Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün)
hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan
Allahı təqdis edib Onun şəninə təriflər deyər!
2 - (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən
peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar
azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk
və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və
şəriəti) öyrədər.
3 - (Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara
qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və
qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da
peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən
əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də)
öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
4 - Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
5 - Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər
(Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən,
onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər)
belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını
bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd
əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan
sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü
doğru yola yönəltməz!
6 - (Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli
olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və
bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah
dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət
olar).
7 - Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə
(qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah
zalımları (kafirləri) çox gözəl tanıyandır!
8 - (Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq
yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın)
hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi
(bir-bir) xəbər verəcəkdir!
9 - Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı
zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə
qədər xeyirlidir!
10 - Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın
lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox
zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada
muradınıza yetişəsiniz!)
11 - Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri
zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf
cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən
də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir
dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman
Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil
səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət
çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına
qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub
cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət
olmadığına işarə edilmişdir).