Söz yarası

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 2 536
Səs ver:
(səs: 0)
Atalar sözüdür: "Qılınc yarası sağalar, amma dil yarası sağalmaz". Həm İslam Peyğəmbərindən (s), həm də Həzrət Əlidən (ə) rəvayət edilən hədisdə buyurulur: "Dil yarası qılınc yarasından daha ağırdır".
Həqiqətən, dil insanı həm ən şərəfli hünərlərə aparmağa, həm də ən alçaq cinayətlərə sürükləməyə qadirdir. Düz deyiblər ki, "söz var dağa qaldırar, söz də var dağdan endirər". Dillə Quran oxunar, xeyir-dua edilər, zikr deyilər, elm öyrədilər. Bunun sayəsində könüllər nurlanar, evlər abad olar, savab qazanılar. Amma eyni zamanda dillə qeybət edilər, söyüş söyülər, yalan danışılar, iftira atılar. Bununla qəlblər qırılar, evlər dağılar, qanlar tökülər, insanlar cəhənnəm alovuna yem olar. İmam Əli (ə) dilin bu kimi fəsadlarını nəzərdə tutaraq, müsəlmanlara nəsihət verirdi: "Nə çoxdur elə kəlmələr ki, nemətin qarşısını kəsib. Pulunuzu kisənin içində saxladığınız kimi, dilinizi də ağzınızın içində kilidləyin".

Bəzən Şeytanın əlində dilimizin zəhərli ilana döndüyünün fərqinə varmırıq, "bir sözlə nə olacaq ki" düşüncəsi ilə ətrafımızdakı adamları incidirik. Dərk etmirik ki, ehtiyatsız bir sözlə, yanlış bir ifadə ilə həm Kəbəni dağıtmaq qədər böyük günah edib qəlb sındırır, həm insanların gözündə damla-damla qazandığımız etibarı itirir, həm də ətrafımızdakı məsum mələkləri utandırıb özümüzdən qovuruq. Sındırdığımız qəlbi yenidən ələ almaq çətin olsa da, mümkündür. Amma o qəlbdə açdığımız yaranı tam sağaltmaq baş tutası iş deyil. İnsan zalım və cahil məxluqdur, yaxşını tez unudur, pisi yaddaşından silmir. Bir dəfə qırdığımız qəlb aynası xırda bir titrəyişlə yenidən çilik-çilik ola bilər, çünki onun üzərindəki çatları tam yamamaq olmur.

Deyirlər ki, bir cavan oğlan ətrafdakılarla kobud davranır, tez-tez söyüş söyürdü. Atası oğlunun bu xasiyyətini tərgizdirmək üçün onu yanına çağırır. Oğluna iri bir lövhə və bir qutu mismar verib deyir: "Oğlum, nə zaman dilindən günah çıxdısa, bu lövhəyə bir mismar vur. Hər günün sonunda mismarları say. Çalış ki, hər gün dünənkinə nisbətən daha az mismar vurasan".

Oğlan bu tapşırığa əməl edir. Birinci gün o qədər söyüş, yalan, iftira, qeybət danışır ki, axşam lövhədə 40-a yaxın mismar olduğunu sayır. Ertəsi gün dilinə qarşı bir qədər diqqətli olur. Axşam sayanda lövhəyə xeyli az mismar vurduğunu görür. Gün-gündən dediyi sözlərin üzərində nəzarəti gücləndirir. Gündə vurduğu mismarların sayı da get-gedə azalır. Nəhayət, elə bir gün gəlir ki, lövhəyə bircə dənə də olsa təzə mismar vurmur. Sevinə-sevinə atasının yanına gəlib vəziyyəti ona danışır.

Atası bu dəfə ona bir kəlbətin verib deyir: "Tapşırığın birinci hissəsini bitirdin, amma yeni mərhələyə keçməlisən. Gördüyün kimi, lövhənin üzərində yüzlərlə mismar var. Bu gündən qəzəbini boğmağa çalış. Nə zaman dilinlə günah etmək istəsən, iradənin gücü ilə bunun qarşısını al. Bu zaman mismarlardan birini qopar. Nə zaman lövhədə mismar qalmasa, mənə xəbər ver".

Oğlan o gündən öz nəfsi üzərində daha ciddi işləməyə başlayır. Dilinə yalan, ağzına söyüş gəldiyi an bu haldan xilas olmağa çalışır. Hər dəfə nəfsinə qalib gələndə kəlbətinlə lövhədən bir mismar qoparır. Günlər ötür. Nəhayət, oğlan lövhədəki son mismarı çıxarıb atasının yanına gəlir. Boş lövhəni göstərib, tapşırığı uğurla yerini yetirdiyini fəxrlə söyləyir.

Ata isə lövhənin üzərindəki mismar dəliklərini oğluna göstərib deyir: "Oğlum, bu dəliklərə diqqətlə bax. Sən mismarları çıxardın, amma onların izini yox edə bilmədin. Mismarların izi lövhənin köksündə əbədi qalacaq. Yaman söz də belədir. Kiminsə ürəyini qırıb təhqir edəndən sonra üzr istəyib barışa bilərsən. Amma acı sözün izini və xatirəsini həmişəlik silə bilməzsən. Ona görə də qəlb sındırıb, sonra üzr istəməkdənsə, hər sözü deməzdən və hər işi görməzdən əvvəl düşünüb-daşınmağın daha yaxşı olar".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri