Mələkləri necə tanıyaq?

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 472
Səs ver:
(səs: 0)
Mələk Allahın yaratdığı şüurlu varlıq növlərindən birinin adıdır. Ərəb dilində “xəbər aparan” feilindən qaynaqlandığı bildirilir.
Allah-təala yaratdığı canlıların üç növünə şüur vermişdir: mələk, insan və cin. Bu üç canlı növü bir-birindən xəbərsiz halda və bir-birinə maneə törətmədən yaşayır. Allah-təala onların hər biri üçün fərqli bədən quruluşu, həyat şəraiti müəyyən etmişdir. Allah mələkləri nurdan, cinləri alovdan, insanları isə torpaqdan yaradıb. Bəzən onların biri digərinin gözünə görünür. Məsələn, insan bəzi istisna hallarda cini görə bilər. Həmçinin, insanlar içindən Allahın seçdiyi bəzi şəxslər – peyğəmbərlər mələyi görürlər. Amma belə hallar azlıq təşkil edir.
Həm mələklər, həm insanlar, həm də cinlər düşünə bilirlər. Amma mələklər insanlardan və cinlərdən fərqli olaraq, iradə azadlığına və seçki ixtiyarına malik deyillər. Onlar nurdan yarandıqları üçün, bütün fikirləri və əməlləri də xeyirdən ibarətdir. Mələklərin hamısı məsumdur. Mələklər günah işlədə bilməzlər. Çünki onlarda şəhvət, tamah, yalançılıq kimi pis duyğular yoxdur. Mələkləri yalnız ağıl və iman hissi idarə edir. Imam Əli ibn Əbu Talib (ə) mələkləri belə təsvir etmişdir: “Onlar imanın əsiridirlər (yəni yalnız iman əsasında hərəkət edirlər), heç nə onları imandan döndərib başqa yola apara bilməz”.
Həzrət Əlidən (ə) soruşdular ki, insan üstündür, yoxsa mələk? Imam buyurdu: “Allah mələklərə yalnız ağıl verib, şəhvət hissi verməyib. Heyvanlarda isə şəhvət var, ağıl yoxdur. Amma insana həm ağıl, həm də şəhvət verilib. Insan öz şəhvətini ağlına tabe etsə, mələklərdən yüksəyə qalxar. Yox, əgər ağlını şəhvani istəklərə tabe etsə, heyvanlardan da alçaq səviyyəyə enər”.
Mələkdə cismani ehtiyaclar olmadığı üçün o, günah etmir. Onun daxilində xeyir-şər mübarizəsi getmir. Lakin insan hər an nəfsani istəklərin çağırışı ilə qarşılaşır, yaxşı yoxsa pis yolu seçmək sualı qarşısında durur. Onun məsuliyyəti mələyə nisbətən daha ağır, imtahanı daha çətindir.
Quranda mələklərə iman bəsləmək müsəlmanlara ciddi sürətdə tapşırılır: “Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır” (Nisa, 136). Mələklərin varlığını, əsas sifətlərini inkar etmək, onların barəsində təhqirli sözlər söyləmək böyük günahdır. Mələklərin adını deyəndən sonra onlara salam göndərmək (yəni “əleyhissalam” demək) savabdır.
Quran ayələrindən məlum olur ki, Allah-təala mələkləri insandan əvvəl yaratmışdır. Çünki Allah Həzrət Adəmi (ə) yaratmazdan qabaq bu barədə mələklərə məlumat vermişdi (Bəqərə, 30).
Mələklərin hər biri Allahın müəyyən bir əmrini yerinə yetirmək vəzifəsini daşıyır. Onlar bu vəzifələrdən boyun qaçıra bilməzlər; çünki onlarda asilik və küfr hissi yoxdur. Mələklərin bir hissəsi səmada baş verən hadisələri nizamlamağa, bir hissəsi çətinliyə düşmüş insanlara kömək etməyə, bir hissəsi azğınları cəzalandırmağa və sairə işlərə vəzifəlidirlər. Bir qrup mələklər isə yalnız Allah-təalaya həmd və şükr etmək üçün yaradılmışlar və bu işi icra edirlər.
Mələklər nurdan yarandıqları üçün bədənləri zərifdir və bir formadan başqa formaya düşə bilirlər. Onlar Allahın izni ilə müxtəlif əşyaların, hətta insanın cildinə girə bilərlər. Amma it və donuz kimi murdar heyvanların şəklinə düşmək onlara qadağandır.
Mələklərin sayını yalnız Allah bilir. Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, mələklərin sayı çoxdur, yoxsa insanların? Imam belə cavab verdi: “Vallah, səmadakı mələklərin sayı yerdəki qum dənələrinin sayından daha çoxdur. Səmada elə bir yer yoxdur ki, orada mələk olmasın və Allaha dua etməsin. Yerdə də elə bir quru yer və su yoxdur ki, oranı idarə etmək bir mələyə tapşırılmasın. Allah hər gün bütün mələklərin işini yoxlayır və onların nə etdiklərini bilir”.
Əlbəttə, mələklərin müəyyən işlərdə Allaha kömək etmələrini onların Allaha şərikliyi kimi qəbul etməməliyik. Allah-təala mütləq hakimdir, amma bəzi hadisələrin həyata keçməsini öz yaratdıqlarının öhdəsinə buraxır. Məsələn, Allah ruzi verəndir. Amma bəzən bir adamın ruzisi başqa bir adamın əli ilə verilir. Bu proseslərin hamısı Allahın icazəsi ilə və Onun nəzarəti altında baş verir. Mələklər də bu mənada yalnız Allahın əmrlərini Allahın verdiyi qüdrət sayəsində Allahın izni ilə yerinə yetirən vasitələrdir.
Imam Sadiqdən (ə) soruşdular ki, mələklər yeyib-içir və evlənirlərmi? Imam cavab verdi: “Xeyr, onların qidası ərşin (səmanın) küləkləridir”. Soruşdular: “Bəs, mələklərin yatmasının səbəbi nədir?”. Imam buyurdu: “Yatmamaq yalnız Allaha xas olan sifətdir. Quranda deyilir ki, Allah nə mürgüləyər, nə də yatar (Bəqərə, 256). Yatmaq xüsusiyyəti Allahla mələklər arasındakı fərqlərdən biridir”.
Mələklər də öz üstünlük dərəcələrinə və yerinə yetirdikləri vəzifələrin əhəmiyyətinə görə növlərə bölünürlər. Quranda mələklərin bir qrupu “müqərrəbun” (yəni Allaha yaxın olanlar) adlandırılır (Nisa, 172; Mütəffifin surəsinin 21-ci ayəsindəki “müqərrəbun” sözünü də mələklərə aid edirlər). Müqərrəbun mələklərin hansılar olduğu Quranda konkret göstərilmir. Imam Fəxr Razi Nisa surəsinin 172-ci ayəsinin təfsirində müqərrəbun təbəqəsinin dörd böyük mələkdən – Cəbrail, Mikail, Israfil və Əzraildən (ə), həmçinin, ərşi daşıyan mələklərdən ibarət olduğunu bildirir. Dörd mələyin hər birinin özünəməxsus vəzifəsi vardır. Məsələn, Cəbrail peyğəmbərlərə Allahın vəhyini çatdırır (Həzrət Mühəmməd Peyğəmbərə (s) də Quran ayələrini o gətirirdi). Mikail Allahın əmri ilə kainatda baş verən bəzi prosesləri həyata keçirir. Məsələn, bəzi insanların ruzisini çatdırır, möminlərə döyüşdə kömək edir, təbiət hadisələrini (yağış, zəlzələ və s.) həyata keçirir. Israfilin vəzifəsi dünyanın sonunda Allahın əmri ilə əlindəki sura (şeypura) üfürüb, qiyamətin başlandığını xəbər verməkdir. Əzrail isə Allahın təyin etdiyi vaxt əcəli çatmış insanların canını almaq vəzifəsini daşıyır.
Mələklərin katib (yazan) mələklər, qəbrdə insanların əqidəsini araşdıran sorğu mələkləri (Münkər və Nəkir) kimi dərəcələri də vardır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri