Quran
bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi
ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə
rəhmət və səadət mənbəyidir.
Hər
kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz
Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz
əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz
əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər,
atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri
Quranla yerinə yetirərlər.
Quran
tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql
olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam
Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran
tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Quran oxuyan
şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə
oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi
yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən
ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan
səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən
və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə,
sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.»
(Üsuli-kafi, «Quranın fəziləti).
İmam
Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət
və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah
tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına
qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət
yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın
fəziləti).
1. QURANIN ÜZÜNDƏN OXUNMASI
Nəql
olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər
oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql
olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq
(ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər
olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu,
bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir
ibadətdir.»
İmam
Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən
oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları
küfr ilə dünyadan köçsələr belə, azalar.»
Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
1.
Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin
qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə
oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə
Quran nadir nüsxələrdən birinə çevrilər.
2.
Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın
mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına
baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.
3.
Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə
səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri
barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan
mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq
hiss edir.
Quran
ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan
oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və
mənəvi paklığa nail olur.
2. QURANIN EVLƏRDƏ OXUNMASI
Bu
məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin
məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət
etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət
təsirinin şahidi oluruq.
1.
Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və
əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına
səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev
sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və
nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar
Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir
ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır.
Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı
tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.
2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.
3.
Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb
olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək
oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi,
Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə
bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar
şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild.
«Quranın oxunma fəziləti).