Aşağıdakı
hədis Əllamə Mühəmməd Baqir Məclisinin «Biharül-ənvar» kitabının VI
cildindəndir (səh. 306-309). Hədisi heç bir şərh vermədən diqqətinizə
təqdim edirik. Yalnız bunu əlavə edirik ki, ətrafa diqqətlə baxsaq,
göstərilən əlamətlərin bir çoxunun həyata keçdiyini görmüş olarıq. Amma
bu vəziyyətin də son hədd olub-olmadığını yalnız Allah bilir. Allah bizi
bundan da betər rüzigardan qorusun!
Məşhur səhabə Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd
Peyğəmbərin (s) sonuncu həcc səfərində (vida həccində) o həzrəti
müşayiət edirdik. Peyğəmbər Kəbə evinin qapısını əli ilə tutub üzünü
bizə tərəf çevirdi və buyurdu: «İstəyirsinizmi sizə qiyamətin
əlamətlərini xəbər verim?».
Həmin gün Salmani-farsi Peyğəmbərə hamıdan daha yaxın yerdə durmuşdu.
O, Peyğəmbərə belə cavab verdi: «Bəli, ey Allahın Rəsulu». Həzrət
buyurdu: «Qiyamətin əlamətlərindən biri budur ki, namaz gözdən düşəcək
(yəni camaatın namaza rəğbəti qalmayacaq), insanlar öz şəhvətlərinə
uyacaq, nəfsani istəklərinin ardınca gedəcəklər. Mal-dövlət camaatın
arasında böyük məqama sahib olacaq, adamlar sərvətə pərəstiş edəcəklər.
Din dünyaya satılacaq. O zaman imanlı adamların qəlbi ətrafda gördükləri
və dəyişdirə bilmədikləri çoxlu mənfi hallarla suvarılacaq; sanki duz
suda həll olur».
Salman heyrətlə soruşdu: «Ey Allahın elçisi! Doğrudanmı belə bir zaman
gələcək?». Peyğəmbər buyurdu: «Bəli. Ixtiyarında olduğum Allaha and
olsun ki, ey Salman, o zaman hakimiyyət zalım hökmdarların əlinə
keçəcək. O zalım hökmdarların vəzirləri fasiq (günahkar), alimləri
zülmkar, inanılmış adamları isə xain olacaq. O zaman pis iş (münkər)
yaxşı əməl (məruf) kimi, yaxşı əməl də pis iş kimi təqdim olunacaq. Xain
insan əmin (əmanətdar) kimi tanıtdırılacaq, əmanətdar kimi tanına adam
isə xəyanət edəcək. Yalançının sözünü təsdiq edəcək, doğruculun sözünü
danacaqlar. Qadınlar hakimiyyətə çatacaq, qızlar məsləhətçi olacaq,
uşaqlar minbərlərə qalxacaqlar. Yalan – zirəklik kimi, zəkat – itki
kimi, beytül-malı yemək isə qənimət kimi sayılacaq. Adam öz ata-anasına
zülm verəcək, amma dostuna yaxşılıq edəcək. O zaman səmada quyruqlu
ulduz (komet) görünəcək».
Salman yenə heyrətlə soruşdu: «Ey Allahın elçisi! Doğrudanmı elə bir
zaman gəlib-çatacaq?». Peyğəmbər cavab verdi: «Bəli, ey Salman!
İxtiyarında olduğum Allaha and olsun ki, o zaman qadın ticarətdə öz
ərinə şərik olacaq. Yağış öz mövsümündə yox, yayın istisində yağacaq.
Mülayim xasiyyətli insanlar dəyişib qəzəbli olacaqlar, kasıblar təhqir
ediləcəklər. Bazarlar bir-birinə yaxın yerləşəcək. Bazar əhlindən
birisi: «Mən hələ heç nə satmamışam», o birisi: «Mən hələ qazanc
götürməmişəm» sözünü elə şəkildə deyəcək ki, sanki Allahı söyür. Camaata
elə adamlar hakim olacaq ki, kim ağzını açsa, öldürüləcək. Əksinə,
sussa, düşmənləri onun hər bir şeyini halal bilib mənimsəyəcəklər.
Hakimlər camaatın beytül-malı ilə öz kisələrini dolduracaq, insanların
namusuna təcavüz edəcək, qanını tökəcək, ürəyinə qorxu və dəhşət
salacaqlar. Həmin gün möminləri qorxu, dəhşət, şübhə və vahimə içində
görərsən.
O zaman şərqdən və qərbdən bəzi şeylər (adət-ənənələr və ya qanunlar)
gətirib Islam ümməti üzərində hakim edərlər. Vay olsun şərqdən və
qərbdən gələnlərin zülmü altında qalan ümmətimin zəif kimsələrinin
halına! Vay olsun Allahın əzabına tuş gələcək həmin şərq və qərbdən
gələnlərə! Onlar nə kiçiyə rəhm edər, nə böyüyə ehtiram göstərər, nə də
günahkarı bağışlayarlar. Danışıqları söyüş və nalayiq sözlərdən ibarət
olar. Bədənləri insan bədəni olar, ürəkləri isə şeytan ürəyi!».
Salman dəhşət içində ah çəkdi: «Ey Allahın Rəsulu! Doğrudanmı elə bir
vaxt gələcək?». Peyğəmbər cavab verdi: «Bəli, ey Salman! İxtiyarında
olduğum Allaha and içirəm ki, kişilər kişilərlə, qadınlar da qadınlarla
kifayətlənər (yəni cinsi pozğunluq baş alıb-gedər). Ata öz qızının
qeyrətini çəkdiyi kimi, oğlunun da qeyrətini çəkər. Kişilər qadınlara
oxşayarlar, qadınlar da kişilərə. Qadınlar miniklərə minərlər… O zaman
məscidlər kilsə və yəhudi məbədi kimi qızılla bəzədilər. Quranlara
bəzək-düzək vurular. Dükanların binası uca, cərgəsi uzun olar. Amma
orada işləyənlərin ürəyi bir-birinə düşmən olar və hər kəsin dili öz
xeyrinə danışar. Ümmətimin kişiləri və oğlanları özlərinə qızıldan zinət
vurarlar, ipək paltar geyinərlər. Hətta pələng dərisi alqı-satqı
vasitəsinə çevrilər».
Salman yenə təəccüblə xəbər aldı: «Ey Allahın Rəsulu! Bütün bunlar
olacaqmı?». Peyğəmbər buyurdu: «Bəli, ey Salman! İxtiyarında olduğum
Allaha and olsun ki, o dövrdə sələm hər yeri bürüyüb açıq-aşkar bir işə
çevrilər. Alış-verişlər qeybətlə, rüşvətlə həyata keçirilər. Din əskik,
dünya yüksək tutular. Talaqların sayı artar, heç bir ədalətli cəza icra
edilməz. Əlbəttə ki, bundan Allaha ziyan gəlməz. Oxuyub-çalan kənizlər
(yəni muzdla camaatı əyləndirən qadınlar) meydana çıxarlar. Ümmətimin ən
pisləri hakimiyyətə çatarlar.
Ümmətimin varlıları məhz gəzinti və əyləncə məqsədi ilə, ortabab təbəqə
ticarət üçün, kasıblar isə özünü göstərmək və riya niyyəti ilə həccə
gedərlər. Bir dəstə yaranar ki, onlar Quranı Allahdan başqa bir məqsəd
naminə öyrənər, onu müsiqi kimi oxuyarlar. Başqa bir dəstə peyda olar
ki, onlar da Islam fiqhini Allahdan başqa bir məqsəd üçün öyrədərlər. O
zaman zinazadələr çoxalar, Quran nəğmə kimi oxunar, camaat dünya qazancı
üstündə bir-birinin qol-qabırğasını sındırar. Bütün qadağanlar aradan
götürülər, camaat bilərəkdən və qəsdən günaha bulaşar, pislər yaxşıları
özünə tabe edər. Yalan açıq-aşkar və maneəsiz danışılar, azğınlıqlar
aşkara çıxar, kasıblar öz kasıblıqlarını gizlətməzlər. Camaat geyimə
görə bir-birinin qarşısında fəxr edər… Yaxşı işlərə çağırıb pis işlərdən
çəkindirməyi isə bəyənməzlər. Imanlı adam ümmətin ən alçaq və mənfur
üzvünə çevrilər. Quran oxuyanlarla ibadət əhli bir-birini danlayarlar.
Bu adamlar mələklər aləmində murdar sayılarlar. Varlının kasıblamaqdan
savayı qorxusu olmaz. Dilənçi bu cümədən gələn cüməyə kimi bir həftə
dilənsə də, ona bir şey verən olmaz… O zaman camaat çox yaşamaz.
Qəfildən yer nərə çəkər (yəni yerin təkindən dəhşətli səs eşidilər). Hər
qövm (millət) elə bilər ki, yerin səsi onların məkanından gəlir. Onlar
Allahın istədiyi vaxta kimi qalıb, sonra dağılıb-gedərlər (məhv
olarlar). Daha sonra yer öz təkindəkiləri, yəni qızılla gümüşü çölə
tökər. Amma daha qızılla gümüşün heç kimə faydası olmaz».
Mənbə: Əllamə Məclisi. Biharül-ənvar, VI, 306-309.