Mələklərin xüsusiyyətləri

Müəllif: Miss_Oxatan
Şərhlər: 5
Baxılıb: 4 931
Səs ver:
(səs: 1)
Uca Allah mələkləri nurdan yaratmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə bildiyiniz şeydən yaranmışdır.” (Səhih Muslim, 2996).
Mələklər incə və nurani cismə malikdirlər, onlar gözəl surətlərə və qiyafələrə girə bilirlər, qeyri-adi gücə, çox böyük sürətə malikdirlər, onların sayı həddən çoxdur, saylarını Allahdan başqa heç kim bilmir. Allah onları Özünə ibadət etmək və əmrlərini yerinə yetirmək üçün yaratmışdır. Onlar Allaha qarşı əsla asilik etmir, yalnız onlara verilən əmrləri yerinə yetirirlər.
Mələklərin bəzi xüsusiyyətləri

Mələklər güclü və qüdrətli olurlar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır” (ət-Təhrim, 6).
Mələklər yaradılışlarına və qüdrətlərinə görə müxtəlifdirlər, eyni dərəcədə deyillər. Onlardan bəzilərinin iki qanadı, bəzilərinin üç, bəzilərinin dörd, digərlərinin də altı yüz qanadı vardır. Uca Allah buyurur: 
"Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır” (əl-Fatir, 1).
Mələklər olduqca yüksək dərəcədə gözəlliyə malikdirlər. Uca Allah Cəbrail haqqında buyurur: "Bunu ona çox qüvvətli olan öyrətdi, gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü" (ən-Nəcm, 5-6). 
İbn Abbas demişdir: "Ayədəki "zu mirratin" sözü gözəl görünüşlü deməkdir.” Qadınların Yusufu gördükləri zaman dedikləri sözlər barəsində Uca Allah belə xəbər verir: 
"Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!” (Yusuf, 31).
Onlar bunu insanlarda mələklərin gözəl bir görünüşə malik olmaları barədə təsəvvürün olduğuna görə demişdilər. 
Mələklər möhtərəm və olduqca itaətkardırlar. Uca Allah buyurur:
"Bu səhifələr elçilərin əllərində, möhtərəm və müti olanların əllərindədir" (Əbəsə, 15-16). 
Həmçinin buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır, çox möhtərəm, əməllərinizi yazanlar" (əl-İnfitar, 10-11).
Mələklər həm də həyalıdırlar. Peyğəmbər Osman haqqında demişdir: "Mələklərin utandığı bir kəsdən mən necə utanmayım?!” (Səhih Muslim", 2401).
Onlar həm də elmlidirlər. Uca Allah mələklərə xitab edərək buyurur:
"Həqiqətən, Mən biləni siz bilmirsiniz” (əl-Bəqərə, 30). 
Bu ayədə Uca Allah mələklərin elmli olduqlarını, lakin onların Onun bildiyini bilmədiklərini bildirir. Uca Allah Cəbrail barəsində buyurur:
"Bunu ona çox qüvvətli olan öyrətdi” (ən-Nəcm, 5). 
Təbəri demişdir: "Bu Quranı Muhəmmədə Cəbrail öyrətmişdir. Bu da Cəbrailin elmli olduğunu və elm öyrətdiyini göstərir.”
Mələklər göydə yaşayırlar. Onlar yalnız Allahın tapşırığını icra etmək və öz vəzifələrini yerinə yetirmək üçün yerə enirlər. Uca Allah buyurur: 
"Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərir” (ən-Nəhl, 2).
O, həmçinin buyurur: "Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən” (əz-Zumər, 75).
Peyğəmbər demişdir: "Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxır və Allah onlardan: "Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?” – deyə soruşur, halbuki O, qullarının nə etdiklərini daha yaxşı bilir. Bununla belə onlar deyirlər: "Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar.” (Səhih əl-Buxari, 555).
Mələklər Allaha ibadət etməkdən yorulub bezmirlər. Uca Allah buyurur: 
"Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər" (əl-Fussilət, 38).
Mələklərə iman gətirmək imanın altı əsasından biri hesab olunur. Hər bir müsəlman Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində mələklər haqqında verilən məlumatlara iman gətirməlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri