Allah taala buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı". Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: "Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır".
Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199)
Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır". Başqa rəvayətdə isə belə buyurulur: "Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır".
Allahın təsbit etdiyi qanunlar pozulduqda sakit durmamaq gözəl əxlaqdan irəli gəlmir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütlərlə dolu olan məqbərəni gördüyü zaman qəzəblənmiş, onların dağıdılmasını əmr etmişdi. Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar". Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: "Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir".