Quranın azəricə tərcüməsi - Ta ha surəsi (1)

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 015
Səs ver:
(səs: 0)
"Ta ha" surəsi, 135 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Ta. Ha.

2. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.

3. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.

4. O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur.

5. Mərhəmətli Allah Ərşə ucaldı.

6. Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.

7. Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir.

8. Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!

9. Musanın əhvalatı sənə gəlib çatdımı?

10. O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!"

11. Oda yaxınlaşdıqda bir səda gəldi: "Ey Musa!

12. Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

13. Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!

14. Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

15. Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.

16. Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!

17. Sağ əlindəki nədir, ey Musa?"

18. Musa dedi: "Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır".

19. Allah buyurdu: "At onu yerə, ey Musa!"

20. Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.

21. Allah buyurdu: "Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.

22. Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.

23. Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.

24. Fironun yanına get! Çünki o, həddini aşmışdır".

25. Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət!

26. İşimi yüngülləşdir!

27. Dilimdəki düyünü aç ki,

28. sözümü anlasınlar!

29. Mənə öz ailəmdən bir köməkçi ver –

30. Qardaşım Harunu!

31. Onun sayəsində mənim gücümü artır!

Quranın azəricə tərcüməsi - Ta ha surəsi (1)

32. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

33. Sənə çoxlu təriflər deyək

34. və Səni çox zikr edək.

35. Şübhəsiz ki, Sən bizi görürsən!"

36. Allah buyurdu: "Dilədiyin sənə verildi, ey Musa!

37. Sənə bir dəfə də mərhəmət göstərmişdik.

38. O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik:

39. "Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün". Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım.

40. O zaman bacın gedib camaata deyirdi: "Sizə onun qayğısına qalacaq birisini göstərimmi?" Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!

41. Mən səni Özümə peyğəmbər seçdim!

42. Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

43. Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.

44. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!"

45. Onlar dedilər: "Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq".

46. Allah buyurdu: "Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!

47. Onun yanına gedib deyin: "Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!

48. Bizə vəhy olundu ki, əzab haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!"

49. Firon dedi: "Rəbbiniz kimdir, ey Musa?"

50. Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!"

51. Firon dedi: "Bəs əvvəlki nəsillərin halı necə olacaq?"

52. Musa dedi: "Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!"

53. O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.

54. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır.

55. Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.

56. Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi.

57. Firon dedi: "Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa?

58. Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir yerdə olsun".

59. Musa dedi: "Görüş vaxtınız bayram günü, camaatın bir yerə toplaşacağı səhər vaxtıdır!"

60. Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.

61. Musa onlara dedi: "Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.

62. Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər.

63. Onlar dedilər: "Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.

64. Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır".
Quranın azəricə tərcüməsi - Ta ha surəsi (1)

P.S Ardi var
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri