Neçə qadınla nikah bağlamaq olar?
Dörddən
artıq arvad almaq halal deyildir. Uca Allah buyurur: «...o zaman sizə
halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə
nikah bağlayın!..».
Demək,
Ğeylan ibn Sələmə İslamı qəbul edərkən on arvadı var idi. Peyğəmbər
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dördünü saxlayıb
digərlərini boşamağı əmr etdi.
Həmçinin
Qeys ibn Haris deyir ki, mən İslamı qəbul edərkən səkkiz arvadım var
idi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)
yanına gəlib bu haqda ona dedim. O isə belə cavab verdi: «Onlardan
dördünü seç».
Məhrəm qadınlar
«Atalarınızın
evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət
dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc
işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız,
qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və
bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın
anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları
(ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız
qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz
belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını
birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə)
olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna
olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram
edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol
vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi».
Uca
Allah bu ayələrdə evlənməsi haram olan (məhrəm) qadınları qeyd
etmişdir. Biz bu ayələrə diqqətlə fikir versək görərik ki, burada
haramlıq iki qismdir:
1.Əbədi haramlıq: Bu o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə gedə bilməz.
2.Müvəqqəti
haramlıq: Bu isə o deməkdir ki, qadın hazırda mövcud olan müəyyən
səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əgər mövcud səbəblər
olmazsa onların evlənmələri halaldır.
Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi.
Birinci; Nəsəb səbəbi ilə evlənməsi haram olanlar:
Analar, qızlar, bacılar, bibilər, xalalar, qardaş və bacı qızları.
İkinci; Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar:
1.
Arvadın anası (qayınana): Burada evləndiyi qadınla yaxınlıq
edib-etməmək şərt deyil. Sadəcə olaraq həmin qadının qızı ilə nikah
bağlayarsa artıq onun ansı ilə evlənmək haram olur.
2.
Cinsi əlaqədə olduğu qadının qızı: Əgər qadınla nikah bağlayıb ona
cinsi yaxınlıq etməzsə, qızı ilə evlənmək ona halal olar. «...Cinsi
əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün
günah deyildir...».
3. Oğulun arvadı (gəlin): Belə halda sadəcə nikah bağlamaqla haram sayılır.
4. Atanın arvadı: Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır.
Üçüncü; Süd əlaqəsi ilə evlənməsi haram olanlar:
Uca Allah buyurur: «...süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi».
Həmçinin
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir:
«Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır»[5].
Bu
əsasla süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb
səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə
süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:
1. Süd anası.
2. Süd anasının anası.
3. Süd anasının qayınanası.
4. Süd anasının bacısı.
5. Süd anasının ərinin bacısı (baldız).
6. Süd anasının oğul və qız nəvələri.
7. Süd bacısı.
Evlənməyi haram edən südəmmənin miqdarı
Aişə
(Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı
və salamı olsun) belə dediyini rəvayət edir: «Südü bir iki dəfə sormaq
haram etmir»[6].
Ummul
Fədl (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın
salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bir iki dəfə süd
vermək və ya süd sormaq haram etmir»[7].
Aişə
(Allah ondan razı olsun) deyir ki, «Quranda, on dəfə süd əmməyin haram
etməsi nazil olmuşdu. Sonra bu say ləğv edilib beşə endirildi. Peyğəmbər
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə bəzi
insanlar hələ də bu ayələri Qurandan hesab edirdilər»[8].
Südvermə
iki yaş ərzində olmalıdır. Belə ki, uca Allah buyurur: «Analar (istər
boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini
tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər...»[9].
Ummu
Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın
salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Süd əmizdirmə
müddətində və süddən kəsilmədən öncə, mədəni dolduran südvermə haram
(məhrəm) edir»[10].
Evlənməsi müvəqqəti haram olanlar
1.
Eyni zamanda iki bacı ilə evli olmaq: Uca Allah buyurur: «...və iki
bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət
dövründə) olan bu cür işlər müstəsnadır...»
2.
Qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq: Demək Əbu Hureyrə
(Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı
və salamı olsun) belə dediyini rəvayət edir: «Qadın ilə bərabər onun
bibisi və ya xalası ilə evlənmək olmaz»[11].
3.
Başqasının arvadı və ya boşanıb müddət (iddə) gözləyən qadın:
«...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna
olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram
edildi)...». Yəni, ərdə olan qadınlarla evlənmək haramdır. Cariyələr isə
bu haldan istisnadır. Cariyə qadının sahibi, onun hamilə qalmadığına
əmin olduqdan (istibra-dan) sonra, evli olsa da ona halaldır. Demək Əbu
Səid deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun) əl-Əvtas adlı yerə qoşun göndərdi. Düşmən onların qarşısına çıxdı
və döyüş baş verdi. Müsəlmanlar onlara qalib gəldilər və cariyə
götürdülər. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun) bəzi səhabələri həmin qadınların müşrik ərlərinə görə onlarla
yaxınlıq etməkdən çəkinirdilər. Sonra uca Allah bu ayəni nazil etdi:
«...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna
olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram
edildi)...». Yəni, bu cariyələr, gözləmə müddətindən sonra sizə
halaldırlar[12].
4.
Üçüncü dəfə boşanmış qadın: Bu halda qadın, başqa kişiyə ərə gedib
doğru nikah bağlamayınca, birinci ərinə halal sayılmır. Uca Allah
buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman
(qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci
əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə
(hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin
qadının birinci əri ilə) təkrar evlənməsində günah yoxdur...»[13].
5.
Zinakar qadınla evlənmək: Kişinin zinakar qadınla evlənməsi, qadının
isə zinakar kişiyə ərə getməsi halal deyil. Yalnız əgər onlar sadiq bir
tövbə etsələr bundan sonra onlara evlənmək və ya ərə getmək halal olar.
Uca Allah buyurur: «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla
evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə
ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir»[14].
Amr
ibn Şueyb ataasından o da babasından rəvayət edir ki, «Mirsəd ibn Əbu
Mirsəd əl-Ğənəvi digər yerlərə Məkkədən əsir daşıyırdı. Məkkədə Ənaq
adlı bir nəfər zinakar qadın var idi. Həmin qadın onun məşuqəsi idi. Bir
gün o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)
yanına gəlib dedi: Ey Allahın elçisi, Ənaqla evlənə bilərəmmi? Peyğəmbər
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) susdu və cavab
vermədi. Sonra bu ayə: «...Zinakar qadın da yalnız zinakar, yaxud müşrik
bir kişiyə ərə gedə bilər...» – nazil oldu. Peyğəmbər (Ona və ailəsinə
Allahın salavatı və salamı olsun) məni çağırıb mənim üçün bu ayəni oxudu
və dedi: Onunla evlənmə»[15].