Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur:
"Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: "Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!
Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”.
Rəbbiniz sizin qəlblərinizdəkini çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki, Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”. (İsra, 17/23-25)
"Biz insana ana-atasına qarşı yaxşılıq tövsiyə etdik. Anası onu güc-bəla ilə qarnında daşıyıb. Süddən kəsilməyi də 2 il çəkir. İnsana dedik: «Həm Mənə, həm də ata-anana şükr et! Unutma ki, axırda Mənə qayıdacaqsınız».
"Ey insan övladı! Anan və atan səni kor-koranə surətdə Mənə şərik qoşmağın üçün məcbur etsələr, onlara itaət etmə. Dünya işlərində onlarla yaxşı rəftar et. Mənə üz tutan kəsin yoluna tabe ol. Axırda Mənə dönəcəksiniz. O vaxt etdiklərinizi sizə bildirəcəyəm”. (Luqman, 31/14-15)
Bu ayələrdəki ehsan (yaxşı rəftar etmək) və kor-koranə itaət etməyi birbirinə qarışdırmaq olmaz. Ananızın sizi istəmədiyiniz bir şəxslə evləndirməyə ixtiyarı yoxdur. O bu məsələdə uzaqbaşı məsləhət verə bilər. Ailə quracağınız insanla siz ömür sürəcəksiniz. Ona görə də bu barədə siz qərara gəlməlisiniz. Bunu ananıza onun xətrinə dəymədən yaxşı-yaxşı izah etməlisiniz. Onun da razılığını alıb bu məsələni həll etməlisiniz.