Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).
Hədislərdə
hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət
namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması
məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar
geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq
havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.
Həzrət
Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya
hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki
rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat
söyləsin. Bunun ardınca belə dua etsin (duanın tərcüməsi verilir):
«Allahdan başqa məbud yoxdur. O, helm və kərəm sahibidir. Uca ərşin
sahibi olan Allah bütün nöqsanlardan uzaqdır. Aləmlərin Rəbbi olan
Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin
vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan
məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu
bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu
yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına
uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən
mərhəmətlisi!» («Sünənüt-Tirmizi», «Vitr» babları, 479-cu hədis; «Sünənü
İbn Macə», «İqamətüs-sələvat» babları, 1384-cü hədis).
Aşağıda hacət namazının qılınma formalarından bəzilərini təqdim edirik:
İmam
Zeynülabidindən rəvayət edilən bir hədisdə hacət namazını 4 rükət (iki
dəfə iki rükət) şəklində qılmaq tövsiyə edilir. Birinci rükətdə «Fatihə»
və «Zilzal», ikinci rükətdə «Fatihə» və «Nəsr», üçüncü rükətdə «Fatihə»
və «Kafirun», dördüncü rükətdə isə «Fatihə» və «İxlas» surələri oxunur.
Axırda əlləri səmaya qaldırıb bu duanı oxumaq lazımdır (duanın
tərcüməsi verilir): «İlahi, səni and verirəm o adlarına ki, onları
çağırmaqla səmanın bağlı qapıları açılar. İlahi, səni and verirəm o
adlarına ki, onları çağırmaqla yerin darlıqları genişlənər. İlahi, səni
and verirəm o adlarına ki, onları çağırmaqla çətinlik qapıları asanlıqla
açılar. İlahi, səni and verirəm o adlarına ki, onları çağırmaqla
qəbirlər yarılar. Mühəmmədə və nəslinə Sənin salavatın olsun! İstəyimi
qəbul et!».
Başqa bir rəvayətə görə, ehtiyacı olan adamın gecəyarısı
(cümə gecəsi daha yaxşıdır) iki rükət namaz qılıb, sonra 70 dəfə bu
duanı oxuması məsləhətdir: «Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya
əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya
əhkəməl-hakimin». («Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey
hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən,
ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey
hökm edənlər içində ən adalətli hakim!»).
Bəzi rəvayətlərdə hacət
namazının birinci rükətində «Fatihə»dən sonra üç dəfə «ayətül-kürsi», o
biri rükətlərdə isə «Fatihə»dən sonra «İxlas», «Fələq» və «Nas» surələri
oxumaq məsləhət görülür. Namazdan sonra Allaha həmdü-səna etmək,
Peyğəmbərə və nəslinə salavat söyləmək, bundan sonra öz istəyini dilə
gətirmək tövsiyə edilir.