Məhşər – hər kəsin hesab verəcəyi yer

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 856
Səs ver:
(səs: 5)
İslam inancına görə, qiyamət günündə bütün insanlar dirildikdən sonra dəstələr halında "məhşər” adlı geniş bir məkana gətiriləcəklər. Orada hər kəs növbə ilə mühakimə olunub ya mükafata, ya da cəzaya layiq görüləcək. Ərəb dilindən tərcüməsi toplantı yeri deməkdir.

Kafirlər qorxudan gözləri bərəlmiş və sifətləri qaralmış halda, ümidsizlik içində məhşərə sürüklənərlər. Onlar yenidən ölüb qəbirlərə qayıtmağı arulayarlar; amma bu istəkləri fayda verməz. Möminlər isə məhşərə daxil olarkən özlərini itirməz, əksinə sevinərlər, onların üzü gülər. Çünki onlar dünyada etdikləri yaxşı əməllərin mükafatını almağa tələsərlər.

Məhşər məhkəməsindən heç kim kənarda qalmayacaq. Həm möminlər, həm də kafirlər sorğu-sual qarşısında duracaqlar. Bu prosesin gedişi və nəticəsi hər insan üçün fərqli olacaq, lakin ümumilikdə heç kəs ədalət sorğu-sualından azad edilməyəcək. Qurani-kərimdə buyurulur: "Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik” (Əraf, 6).

Məhşərdə peyğəmbərlərin savabını Allah-təala özü hesablayacaq. Sonra Allah peyğəmbərlərə tapşıracaq ki, öz canişinlərinin və sadiq tərəfdarlarının əməlini yoxlayıb, savabını təyin etsinlər. Onlar da öz növbəsində, qalan insanları mühakimə edəcəklər. Əlbəttə,  bunların hamısı Allah-təalanın bilavasitə nəzarəti altında baş verəcək.

Məhşərdə insanın hər bir əməli nəzərə alınıb hesablanacaq. Heç bir pis, yaxud yaxşı əməl kənarda qalmayacaq: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcək (mükafatını alacaq). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcək (cəzasını çəkəcək)” (Zilzal, 7-8).

Qədim dünyanın ən hikmətli alimlərindən sayılan Loğmanın oğluna vəsiyyətində deyilirdi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər. Həqiqətən, Allah lütf sahibidir, (hər şeydən) xəbərdardır” (Loğman, 16).

Məhşərdə yalan danışmaq, bəhanə gətirmək, cəzadan qaçmaq mümkün olmayacaq. Çünki hamıdan elmli olan Allahı aldatmaq, hamıdan qüdrətli olan Allahın hökmündən qaçmaq olmaz: "Məhz o gün insan: «Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcək. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaq! O gün duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur” (Qiyamət, 10-12).

Məhşərdə hər şey göz qabağında olacaq. Hər kəsin günahları və savabları başqalarının gözü qabağında açıq-aşkar üzünə söylənəcək, müttəhimə müdafiə olunmaq və öz əməllərinin səbəbini izah etmək imkanı veriləcək. Məhşər məhkəməsində şahidlər kənardan gətirilməyəcək. İnsanın öz beyni – çəkdiyi planları, əli – etdiyi xəyanətləri, dili – danışdığı yalanları, gözü – görüb susduğu cinayətləri etiraf edəcək: "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcək” (Nur, 24).

İlahi məhkəmənin ədalət və düzgünlüyü aşağıdakı rəvayətdə aydın görünür: Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhradan keçərkən çox ağır yüklənmiş bir dəvə gördü. Dəvənin yükü elə ağır idi ki, güclə hərəkət edirdi. Peyğəmbər dəvəni səhabələrə göstərib buyurdu: "Bu heyvanın sahibi onu incitdiyinə görə məhşərdə cavab verməli olacaq”.

Qurani-kərimdə buyurulur ki, məhşərdə günahkar insan cəzadan can qurtarmaq naminə öz oğlunu, arvadını, qardaşını, qəbiləsini və hətta bütün bəşəriyyəti qurban verməyə razı olar (Məaric, 11-14). Lakin bu, mümkün deyil; çünki Allahın ədalət məhkəməsində heç kəs başqasının cəzasına görə cavab verməz və öz günahını da başqasının boynuna yıxa bilməz. Hər kəsin barəsində doğru-düzgün hökm çıxarılar. İslam Peyğəmbəri buyurub: "Qiyamət günü kafir şəxs Allahın hüzuruna gətirilərkən ondan soruşular: "Əgər indi bir dünya dolusu qızılın olsaydı, özünü xilas etmək üçün verərdinmi?” O, təsdiq edib: "Bəli, verərdim” – deyər. Bu zaman həmin kafir şəxsə belə deyilər: "Biz bundan da asan bir işi – İslam dinini qəbul etməyi səndən istəmişdik”.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri