Çoxluq ilə öyünmək fayda verməz

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 2 602
Səs ver:
(səs: 0)
"(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz.
 
(Və ya axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)” (ət-Təkasur, 102/1-2).
 
"Təkasur” çoxluq və çoxluqla öyünmək mənasına gəlir. "Biz çoxuq”, "xeyr, siz yox, biz çoxuq” kimi ifadələrlə çoxluq yarışına girmək, çoxluqla öyünmək çox vaxt insanların dünyada qapıldıqları və aldandıqları bir haldır. Lakin burada diqqətimizi cəlb edən məqam çoxluğun öz-özlüyündə pis olması deyildir. Belə ki, çoxluğu ilə yarışılan şeylər də vardır. Möminlərin xeyirxahlıq, yaxşı əməllər və elm kimi şeylərdə yarışmaları tövsiyə olunandır. Lakin bunların da çoxluğu ilə lovğalanmaq və qürurlanmaq pislənilir. Əməllərdə əsas olan miqdar və kəmiyyət deyil, səmimiyyət və keyfiyyətdir.
 
Qurani-Kərimin bir çox ayəsində insanların mal-dövlət və övlad çoxluğuna olan təşnəliklərinin onları fəlakətə sürüklədiyi qeyd olunur. Bunlarla öyünməyin insanı ümdə vəzifələrindən uzaqlaşdırdığından, Allahı zikr etməyə, şükrə, Onu layiqincə bilməyə, əzəmət və qüdrəti haqqında düşünməyə, Ona itaət və ibadət etməyə maneçilik törətdiyindən bəhs olunur. Üstəlik, təkəbbürlənməyin axirətdə heç bir fayda verməyəcəyi, əksinə əzabı artıran bir günah olduğu faktı açıqca ifadə olunur. Əslində insanın malik olduğu mal-dövlət, oğul və nəvələr dünya həyatının bəzəyidirlər. Şübhəsiz ki, mal və sərvətdə gözəlliklər və faydalar vardır. Oğullar insan üçün güc və qüvvə əlamətidir. Lakin dünyanın digər gözəllikləri kimi, onlar da müvəqqətidirlər. Bunlarda ilişib qalmamaq lazımdır. İnsanın qısa dünya həyatında işlədiyi gözəl əməllərinin savabı isə mütəmadi olmaqla onun axirətdəki xoşbəxtliyi üçün bir vəsilədir. Məhz bu səbəbdən Peyğəmbərimizin (s.ə.s.) səhabələri çoxlu mal-mülk sahibi olmaqdan və çoxluqla öyünməkdən qətiyyətlə uzaq durmuş, malik olduqlarını imkansızlara paylamış və zəruri olanlarla kifayətlənmişlər.
 
Həqiqətən də, qazandığı malın miqdarı artdıqca insanın məsuliyyəti də artır. Buna görə də dinimizdə mal-dövlətin və övladların çoxluğu ilə öyünmək əvəzinə, yaxşı və gözəl işləri çoxaltmaq, savabı daimi olan əməllərlə məşğul olmaq tövsiyə olunmuşdur. Çünki dünyadakı mal-dövlət və insanın malik olduğu hər şey vaxtı gələndə tükənməyə və yox olmağa məhkumdur. Allahın razılığını əldə etmək üçün görülən gözəl əməllərin xeyri və savabı isə daimidir. Bu hal aşağıdakı ayədə belə təsvir olunub:
 
"Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir. Səbir edənləri etdikləri ən yaxşı əməllərin müqabilində mükafatlandıracağıq!” (ən-Nəhl, 16/96).
 
Elə isə ağıl-kamal sahibi olan müsəlman öz vaxtını müvəqqəti olanlara deyil, daimi və əbədi olana, dünyada və axirətdə faydalı olan şeylərə sərf etməlidir.
 
Bir tərəfdən, müqəddəs kitabımız bu həqiqətləri vurğulamış, digər tərəfdən isə, kitabı hamıdan daha yaxşı başa düşən və öz həyatı ilə bizə örnək olan Peyğəmbərimiz (s.ə.s.) də insanın öldükdən sonra dünyada qoyub gedəcəyi və axirətə aparacaqlarının nələrdən ibarət olduğunu açıqlamışdır. Məhz bu səbəbdən Peyğəmbərimiz (s.ə.s.) sanki mövzunu canlandıraraq ölən şəxsi üç şeyin izlədiyini; qurduğu ev-eşiyin onu qapıdan yola saldığını, ailəsinin, doğmalarının, dost və yaxınlarının qəbrinə qədər getdiyini, yaxşı və ya pis əməllərinin, axirətdə mükafatlandırılmasına və ya cəzalandırılmasına səbəb olacaq əməl və davranışlarının isə ölənlə birlikdə qaldığını qeyd etmişdir. Bu qısa həyatda vaxtımızı müvəqqəti və boş şeylərə sərf etmək əvəzinə, daimi olan, rahatlıq verən və Allahın razılığını qazandıran əməllərlə məşğul olmaq daha doğru və xeyirli davranışdır. Ağıllı şəxs ona fayda verməyəni deyil, fayda verəni; müvəqqəti olanı deyil, əbədi olanı seçməlidir. İslam böyüklərinin gözəl xətt ilə yazaraq divarlarından asdıqları və hər baxdıqlarında ibrət aldıqları bir lövhə vardır. Bu lövhədə "heç” sözü yazılıb. Həqiqətən də, dərindən düşünsək, dünyanın aldadıcı mənfəətlərinin müəyyən vaxtdan sonra böyük bir "heç” olduğunu görərik.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri