Namazı bu cür qılmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 470
Səs ver:
(səs: 5)
Bir nəfər öz əməllərini riyadan heç cür təmizləyə bilmirdi. Bütün ibadətlərini, savab işlərini qeyri-səmimi şəkildə, ya kiminsə xoşuna gəlmək, ya mənfəət əldə etmək, ya da camaatın gözündə hörmət qazanmaq naminə edirdi.

Özü də bu xasiyyətdən əziyyət çəkirdi. Amma nə qədər çalışırdısa, riyakarlıq mərəzindən qurtula bilmirdi. Bir gün qət etdi ki, hamının nəzərindən uzaqda, tənha bir bucaqda ibadət edib Allaha yalvarsın, Allahdan ixlas və səmimiyyət diləsin. Qərara aldı ki, gecə şəhər kənarında yerləşən, heç kimin gedib-gəlmədiyi, baxımsız qalmış məscidə getsin və orada səhərə kimi ibadətlə məşğul olsun. Burada onu narahat edəcək, niyyətinə xələl gətirəcək kimsə olmamalı idi.

Gecəyarı heç kimə demədən həmin məscidə gəldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Həmin adam özünü məscidə yetirib içəri girdi, düz mehrabın qabağında canamazını yerə sərib ibadətə başladı. Bir azdan qapının cırıltı ilə açıldığını eşitdi. Kimsə məscidə girmişdi. Qapı namaz qılanın arxasında yerləşdiyindən kimin gəldiyini görə bilmirdi; bunun üçün namazını pozub qiblədən dönməli idi. Əslində bu, ona heç lazım da deyildi. Məsciddə ondan başqa kiminsə olduğunu bilmək kifayət edirdi. Öz-özünə düşündü: "Yəqin ki, bu adam indi mənim namazımı seyr edir. Sabah bütün şəhərə xəbər yayılacaq ki, mən necə dindar adamam; bu havada, gecəyarı, kimsəsiz məsciddə ibadət edirəm. Sabah hamı məni tərifləyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqlə qılmağa davam etdi. Qiraəti xüsusi bəlağətlə oxuyur, rüku və səcdələri qəsdən uzadır, zikr deyib təsbeh çevirir, dua edirdi. Xülasə, bildiyi bütün ibadətləri icra etməyə çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşidəcəyi tərifləri düşündükcə sevinirdi...

Bu minvalla gecə keçdi, sübh açıldı. Hava işıqlananda məscidin içərisi də aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün «dəsgahı» ilə qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Məscidin qapısına yaxınlaşanda nə qədər o tərəf-bu tərəfə boylandısa da, heç kimi görmədi. Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ilə rastlaşdı. Anladı ki, gecə məscidin qapısını cırıltı ilə itələyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan məscidə pənah gətiribmiş. Riyakar abid iki əli ilə başına vurub dedi: "Mən öz namazlarımın niyyətində insanları Allaha şərik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu məscidə gəldim. Amma sən demə, bütün gecə boyunca Allaha insanı yox, bir heyvanı şərik qoşmuşam”.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri