Sual:
Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün
əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna
baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc
tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o
sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona
mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə
sədəqə verə bilərəmmi?
Cavab:
Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam
orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir.
Allah təalə buyurur: 'Oruc tutmağa taqəti olmayanlar isə (hər günün
əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər....'
(əl-Bəqərə: 184). Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin
təfsirində deyir: 'Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda
nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı
yedizdirməlidirlər' (Buxari rəvayət etmişdir). Ona görə də anan hər
günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən
1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı
yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu
əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!