ZİNA - kişi ilə qadının şəri nikah olmadan bir-biri ilə cinsi əlaqəyə girməsi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 661
Səs ver:
(səs: 1)

 

 ZİNA (kişi ilə qadının şəri nikah olmadan bir-biri ilə cinsi əlaqəyə girməsi)

 

"Onlar (Rəhmanın (əsl) bəndələri) Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər.. 

 

 Müqəddəs İslam şəriətində kişi ilə qadının şəhvani və cinsi münasibəti yalnız üç yolla icazəli hesab olunur:
1. Daimi kəbin.
2. Müvəqqəti nikah ki, buna siğə də deyilir.
3. Kəniz sahibi olmaq. 
 Bu üç yoldan qeyrisi ilə şəhvani və cinsi münasibət qurmaq haramdır. Kişi ilə qadının şəri nikah olmadan bir-biri ilə cinsi əlaqəyə girməsinə zina deyilir.
Zina böyük günahdır. Quran ayələri, Peyğəmbər və onun Əhli-Beytindən nəql olunan hədislər zinanın böyük günah olduğunu birdaha isbat edir. Quranın "İsra" surəsinin 32-ci ayəsində buyurulur: "Zinaya yaxın düşməyin. Həqiqətən, o, çirkin bir əməl və pis bir yoldur" .
Böyük müfəssir Molla Mühəmmədhüseyn Təbatəbai "əl-Mizan fi Təfsiril-Quran" adlı kitabında bu ayəni belə təfsir edir: "Bu ayə insanı zinadan çəkindirmiş və onun haram olmasını mübaliğəli şəkildə ifadə etmişdir, çünki "Zina etməyin", – deməmişdir, bəlkə, "Zinaya yaxın düşməyin", – deyə buyruq vermişdir. Ayə zinanın yasaq edilməsinin səbəbini bu işin çirkin olmasında görmüşdür. Zinanın çirkinliyi və iyrəncliyi ondan ayrılması mümkün olmayan bir xüsusiyyətdir. Belə ki çirkinlik və iyrəncliyi ondan ayrı təsəvvür etmək mümkün deyildir. Ayə zinanın yasaq edilməsinin digər səbəbini bu işin pis bir yol olmasında görmüşdür. "Həqiqətən, o, pis bir yoldur!" – cümləsi ilə anlatmaq istəmişdir ki, bu yol cəmiyyətin, həmçinin bütün ictimai işlərin fəsada düşməsilə nəticələnən pis bir yoldur. Bu, ictimai nizamı pozan və insaniyyəti yoxluqla təhdid edən bir yoldur".
"Furqan" surəsinin 68-ci və 69-cu ayələrində buyurulur: "Onlar (Rəhmanın (əsl) bəndələri) Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, əzabını çəkər. Qiyamət günü onun əzabı qat-qat çox olar və o, əzab içində zəlil olub daim qalar" .
Quran insanı zinadan çəkindirdiyi kimi, "Zinaya yaxın düşməyin!" – cümləsilə insanı zinaya apara biləcək bütün səbəblərdən də çəkindirmiş və zinanın müqəddiməsini də haram etmişdir, çünki zina nəslin kəsilməsi, fitnə-fəsadın yaranması, qohumluq əlaqələrinin qırılması və valideynlə övlad arasında olan münasibətin pozulması kimi fərdi, ailəni, cəmiyyəti və dövləti məhvə doğru aparan təhlükələr meydana gətirir. İlk anda cazibədar görünən zina fərdi və ictimai həyatımızda bir çox mənəvi və maddi fəlakətlərə yol açır. Mövzunun aydınlaşması üçün zinanın fərd və cəmiyyət üzərindəki mənəvi və maddi təxribatını zikr etmək yerinə düşərdi.

 

 


 ZİNANIN YOL AÇDIĞI MƏNƏVİ TƏXRİBATLAR

 

 


 Zina fərdlərdə mənəvi təxribata səbəb olur. İnsanın əxlaqı və psixologiyasında meydana gətirdiyi çöküntü və dağıntı, onu adətən insanlıqdan uzaqlaşdırır, çünki zinanın nəticəsində insanın mənən süqutu, həyasızlıq, fırıldaqçılıq, yalançılıq, riyakarlıq, çirkin niyyət, istəklərə köləlik və b. çirkin davranışlar ortaya çıxır.
 Zina insandakı qohumluq, qardaşlıq, gözəl niyyət, doğruluq, başqalarının haqqına sayğılı olmaq kimi bir çox ülvi, insani və vicdani duyğuları da məhv edir.
İmam Rza (ə)-ın Mühəmməd ibn Sinanın verdiyi suallara cavab olaraq yazdığı məktubunda belə yazılmışdır: "Allah zinanı haram buyurmuşdur, çünki zina insan qətli, nəslin kəsilməsi, uşaqların tərbiyəsinin aradan getməsi və mirasların pozulması kimi fəsad işlərə səbəb olur"[1] .
Nəzərdən qaçırmamalıyıq ki, zina etdiyimiz şəxs başqa bir cəmiyyətin yox, öz cəmiyyətimizin bir üzvüdür. Bu da bir başqasının anası, yaxud bacısı, yaxud qızı, yaxud xalası, yaxud da bibisi olacaqdır. Belə yaxın qohumluğu olan biri ilə zina edilməsindən kərahət hissi duyan insanın içində yaşadığı cəmiyyətdə bir başqasının eyni şəkildə yaxını olan biri ilə zina etməkdən kərahət hissi duyub çəkinməməsi, onda hər cür insani duyğunun yox olduğunu göstərir. Müəlla ibn Xuneysin İmam Sadiqdən nəql etdiyi hədisdə bu ölçü öz əksini tapmışdır. Müsəlmanın müsəlman boynunda olan hüququnun yeddi olduğunu qeyd edən İmam öz buyruğunda bu hüquqlara riayət etməyən şəxsin Allahın vilayətindən (hakimiyyətindən) xaric olub əməllərinin ilahi hüzurda qəbul olunmayacağına işarə etmişdir. "Özün üçün sevdiyin hər bir şeyi onun üçün də sevməli və özün üçün bəyənmədiyin bir şeyi onun üçün də bəyənməməlisən", – deyə buyruq verən İmam bütün müsəlmanlara iki müsəlman arasında olan münasibətin ölçü və keyfiyyətini öyrətmiş və bizi bütün dinlərin qəbul etdiyi "Özün üçün rəva bildiyin hər bir şeyi başqasına da rəva bil və özün üçün rəva bilmədiyin bir şeyi başqasına da rəva bilmə!" – qanununa əməl etməyə çağırmışdır. Şübhəsiz ki, heç bir şəxs başqasının onun anası, yaxud bacısı, yaxud xalası və yaxud da bibisi ilə zina etməsini qəbul etməz. Əgər belədirsə, o da başqasının yaxınları ilə zina etməməlidir. Əgər bəşərin fitrətində olan bu qanuna tabe olmayıb, başqalarının yaxınları ilə şəhvani və cinsi münasibətlərə girərsə, bu surətdə ilahi ədalətin tələbinə görə başqaları da onunla eyni münasibəti quracaqlar. Bu həqiqət Allah Rəsulundan nəql olunan bir hədisdə belə ifadə olunmuşdur: "Kim zina edərsə, onun yaxınları ilə də zina edərlər"[2] .
İnsanların bizimlə olan rəftarının və münasibətinin təməlində bizim onlarla olan münasibətimiz və rəftarımız dayanır. İlahi ədalətin təcəllisi olan bu həqiqət dəyişdirilməsi mümkün olmayan bir qanundur. Başqasının yaxınları ilə zina edən bir şəxs, həqiqətdə başqalarının onun yaxınları ilə zina etməsinə razılıq verən bir namussuzdur.
Allah Rəsulu da bir əshabəni ilk baxışda cazibədar görünən zinadan çəkindirmək üçün bu həqiqətə işarə etmişdir. Bir gün Allah Rəsulunun yanına Culəybib adında bir gənc gələrək: "Zina etmək üçün mənə izin ver, çünki təhəmmül etməyim mümkün olmayacaq", – dedi. Onun bu sözünə orada olanların reaksiyası müxtəlif və fərqli oldu. Şəfqət və mərhəmət abidəsi olan əziz Peyğəmbərimiz susdu və bu gənci dinlədi. Onu yanına çağırdı. Diz-dizə yanında oturtdu. Cənnət iyi verən nəfəsilə o gəncdən soruşdu:
– Belə bir şeyin sənin anana qarşı edilməsini istərdinmi?
– Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu, istəməzdim.
– Heç bir insan da anasına qarşı belə bir işin icra edilməsini istəməz.
– Sənin bir qızın olsaydı, ona qarşı belə bir işin icra edilməsini istərdinmi?
– Canım sənə fəda olsun, ey Allahın Rəsulu, istəməzdim.
– Heç bir insan da qızı üçün belə bir şey istəməz.
– Bibinlə və ya xalanla zina edilməsini istərdinmi?
– Xeyr, istəməzdim.
– Bacınla bir başqasının zina etməsini istərdinmi?
– Xeyr, xeyr, istəməzdim. Və son söz.
– Heç kimsə də anası, qızı, bacısı, bibi və xalası ilə zina edilməsini istəməz. ..."
Bəli, bu danışıqla Allah Rəsulu ağıl və məntiqlə bu gəncin ağlına və qəlbinə xitab edib onu qəflət yuxusundan oyatmışdır. Əlini həmin gəncin köksünə qoyaraq belə dua etmişdir: "Allahım, bunun qəlbini təmizlə, günahlarını bağışla, namusunu mühafizə et"[3]. Culəybib bu duadan sonra iffət abidəsi halına gəlir. Daha öncə ona qız verilməməsinə baxmayaraq, Allah Rəsulunun vasitəçiliyi ilə evlənir[4] və ilk müharibədə şəhid olur. Allah Rəsulu ətrafındakılardan: "Əksiyiniz vardırmı?" – deyə soruşur. "Xeyr" cavabını verirlər. Peyğəmbər "Lakin mənim var", – deyə buyurur. Sonra Culəybibin yanına gəlir və "Tam yeddi kişi öldürdü, sonra da onu öldürdülər", – buyuraraq onun haqqında: "Culəybib məndən, mən də Culəybibdənəm"[5] , – deyir.
Zinanın insan beyninə və zehninə mənfi təsir etdiyinə dair araşdırmalar da vardır. Bunlardan biri Diclə Universitetində çalışan Ömər Satıcının apardığı araşdırmadır. Bu araşdırmaya görə tələbələr üzərində aparılan bir müşahidə zamanı "qarşı cinslə münasibət" içində olan tələbələrin müvəffəqiyyət faizinin aşağı, münasibətdə olmayanların isə müvəffəqiyyətinin yüksək olduğu təsbit edilmişdir.
Zina insanın dünya həyatını məhv etdiyi kimi, bərzəx və axirət həyatını da məhv edib onun Cənnət kimi əbədi nemətə qovuşmasına mane olar. Əhli-Beyt imamlarından nəql olunan hədislərdə zinanın dünyəvi və uxrəvi (axirətə aid olan) zərərləri ətraflı bəyan olunmuşdur.
İmam Mühəmməd Baqir buyurmuşdur: "Zinanın zinakar insana qoyduğu təsir altıdır. Üçü bu dünyada, üçü isə axirətdədir. Dünyadakı təsirlərinə gəlincə üzün nurunu aparar, insanı yoxsullaşdırar, ölümü yaxınlaşdırar. Axirətdəki təsirlərinə gəlincə Allahın qəzəbinə düçar olar, sorğu-sual çətinləşər, əbədi olaraq Cəhənnəmdə yanar"[6] .
Zinakar insan bərzəx həyatında da böyük bir əzaba mübtəla olar. Hədisdə buyurulur: "Azad və ya kəniz olmasına baxmayaraq müsəlman, yaxud xristian, yaxud atəşpərəst və yaxud da yəhudi qadınla zina edən şəxs tövbə etməyib o günahı israr edən halda ölsə, Allah qəbrdə onun üzünə üç yüz qapı açar ki, həmin qapılardan odlu ilanlar, əqrəblər və əjdahalar xaric olar. O (yəni zinakar şəxs), qiyamət gününə qədər yanar. Qəbrdən qalxdığı vaxt onun pis iyi insanlara əziyyət verər və ona Cəhənnəm oduna daxil olma əmri verilənə qədər pis iyi və dünyadakı pis işilə tanınar. Oyan və agah ol! Həqiqətən, Allah haram işləri qadağan edib onlar üçün hədd müəyyənləşdirmişdir. Heç kim Allahdan qeyrətli ola bilməz. Allahın fahişəlik və pis işləri də qadağan etməsi buna dəlalət edir"[7] .
Həzrət Əli (ə) buyurmuşdur: "Qiyamət günü Allah hamını narahat edən pis iyli külək əsdirər. Onların nəfəs alması çətinləşdikdə bir şəxs nida edər:
– Bilirsinizmi bu pis iy nədir?
– Nə olduğunu bilmirik, lakin bizə çox əziyyət verir.
– Bu, dünyadan tövbə etməyib köçən zinakarların övrətlərindən gələn iydir. Allah onlara lənət oxuduğu üçün siz də onlara lənət oxuyun!"
Orada "Allah zinakarlara lənət etsin!" – deməyən bir şəxs də belə qalmaz"[8] .
Peyğəmbərimiz (s) buyurmuşdur: "Qiyamət günü zinakarlar üzləri atəşlə şölələndiyi halda gələcəklər"[9].
Başqa bir hədisində belə demişdir: "Həqiqətən, yeddi səma, yeddi yer və dağlar zinakar qocaya lənət edər və zinakarların övrətlərinin pis iyi Cəhənnəm əhlinə əziyyət verər"[10] .
Digər bir hədisində belə söyləmişdir: "Allahın zinakarlar üzərində olan qəzəbi daha şiddətlidir"[11] .
Peyğəmbər bir hədisində buyurmuşdur: "Əgər məndən sonra zina çoxalarsa, qəfil ölümlərin sayı da çoxalacaqdır"[12] .
Digər bir hədisində söyləmişdir: "Zina insanı yoxsullaşdırar və abadlıqları viran edər"[13 ].
Başqa bir hədisində belə demişdir: "Allah bir kəndin həlak olmasını istədikdə, zinanı onların arasında meydana çıxardar"[14] (Yəni bir kəndin sakinləri Allahın onlara verdiyi iradə ilə zina işini iradə edərlərsə, Allah onların həlak olmasını iradə edər. Allah Rəsulu bu sözü ilə zinanın məhvedici və həlakedici olduğuna işarə etmək istəmişdir).
Digər bir hədisində belə söyləmişdir: "Bir kənddə zina və riba (faiz ilə pul vermək) meydana çıxdıqda o kəndin camaatı Allahın əzabına layiq olar"[15] .
Başqa bir hədisində isə belə buyurmuşdur: "Fahişəlik (zina) zahir olduqda zəlzələ olar, hakimlər (hökumət işçiləri) zülm etdikdə yağış azalar (yəni quraqlıq olar) və zimmilərə (İslam hökumətinin himayəsində yaşayan kitab əhlinə) xəyanət edildikdə isə düşmən qalib olar"[16] .
Digər bir hədisində buyurmuşdur: "Dörd şey vardır ki, əgər onlardan hər biri bir evə daxil olsa, o ev xaraba qalar və bərəkət ilə abad olmaz; xəyanət, oğurluq, şərabxorluq və zina"[17] .
Başqa bir hədisində buyurmuşdur: "Dörd şəxs vardır ki, Allah onlarla düşməndir; çox-çox and içən satıcı, təkəbbürlü yoxsul, zinakar qoca, zülmkar rəhbər"[18] .
Ərli qadınla zina etməyin haramlığı və cəzası daha şiddətlidir. Zinanın cəzası 100 şallaq olduğu halda, zina edən ərli qadının cəzası isə qətl və daşqalaq olunmaqdır. İmam Sadiq buyurmuşdur: "Allah qiyamət günündə üç dəstə insanla danışmaz, onları günahlardan təmizləməz və onlar üçün şiddətli əzab vardır. O üç dəstədən biri də ərlərinin yatağında zina edən qadınlardır"[19] .
İmam Sadiq belə demişdir: "Allah qiyamət günündə üç dəstə ilə danışmaz, onları günahlardan təmizləməz və onlar üçün şiddətli əzab vardır; zinakar qoca, dəyyus (namussuz, arvadının onu aldatmasına və ona xəyanət etməsinə təhəmmül edən və dözən adam) və öz ərinin yatağında zina edən qadın"[20] .
Peyğəmbər buyurmuşdur: "Əgər bir şəxs ərli qadınla zina etsə, onların hər ikisinin övrətindən (cinsi orqanlarından) beş yüz illik yol məsafəsində çirk axar və Cəhənnəm əhli onların pis iyindən əziyyətə düşər. Onların əzabı hamıdan şiddətli olar"[21] .
Başqa bir hədisində buyurmuşdur: "Qiyamət günündə Allah öz qonşusunun arvadı ilə zina edən şəxsə rəhmət gözü ilə baxmaz və onu günahlardan təmizləməz. Və ona belə deyər: "Cəhənnəmə daxil olanlarla birlikdə sən də Cəhənnəmə gir!"[22]
Zina iman ruhunun insandan xaric olmasına səbəbiyyət verər. Peyğəmbərimiz buyurmuşdur: "Bəndə zina etdikdə iman ondan xaric olar və kölgə kimi onun başı üzərində dayanar. Bəndə zinadan əl götürdükdə iman ona doğru qayıdar"[23] .
Digər bir hədisində buyurmuşdur: "Kim zina edərsə, yaxud şərab içərsə, insan köynəyi başından çıxardığı kimi Allah imanı onun qəlbindən ayırar"[24] .
Başqa bir hədisində belə demişdir: "Zinakarlıqda israr edən şəxs bütpərəst kimidir"[25] .
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri