Nə üçün ağlayaq?! (Əzadarlıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 214
Səs ver:
(səs: 2)
İslam təqviminin məhərrəm ayı əsrlər boyu insanların şüurunda qəm-qüssə, matəm ayı kimi özündə yer tapmışdır. Hər il milyonlarla müsəlman bu ayda İslam peyğəmbəri Məhəmməd Mustafanın (s) istəkli nəvəsi, üçüncü İmamımız Hüseyn ibn Əlinin (ə) şəhadətinin növbəti ildönümünə matəm məclisləri təşkil edir və peyğəmbər balasının başına gətirilmiş müsibətlərə ürək yanğısı ilə göz yaşı tökürlər. Müsəlman Azərbaycan xalqı da məhərrəm ayının ilk on günündə, xüsusilə müsibətin baş verdiyi gündə Aşura günündə əzadarlıq məclisləri təşkil etməklə bu acı hadisəni yad edir. Tarixçi Cozef bunu belə bəyan edir: «Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada nümunə olaraq İmam Hüseyn (ə) üçün əzadarlıq edən iki-üç şiə tapılmasın». Burada Peyğəmbərin buyurduğu hədisi qeyd etmək lap yerinə düşər. O həzrət buyurmuşdur: «Hüseynə (ə) ağlayan gözlər Qiyamət günü ağlamaz».
Yazıçı Maris Dokberi isə əzadarlığı belə açıqlayır: «Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qəbul etməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir». Həzrət Əli (ə) isə buna təxminən 1400 il öncə işarə edərək buyurmuşdur: «Heç kimin qulu olma, çünki Allah səni azad yaratmışdır».
Son zamanlar bəzi ziyalılarımız İslam dininin bu müqəddəs ayını tənqid edərək ona qarşı çıxırlar. Onların fikrincə İslam dini şəhidə ağlamağı qadağan edib. «İmam Hüseynə (ə) əzadarlıq etmək dinimizin prinsiplərinə ziddir» - deyə çıxışlar etmişlər. Bu və buna bənzər sözlər xalq arasında çaşqınlıq yaradıb və bir neçə sual ortaya çıxarır.
Verilən suallardan biri budur ki, Allahın Quranda şəhidlərə cənnət müjdəsi verdiyi bir halda şəhidlik zirvəsinə ucalmış bir şəxs üçün ağlamaq lazımdırmı? Bildiyimiz kimi, İslam dini heç bir şəxsə hər hansı bir dini məsələ barədə Qurani - Kərimə və ya Məsumların söylədiklərinə əsaslanmadan fikir yürütməyə icazə vermir. Biz də bu qadağadan kənar çıxmamalıyıq.
İlk öncə, Əhli-Beytdən (ə) nəql olunan mötəbər rəvayətlərə əsasən İslam peyğəmbərindən əvvəlki peyğəmbərlərin İmam Hüseynin (ə) hələ gələcəkdə olacaq şəhadətinə ağlamaları məsələsinə toxunaq. «Durrussəmin» adlı təfsir kitabının müəllifi Bəqərə surəsinin 37-ci ayəsinin təfsirində belə bir rəvayət qeyd etmişdir: «Həzrət Adəm (ə) ərşin üzünə baxdı. Həzrət Məhəmmədin (s) və Əhli Beytin mübarək adlarının orada yazıldığını gördü. Cəbrail (ə) həmin adların vasitəsi ilə tövbə etməyi həzrət Adəmə (ə) öyrətdi. Həzrət Adəm (ə) Allahı o beş nəfərə bir-bir and verib bağışlanmasını istədi. İmam Hüseynin (ə) adını dilinə gətirəndə həzrət Adəmin (ə) gözlərindən yaş axdı, qəlbi kədərlə doldu. Cəbraildən bunun səbəbini soruşduqda Cəbrail (ə) cavab verdi ki, sənin bu ağladığın müsibət o qədər böyükdür ki, heç bir müsibət onun tayı-bərabəri ola bilməz. Həzrət Adəm (ə) soruşdu: «O, necə bir müsibətdir?» Həzrət Cəbrail cavab verdi: «O, qərib bir yerdə, heç bir köməkçisi olmayan yalqız və susuz halda öldürüləcək. Qəddarlıqla başını kəsəcəklər, özünün və əshabının başlarını şəhərbəşəhər gəzdirəcəklər». Sonra hər ikisi Həzrət Hüseynə (ə) və onun köməkçilərinə uşağı ölmüş ana kimi ağladılar».
Həzrət İbrahim (ə) İmam Hüseynin (ə) qatillərinə lənət oxuyan ilk insanlardandır. Həzrət Musa (ə) Allahdan Aşura gününün mənasını soruşduqda Allahdan nida gəldi: «Aşura son peyğəmbər həzrət Məhəmmədin (s) nəvəsi üçün ağlamaq və özünü ağlayanlara bənzətmək günüdür. Ey Musa, hər kim bu gün göz yaşı töksə, ona yas tutub ağlayanlarla birlikdə olsa, onun üçün cənnəti qərar vermişəm. İzzət və cəlalıma and olsun ki, Aşura günü və başqa bir gündə ixlasla bir damla göz yaşı tökən bütün qadın və kişilərə yüz şəhidin savabını verərəm».
Bir çox digər peyğəmbərlərdən bu mövzuda olan çoxsaylı rəvayətlər nəql olunmuşdur. İndi isə peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) şəhidə ağlamaq məsələsinə münasibətini açıqlayaq.
Peyğəmbər (s) Uhud döyüşündən qayıdır. Onun istəkli əmisi Həmzə də həmin döyüşdə şəhid olmuşdu. Onun evindən başqa bütün şəhidlərin evindən ağlamaq səsinin ucaldığını görən Peyğəmbər (s) qadınlara buyurdu: «Bütün şəhidlərə ağlayan var, Həmzənin isə ağlayanı yoxdur». Qadınlar Həmzənin evinə gedib ona ağladılar. Bu hadisədən sonra ənənəvi olaraq şəhidə ağlamaq istəyən hər bir kəs əvvəlcə Həzrət Həmzənin evinə gedib ona ağlayardı. Buradan belə bir sual qarşıya çıxır ki, əgər İslam şəhidə ağlamağa ziddirsə, Allahın Rəsulu (s) müsəlmanları bu işə necə təşviq edir?
Digər tərəfdən İslam peyğəmbərinin (s) İmam Hüseynin (ə) şəhadətini qabaqcadan xəbər verməsi, ona ağlaması və müsəlmanlara da bu işi görməyi tapşırması bir çox rəvayətlərdə əks olunmuşdur. Onlardan birini qeyd edək. İbn Abbas həzrət Məhəmmədin (s) belə buyurduğunu qeyd edir: «Allahın salamı olsun şövq və mərhəmətlə Hüseynə (ə) ağlayanlara, düşmənlərinə lənət oxuyub nifrət bəsləyən və qəlblərini onlara qarşı kin və qəzəblə dolduranlara».
Məsum imamlarımızdan da bu mövzuda çoxlu sayda hədislər gəlib bizə çatmışdır. Rəvayət edirlər ki, İmam Sadiqin (ə) yanında İmam Hüseynin (ə) adı çəkildiyi gün axşama qədər onun bir dəfə də olsun, güldüyünü görən olmadı. O cənab buyurmuşdur: «Hüseyni xatırlamaq hər bir möminin gözünün yaşını axıdar». Digər bir hədisdə deyir: «Bizə edilən zülmə (məzlumiyyətimizə) ağlayan hər bir kəsin nəfəsi təsbihdir, kədəri ibadətdir». Göründüyü kimi din rəhbərlərimiz şəhidə, xüsusilə İmam Hüseynə (ə) ağlamağa nəinki qarşı çıxmamış, əksinə, bu işi biz müsəlmanlara qəti şəkildə tapşırmışlar. Bəs görəsən şəhidə ağlamağın hikməti nədədir? Şəhid cənnət əhlidirsə, ölüm onu aparıb cənnətə çatdırdığı halda onun üçün ağlamağa dəyərmi? Burada Məhəmməd Məsud adlı bir şərqşünasın fikrini bəyan etmək istərdim. O, yazılarının birində müsəlmanların İmam Hüseynə (ə) ağlamağını xristianların ənənəsilə, yəni İsanın şəhadəti (əlbəttə öz inamlarına əsasən) günü yas saxlamayıb, şənlik keçirmələri ilə müqayisə etmişdir. O, yazır: «Baxın bir millət öz şəhidinin şəhadətinə ağlayır. Çünki şəhadəti bəyənilməz bir şey hesab edir, onu təəssüflə qarşılayır. Digər millət isə öz şəhidinin şəhadətinə sevinir, çünki, onu müvəffəqiyyət hesab edir. Öz şəhidinin şəhadətinə 1000 il ağlayıb, ah-vay edən millət, əlbəttə, aciz və alçaq bir millət olacaqdır. Öz şəhidinin şəhadətinə sevinən bir millət isə istəristəməz qüdrətli və fədakar bir millət olacaq».
Bu, onun və başqalarının tutduğu iradların ifadəsidir. İslamın şəhidə ağlamağı təkid etməsinin səbəblərini araşdırdıqda məlum olur ki, macəra əksinədir. Şəhidin şəhadətinə şad olmaq, xristianlığın fərdilik görüşündən irəli gəlir. Şəhidin şəhadətinə ağlamaq isə İslamın ictimailik görüşündən doğan bir həqiqətdir. Buna görə şəhadətin hər iki tərəfinə fərdi və ictimai tərəflərinə diqqət yetirilməlidir. İslam baxımından şəhadət fərd üçün mənəvi kamilliyin ən uca zirvəsidir. İmam Hüseyn (ə) özü buyurmuşdur: «Babam peyğəmbər (s) mənə buyurdu: «Sən Allah yanında böyük məqam sahibisən. Bu elə bir məqamdır ki, onu yalnız şəhadətlə əldə etmək olar»».
Şəhadəti ictimai nöqteyi - nəzərdən araşdırdıqda və onu doğuran amilləri təhlil etdikdə məlum olur ki, insan üçün uğur sayılan bu əməl cəmiyyət üçün heç də uğur sayıla bilməz. Müqayisə edək: xəstənin sağalması üçün cərrahiyyə əməliyyatı misilsiz əhəmiyyətə malikdir. Lakin unutmaq lazım deyil ki, cərrahiyyə əməliyyatına, ancaq xəstəlikdən sonra ehtiyac vardır. Yəni özü özlüyündə bu əməliyyat xeyirli bir iş deyil. Eyni mənada şəhadət şəhid üçün böyük uğur sayıldığı halda, şəhidin yaşadığı cəmiyyət üçün böyük nöqsandır və o cəmiyyətin xəstə olduğuna dəlalət edir. İmam Hüseynin (ə) və bütövlükdə Kərbəla şəhidlərinin şəhadəti haqqında tarixçi Edvard Braunun söylədiyi bir cümləni burada qeyd etmək yerinə düşərdi: "Görəsən, Kərbəla haqqında söz eşidib kədərlənməyən və dərdli olmayan bir şəxs tapılarmı? Hətta qeyri müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar edə bilməzlər”.
Başqa bir tərəfdən, gülmək və şənlik etmək daha çox özünə qapılmaq olduğu halda, ağlamaq insanda zülmə qarşı nifrət yaradır. Ağlamaq insanın özünü unudaraq sevdiyi bir şəxsə yaxınlaşmaq cəhətindən xüsusi əhəmiyyətə malikdir. İmam Hüseynə (ə) ağlayan mənəvi cəhətdən ona yaxınlaşır, onun düşmənlərinə nifrətini artırır, bu əzadarlığı ilə özünün Kərbəla şəhidlərinə yaxınlaşmaq istəyində olduğunu izhar edir, onların bütün dərd və qəminə şərik olduğunu bildirir. Aşura günü haqq ordusu ilə batil ordusu qarşı-qarşıya dayanmışdı. İmam Hüseyn (ə) haqq ordusunun rəhbəri, Yezid isə batil ordusunun başçısı idi. Deməli, insan İmam Hüseynə (ə) yaxınlaşmaqla haqqa yaxınlaşır və batilə nifrət edir. Bəşəriyyət isə tarixin bütün dövrlərində bu iki cəbhəyə bölünmüşdür. Bu baxımdan İmam Hüseynə (ə) ağlamaq məsələsi heç vaxt öz aktuallığını itirmir və insanların əqidəsinin formalaşmasına misilsiz təsir göstərir. İmam Hüseynin (ə) Aşura qiyamının bu günə qədər gəlib çatmasında əzadarlıqların böyük rolu vardır. Doğrudur, İmam Hüseyn (ə) şəhid olmaqla böyük mənəvi məqama sahib oldu, lakin Aşura günü haqq deyən dillər qılınc gücü ilə susdurulub. O gün batilin haqqa divan tutduğu bir gündür. Özünü haqqa aşiq adlandıran bir kəsin həmin gün şad olmağa, deyib-gülməyə haqqı varmı?! Buradan İmam Hüseynə (ə) ağlamağı biz müsəlmanlara təkidlə tapşıran Məsumlarımızın nə dərəcədə uzaqgörən olması məlum olur.
Bu deyilənlərdən sonra torpaqlarının 20% - i düşmən tapdağı altında olan bir xalq üçün İmam Hüseynin (ə) qəhrəmanlıq məktəbindən faydalanmağın nə dərəcədə əhəmiyyətli bir iş olduğu yəqin ki, aydın olur. Qədirbilən Azərbaycan xalqının öz İmamının əqidəsi ilə silahlanıb düşmənlərinə qalib gələcəyinə ümid edirik. Bu əqidə öz ardıcıllarına ölümdən qorxmayıb, haqq uğrunda öz varlığından keçmək dərsi öyrədir. Ölümdən qorxmayan bir millət üçün isə ölüm yoxdur.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri