsa, sənin filan qüsurların var deyə, onu geri itələmək yaxşı
işlərin önünü kəsməkdir.