Əhli-sünnə imamlarının Əhli-beytə münasibəti (2-ci hissə)

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 1 774
Səs ver:
(səs: 3)
Digər məzhəb imamları da Əhli-beytə və ümumilikdə, Peyğəmbər nəslindən olan seyyidlərə həmişə dərin ehtiramla yanaşır, onların hüzurunda özlərini kiçik sayır, ətrafdakılara da onlarla bu cür rəftar etməyi tapşırırdılar.

"Xətib Bağdadi yazır ki, Əhməd ibn Hənbəlin yanına Qüreyş soyundan qoca ya cavan bir adam, yaxud da bu nəslin böyüklərindən biri gəlsəydi, Imam Əhməd onu hörmətlə özündən qabağa buraxar və arxasınca gələrdi. Əbu Hənifə Əhli-beytə çox ehtiram göstərərdi. Onların gizli (yəni hökumətdən gizlənən yaxud öz əsil-nəsəbini gizlədən) və aşkarda olanlarına maddi köməklik etməklə Allaha yaxınlaşmağa çalışardı. Hətta deyirlər ki, Əhli-beytdən olan və əsil-nəsəbini gizlədən bir adama 12 min dirhəm göndərmişdi. Bu cür rəftarı öz ətrafındakılara da tövsiyə edirdi” (İbn Həcər. Əl-Səvaiq əl-mühriqə, səh. 159).

Hənəfi məzhəbinin banisi Əbu Hənifə Nöman ibn Sabit və maliki məzhəbinin banisi Malik ibn Ənəs bir müddət İmam Cəfər Sadiq əleyhissalamın hüzurunda elm və mərifət kəsb etmiş, bunu özlərinə fəxr bilmişlər. Hətta Əbu Hənifə İmam Sadiq əleyhissalamın tələbəsi olduğu iki ili belə xatırlayırmış: "Əgər bu iki il olmasaydı, Nöman həlak olardı”.

"əl-Töhfət əl-isna əşəriyyə” kitabından da bəzi məqamlara diqqət yetirmək olar. Kitabın müəllifi Hindistanın sünni alimlərindən Şah Əbdüləziz Ğulamhəkim Dehləvidir. Fars dilində yazılmış bu kitabı hicri 1227-ci ildə Ğulam Mühəmməd ibn Mühyiddin Əsləmi ərəb dilinə çevirib, İraq alimlərindən Seyyid Mahmud Şükri Alusi hicri 1301-ci ildə onu ixtisar və şərh edib. Kitabın 8-ci səhifəsində oxuyuruq: "Həmçinin, əhli-sünnə içində Əbu Hənifədir ki fəxrlə və ən bəlağətli dillə demişdir: "Bu iki il olmasaydı, Nöman həlak olardı!” Burada "iki il” deyərkən, elm almaq üçün İmam Cəfər Sadiqin yanına gedib-gəldiyi illəri nəzərdə tuturdu”.

Alusi daha sonra yazır: "Bu barədə bunu söyləmək kifayətdir ki, əhli-sünnənin ən məşhur təriqətlərinin kökü Əhli-beytə bağlıdır. Bunu inkar edən şəxs ölünün diridən fərqini inkar edən adam kimidir”.

Əbu Hənifənin İmam Cəfər Sadiq əleyhisssalam haqqında belə söylədiyi də əhli-sünnənin mötəbər mənbələrində öz təsdiqini tapır: "Fiqh sahəsində Cəfər ibn Mühəmməddən daha üstün bir adam görmədim” (Zəhəbi. Təzkirət əl-hüffaz, I cild, səh. 166).

Əbu Hənifə bütün həyatı boyunca Əməvi və Abbasi xilafətinə müxalif olmuş, hökumətə qarşı yönələn bütün çıxışlara rəğbətlə yanaşmışdı. Xüsusilə, Əməvi xilafətinin son dönəmində baş vermiş Zeyd ibn Əli hərəkatına (miladi 739) həm mənəvi dəstək vermiş (bu qiyamın haqq olması barədə fətva verməklə), həm də maddi yardım göstərmişdi (Zeyd üçün 20.000 dinar pul göndərməklə). Hətta bir çox tarixçilər bu səbəbdən onun gizli şəkildə zeydi məzhəbinə inanması ehtimalını irəli sürmüşlər.

Əbu Hənifə İmam Həsənin (ə) nəslindən olan Mühəmməd Nəfsüz-zəkiyyənin və qardaşı Ibrahimin qiyamlarını (miladi 762-763) da müdafiə edirdi. Zeydi məzhəbindən olan məşhur müəllif Əbülfərəc İsfahaninin "Məqatil əl-Talibiyyin” kitabında Əbu Hənifənin bu qiyamlara rəğbətlə yanaşması barədə sübutlar vardır. Rəvayətlərin birində deyilir ki, İbrahimin qiyam qaldırdığı günlərdə bir qadın Əbu Hənifənin yanına gəlib ondan məsləhət istədi: "Oğlum bu qiyama qoşulmaq istəyir, mən isə ona mane oluram”. Əbu Hənifə ona cavab verdi: "Oğluna mane olma!” Yenə həmin kitabın 310-cu səhifəsində o zamanın məşhur əhli-sünnə fəqihlərindən Züfərə istinadən xəbər verilir ki, Əbu Hənifə İbrahimin qiyamınin qələbə çalması üçün ciddi-cəhdlə çalışırmış.

Hənbəli məzhəbinin banisi İmam Əhməd ibn Hənbəlin Əhli-beytə və xüsusilə də, Həzrət Əliyə (ə) münasibəti haqqında bir rəvayəti hənəfi alimi Şeyx Süleyman Qunduzi "Yənabi əl-məvəddə” kitabında (II cild, səh. 298) şafii məzhəbli Mir Seyyid Əli Həmədaniyə istinadən təqdim edir. Bu rəvayət Əhməd ibn Hənbəlin oğlu Abdullahın dilindəndir. Məlum olduğu kimi, Abdullah da əhli-sünnə məzhəbində böyük fiqh və hədis alimlərindən biri kimi tanınır. O, atasının bəzi kitablarına, o cümlədən, "Müsnəd”ə əlavələr yazması ilə məşhurdur ki, bu əlavələr də "Müsnəd”in öz mətni qədər mötəbər sayılır.

Abdullah ibn Əhməd deyir ki, atamdan səhabələrin hansı birinin o birindən üstün olması barədə soruşdum. Atam səhabələri üstünlük dərəcəsi ilə saymağa başladı: "Əbu Bəkr, Ömər və Osman”. Sonra susdu. Soruşdum: "Ata, bəs Əli ibn Əbu Talib harada qaldı?” Cavab verdi: "O, Əhli-beytdəndir, bu dediklərimlə onu müqayisə etmək olmaz”.

Həmin kitabda verilmiş bundan əvvəlki rəvayət də oxşar məzmuna malikdir. İkinci xəlifə Ömər ibn Xəttabın oğlu Abdullahın yanında səhabələrin üstünlük dərəcəsindən söz düşür. Səhabələri fəzilətlərinə görə bu ardıcıllıqla sayırlar: Əbu Bəkr, Ömər və Osman. Bu zaman məclisdə iştirak edənlərdən biri soruşur: "Ey Əbu Əbdürrəhman! Bəs, Əlinin adını niyə çəkmirsən?” Abdullah cavab verir: "Əli Əhli-beytdəndir, heç kim onunla müqayisə oluna bilməz. O, dərəcə baxımından Allah Rəsulu ilə eynidir. Allah-təala buyurub: "İman gətirib, zürriyyəsi imanla arxalarınca gedənlərin zürriyyəsini də (cənnətdə) özlərinə qoşacağıq” (Tur, 21). Fatimə (Peyğəmbərin zürriyyəsi olduğuna görə) dərəcə baxımından Allah Rəsulu ilə eynidir və Əli də onlarla bir cərgədədir”.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 1 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri