Oğlan evlənmək istədiyi qıza baxa bilərmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 535
Səs ver:
(səs: 1)
İslam dini bəzi məsələlərdə, xüsusilə cinslərarası münasibətlər və əxlaqi normalar barəsində ciddi və prinsipial mövqe nümayiş etdirir. 

Dinimiz nəinki naməhrəm şəxslər arasında əxlaqa zidd əməllərin baş verməsinə icazə vermir, hətta naməhrəmlərin bir-birinə ehtiras və şəhvətlə baxmasını belə, qadağan edir.

Müqəddəslərimiz naməhrəmə yönəlmiş şəhvətli baxışı İblisin oxu adlandırırdılar. Həqiqətən, bu cür baxış əksər hallarda daha ciddi fəsadlar üçün müqəddimə rolunu oynayır. Bir çox günahlar ilk baxışda ziyansız görünən baxışlardan, işarə və eyhamlardan başlanır.

Qadınlar.Biz İslam.az-a istinadən bildirir ki, bununla yanaşı, İslam dini insanın təbii bəşəri ehtiyaclarını nəzərə alaraq, müəyyən məsələlərdə güzəştlər də nəzərdə tutur. Dinimiz evlənən oğlanın öz gələcək həyat yoldaşı ilə şəxsən tanış olmasını qadağan etmir. Həzrət Mühəmməd Peyğəmbər (s) evlənməyə hazırlaşan səhabəsi Müğeyrə ibn Şöbəyə məsləhət görürdü ki, ailə qurmaq istədiyi qadını izdivacdan əvvəl görsün; çünki bu, tərəflər arasındakı münasibətlərin ilıqlaşmasına və ailənin davamlı olmasına yardım edər.

Hədislərdən məlum olur ki, oğlan "gözaltı” etdiyi qızın sifətinə və qədd-qamətinə baxa bilər. İmam Mühəmməd Baqirin (ə) səhabələrindən biri o həzrətdən kişinin evlənmək istədiyi qadına baxmasının caiz olub-olmadığını soruşanda o həzrət müsbət cavab vermiş və buyurmuşdu: "Bəli, çünki kişi onu (qadını) baha qiymətə alır”. Bu hədisdə kişinin qadını baha qiymətə alması barədə qeydi hərfi mənada qəbul etmək və mənfi mənaya yozmaq düzgün olmazdı. Bir çoxları bu hədisi oxuyanda düşünə bilər ki, İmam qadının əşya kimi satılıb-alınmasını nəzərdə tuturmuş. Əslində isə burada kişinin izdivac zamanı həm maddi, həm də mənəvi cəhətdən böyük qarşılıq verdiyi nəzərdə tutulur. Kişinin qadına mehriyyə (özü də qadının istədiyi məbləğdə) ödədiyini, onu gələcəkdə yemək, ev və normal həyat şəraiti ilə təmin etmək vəzifəsini öhdəyə aldığını da nəzərdən qaçırmamalıyıq. Amma bununla yanaşı, unutmayaq ki, kişi evlənməklə böyük bir mənəvi məsuliyyətin altına girmiş olur. Nəslin davamçısı olmaq, ata ocağının hərarətini təmin etmək birbaşa kişinin borcu sayılır. Üstəlik, kişi ailənin namusunu çəkməyə sorumludur; əgər özünə tərəf-müqabili seçərkən səhvə yol versə, bunun rüsvayçılığını daşımalı olacaq. Buna görə, İmam evlənən kişinin qadını baha qiymətə aldığını söyləyirdi.

Müqəddəslərimizin digər hədislərində kişinin evlənmək istədiyi qadına hansı şərtlər və məhdudiyyətlər daxilində baxa bildiyi izah edilir. Bu şərtlər barəsində mərhum Şeyx Hürr Amulinin "Vəsailüş-şiə” kitabının 14-cü cildində, Nikah kitabının 36-cı babında 13 hədis təqdim edilib. Həmin hədislərin birində oxuyuruq ki, İmam Cəfər Sadiq (ə) evlənmək istədiyin qadının sifətinə və biləklərinə baxmağı günah saymırdı. Başqa bir hədisdə isə o həzrət evlənmək istədiyin qadının qədd-qamətini və bədən quruluşunu görmək üçün arxadan ona baxmağı caiz bilir.

Amma baxmağa icazə verməzdən əvvəl yuxarıda xatırlatdığımız ifadəni bir daha diqqətə çatdırır: "Şəhvətlə baxmayın. Bu cür baxış İblisin oxlarından biridir”.

Daha bir hədisdə isə İmam Sadiq (ə) sanki bizim milli adət-ənənələrimizdən biri olan "gəlin-gördü” və ya "qız-bəyəndi” mərasimini təsvir edir. Bir nəfər o həzrətdən soruşdu ki, əgər kişi bir qadınla evlənmək fikrindədirsə, amma əvvəlcə onu görmək istəyirsə, buna icazə varmı? İmam buyurdu ki, bəli, qadın geyinsin (yəni yaraşıqlı, amma əxlaqa zidd olmayan paltarla özünü bəzəsin), sonra oturub gözləsin ki, kişi gəlib ona baxsın. Sual verən adam soruşur ki, qadının yalnız oturmasına icazə verilir, yoxsa ayaq üstə dura da bilər? (Yəni kişi qadının qədd-qamətini seyr edə bilərmi?). İmam buna da icazə verir. Sual verən soruşur ki, hətta qadın kişinin qabağında yeriyə də bilərmi? (Yəni kişi qadının yol-yeriş tərzini, hər hansı çatışmazlığın, şikəstliyin və sairənin olmamasını yoxlaya bilərmi?). İmam Sadiq (ə) bunun da icazəli olduğunu bildirir.

Sonda qeyd edirik ki, bu hədislərin hamısında vacib şərt kimi göstərilir: bütün bunlar yalnız ciddi şəkildə evlənmək niyyəti olan şəxslərə şamildir. İmamlardan bu barədə soruşanlar öz suallarında təkidlə bildirirdilər ki, müəyyən qadınla evlənmək istəyən kişi bunu və ya bunu edə bilərmi? İmam da öz cavabında mütləq qeyd edirdi ki, icazə yalnız evlənmək istəyən kişiyə aiddir. Yəni oğlan yalnız konkret olaraq evlənmək istədiyi, haqqında soraqlaşıb müsbət xəbərlər aldığı və evlənməyə layiq bildiyi qıza bu cür baxa bilər. Yoxsa hər gördüyü qadının sifətinə, bədən cizgilərinə baxmaq olmaz. Əks halda bu baxış icazə həddini aşaraq günah əmələ çevrilər.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri