Orucu pozan və pozmayan amillər

Müəllif: yasemin
Şərhlər: 7
Baxılıb: 19 446
Səs ver:
(səs: 5)
Sual: Orucu nələr pozur?
Cavab: Orucu aşağıdakılar pozur:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırı­lan dərmanlar və başqa bu kimi yemək-içməyə bən­zər şeylər;
Uca Allah buyurur: "İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəy­yən et­diyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaran­lığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamam­layın.”1
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: "Oruc tutan kəs yemək-içməyini və şəhvətini Mənə görə tərk edir.”2
- özünü qusdurmaq;
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Hər kim qəsdən özünü qusdursa, bunun qəzasını tutsun.”3
- heyz və nifas qanı.
Aişə (radiyallahu anhu) rəvayət edir: "Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız oru­cun qəzasını tutmaq əmr olunardı.”4

Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlu­matlı olmalıdır;
2. Oruc tutmaq onun yadında olmalıdır;

3. O kəs orucu qəsdən pozmalıdır.

Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu po­zan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəm­bər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, Allah mənim üm­mətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiy­yət qarşısın­da etdiklərini bağışlamış­dır.”5

Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müs­təs­na olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəza­sı fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm töv­bə et­məli, həm bir gün onun qəzasını tutmalı, həm də kəf­farə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirt­məlidir. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan oru­cunda cinsi əla­qəyə girən şəxsə bunları əmr etmiş­dir.6 Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.

Sual: Başqa aylarda qəza və ya nafilə orucunu tutar­kən cinsi əlaqədə olan şəxs nə etməlidir?
Cavab: Vacib orucun qəzasını tutan şəxs sadəcə onun qəzasını yenidən tutmalı və heç bir kəffarə ödə­mə­məlidir. Belə ki, kəffarə yalnız Ramazan ayı­nın hör­mətinə görə ödənilir. O ki qaldı nafilə oru­cuna, onun qəzasını tutmaq vacib deyildir.

Sual: Oruc tutan müsafir səfərdə ikən cinsi əlaqəyə girsə, kəffarə ödəməlidirmi?
Cavab: Xeyr, o, başqa aylarda yalnız bunun əvəzi­nə bircə gün oruc tutmalıdır.

Sual: Oruc tutan kəs gündüz yuxudan oyanıb pol­lyusiya7 halında olduğunu görsə nə etməlidir?
Cavab: O, oruc tutmağına davam etməlidir. Belə ki, bunun oruca heç bir aidiyyəti yoxdur.

Sual: Onanizmlə məşğul olmaq və məni ifraz et­mək orucu batil edirmi?
Cavab: Əlbəttə, belə bir iş tutanın orucu batildir və o, bu­nun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə et­məlidir. Birincisi orucunu poz­duğuna gö­rə, ikincisi isə onanizmlə məşğul olduğu üçün. Belə ki, bunu – zəruri hallar8müstəsna ol­maq­la digər hallarda – etmək haramdır. Bu haqda Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar! Siz­lərdən kimin evlənməyə imkanı varsa, qoy ev­lənsin. Həqi­qətən, o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir. İmkanı olmayan isə oruc tutsun. Doğ­rudan da, onun (haramdan) qorumaq təsiri vardır.”9

Sual: Qusmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Bu xüsusda mötəbər hədisdə deyi­lir: "Hər kim (iradəsindən asılı olmadan) qussa, onun qəzasını tutmamalı, kim də qəsdən özünü qus­dursa, bunun əvəzini tutmalıdır.”10

Sual: Şəhvətsiz məni ifraz edən kəsin orucu pozu­lurmu?
Cavab: Xeyr, pozulmur.

Sual: Öpüşmək və mazaqlaşmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Aişə rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) oruclu ola-ola zövcələrini öpərdi.11

Sual: Öpüşmək və mazaqlaşmaq nəticəsində məni və ya məzi ifraz edən şəxs nə etməlidir?
Cavab: Məni ifraz edən şəxs bunun qəzasını tutmalı və heç bir kəffarə ödəməməlidir. Məzi ifraz edənə gəlincə, qeyd etmək lazımdır ki, bu, ixtilaflı məsə­lə­dir. Hənəfi və Şafii məzhəblərinə görə oruc pozul­mur. İbn Teymiyyə bu haqda demişdir: "Öpüş­mək, mazaqlaşmaq və ya dönə-dönə baxmaq nəti­cəsində məzi ifraz etmək orucu pozmur. Bu isə Əbu Həni­fənin, Şafiinin və bəzi Hənbəlilərin rəyi­dir.”12 Həm­çinin İbn Baz, İbn Useymin və bir çox müasir alimlər bu fikirdədirlər.

Sual: Analiz üçün qan vermək orucu pozurmu?
Cavab: Analiz üçün qan vermək orucu pozmur.

Sual: İstihazə və babasil xəstəliyi nəticəsində, habe­lə diş­lərin dibindən, burundan, boğazdan və sair bədən üzvlərindən çıxan qan orucu pozurmu?
Cavab: Xeyr, pozmur. O ki qaldı heyz və nifasa, qeyd etmək lazımdır ki, bunun orucu poz­masına dair mötəbər hədislər varid olmuşdur. Yuxa­rıda qeyd olu­nanların orucu pozması barədə isə heç bir dəlil gəl­məmişdir.

Sual: Yaralılara və xəstələrə vurmaq üçün qan ver­mək orucu pozurmu?
Cavab: Xeyr, pozmur. İmkan varsa bunu iftardan son­raya saxlamaq lazımdır. Bunu təxirə salmaq müm­kün deyilsə yaralılara və xəstələrə vaxtında yardım etmək gərəkdir.

Sual: Diş çəkdirmək orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Həm­çinin diş çəkdirmək üçün vurulan iynə də orucu poz­mur.  

Sual: Tüpürcəyi, bəlğəmi və ya burundan axan seli­yi ud­maq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vur­maq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Və bunun damara, yaxud əzələyə vurulması heç bir əhəmiyyət kəsb etmir. Əv­vəldə qeyd etdiyimiz kimi yalnız bədəni qüvvət­lən­dirən iy­nələr orucu pozur.

Sual: Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Amir ibn Rabiyə (radiyallahu anhu) deyir: "Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) oruclu ola-ola misvakla diş­lərini təmizlədiyini dəfələrlə görmü­şəm.” 13

Sual: Diş mə′cunundan istifadə etmək olarmı?
Cavab: Onu udmamaq şərti ilə istifadə etmək olar.

Sual: Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək  olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, tüstü verən ətirləri iyləməkdən çəkinmək gərəkdir.

Sual: Qulağa və gözə dərman tökmək oru­cu pozur­mu?
Cavab: Burundan fərqli olaraq qulağa və gözə dər­man tök­mək oru­cu poz­mur. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu haqda heç nə deməmişdir. Lakin oruc tutanın burnuna su almağı barədə bu sözləri söy­ləmiş­dir: "(Dəstəmaz aldıqda) oruclu hal istisna ol­maqla (di­gər hallarda) burnuna suyu çox al.”14

Sual: Oruclu ikən sürmə, xına, lak, müxtəlif krem­lər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək la­zımdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çox­dur.

Sual: Qadına şəhvətlə baxmaq orucu pozurmu?
Cavab: Əvvəla qeyd etmək lazımdır ki, kişi şəh­vətlə yalnız öz qadınına baxa bilər. Qaldı ki, onun digər qadınlara baxmasına, bu haramdır. Doğrudur bu əməl orucu pozmur, lakin onun savabını azaldır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Hər kim günah sözlərdən, cahillikdən və ona əməl etməkdən əl çək­məsə, yemək-içməyini tərk etməsinə Allahın ehtiyacı yox­dur.”15

Sual: Söyüş söymək, qeybət etmək, söz gəzdirmək və sair bu kimi pis əməllər orucu batil edirmi?
Cavab: Xeyr, batil etmir. Yalnız savabını azaldır. "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edil­diyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.”16 "Sizlərdə biri oruc tut­duğu gün söyüş söyməsin...”17

Sual: Yatmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vax­tını yat­maqla keçirməmək daha xeyirlidir.

Sual: Oruclu ola-ola çimmək olarmı?
Cavab: Bəli, olar. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələ­lərdə ifra­ta var­maq olmaz. Əksinə, hər bir müsəl­man Allahın ver­diyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki, bu din asanlıq­dır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğ­lub etməsin. Orta mövqe tutun (ifrata və təfritə var­mayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!”18

Sual: Siqaret çəkmək orucu pozurmu?
Cavab: Əlbəttə ki, pozur və o, bu­nun qəzasını tut­malıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməli­dir. Birin­cisi orucunu pozduğuna gö­rə, ikincisi isə siqaret çək­diyinə görə. Belə ki, siqaret çəkmək haramdır.

Sual: Astma (təngnəfəslik) xəstəliyi olan şəxsin aerozol şəklində olan dərmanlardan istifadə etməsi orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruclu ola-ola şam, imalə və başqa bu kimi müa­licə vasitələrindən istifadə etmək orucu pozur­mu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruc vaxtı dəstəmaz və ya qüsl aldıqda boğa­za su getsə oruc pozulurmu?
Cavab: Qəsdən bunu etmək orucu pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərək­dir. Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç savabına belə xələl gətir­mir.

Sual: Havada olan tozları udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Bədəndə olan sızanağı sıxmaq orucu pozur­mu?
Cavab: Xeyr, pozmur.

Sual: Heç bir səbəb olmadan orucu pozmaq  olar­mı?
Cavab: Səbəbsiz yalnız nafilə orucunu pozmaq olar.

1 "əl-Bəqərə” surəsi, 187.
2 Bu hədisi Buxari rəvayət etmişdir.
3 Bu hədisi Əhməd və "Sünən” əsərlərinin müəllifləri rəva­yət etmişlər.
4 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.
5 Bu hədisi ibn Macə rəvayət etmişdir.
6 Buna aid hədisi Buxari və Muslim rəvayət etmişdir.
7 Yuxuda olarkən sperma ifraz etmək.
8 Analiz vermək və s.
9 Bu hədisi Buxari rəvayət etmişdir.
10 Bu hədisi Əhməd və "Sünən” əsərlərinin müəllifləri Əbu Davud rəvayət etmişlər.
11 Bu hədisi Əhməd rəvayət etmişdir.
12 İbn Teymiyyənin "İxtiyarat” əsəri, səh. 108.
13 Bu hədisi Buxari rəvayət etmişdir.
14 Bu hədisi Əhməd rəvayət etmişdir.
15 Bu hədisi Buxari rəvayət etmişdir.
16 "əl-Bəqərə” surəsi, 183.
17 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.
18 Bu hədisi Buxari rəvayət etmişdir.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 19 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri