TƏSBİH (və ya TƏSBEH) tarixçəsi

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 4 995
Səs ver:
(səs: 0)
Ərəb dilindən tərcüməsi "müqəddəs saymaq” deməkdir. Allah-təalanın gözəl adlarından (əsmaül-hüsna) biri də Sübhandır (müqəddəs, pak, nöqsandan uzaq). Təsbih – dua vasitəsilə Allahın müqəddəsliyini dilə gətirmək, Onu təqdis etmək deməkdir.

Təkbir – "Allahü əkbər” söyləmək mənasını ifadə etdiyi kimi, təsbih də Allahı "sübhan Allah” kəlməsi ilə öyməkdir. Şiə məzhəbində gündəlik namazların üçüncü və dördüncü rükətlərində Fatihə surəsinin əvəzinə oxunan zikr təsbihati-ərbəə (dörd təsbih) adlanır. Bu zikr 4 cümlədən ibarətdir: "Sübhan Allahi vəl-həmdu lillahi və la ilahə illəllahü vəllahü əkbər”.

Qurani-kərimdə bildirilir ki, bütün varlıq aləmi Allahı gizli və açıq şəkildə təsbih edir: "Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis etmədədir. O, yenilməz qüvvət və hikmət sahibidir” (Hədid, 1; Həşr, 1; Səff, 1). "Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allaha təsbih deyir. Elə bir şey yoxdur ki, Allaha həmdlə təsbih etməsin. Lakin siz onların təsbihini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır” (Isra, 44).

Quranda Allahı çox təsbih etmək həm Həzrət Mühəmməd Peyğəmbərə (s), həm də müsəlmanlara tövsiyə edilir: "Sən isə Rəbbini həmdlə təsbih et və səcdə edənlərlə birlikdə ol!” (Hicr, 98). "Ey iman gətirənlər! Allahı çox zikr edin! Ona səhər-axşam təsbih söyləyin!” (Əhzab, 41).

Təsbeh həm də Allahın adlarını zikr edərkən, qısa duaları oxuyarkən hesabı itirməmək üçün bir vasitədir. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir. Buddizmdə 18, 21, 27, 54 və 108 dənəli, hinduizmdə 50, 54 və 108 dənəli, xristianlığın katolik qolunda 33, 50 və 150 dənəli, pravoslavlıqda 33 dənəli (Həzrət Isanın (ə) yaşını göstərir), anqlikan və lüteran kilsələrində müvafiq olaraq 33 və 18 dənəli, bəhailikdə 19-a bölünən 95 dənəli təsbehlərdər istifadə edilir. Islamda təsbehlər adətən, 33 və ya 99 dənəli olur. Çünki Allahın gözəl adlarının (əsmaül-hüsna) sayı 99-dur; təsbehlə deyilən zikrlərin sayı da ya 33, ya da 100 olur.

Islamda təsbehin tarixini Həzrət Fatimeyi-zəhranın (ə) adı ilə bağlayırlar. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməyə (ə) aşağıdakı qaydada zikr söyləməyi öyrətmişdi: 34 dəfə "Allahü əkbər”, 33 dəfə "əlhəmdü lillah” və 33 dəfə "sübhan Allah” (bu zikrə Həzrət Fatimənin (ə) təsbihi deyirlər). Həzrət Fatimə (ə) əvvəlcə bir ip götürub ona 100 ədəd düyün vurur və hər zikri deyərkən düyünlərdən birini çevirir. Sonralar Peyğəmbərin əmisi Həmzə Ühüd savaşında şəhid oldu və Fatimə (ə) Həmzənin qəbrinin torpağından bir az götürüb su ilə qarışdırdı, 100 ədəd xırda kürəcik düzəldib ortadan deşdi və ipə keçirtdi. Ilk təsbeh bu cür yarandı. Daha sonralar Imam Hüseynin (ə) məzarı yerləşən Kərbəla torpağından təsbehlər düzəltməyə başladılar (buna türbət təsbeh deyirlər). Hal-hazırda həm torpaqdan, həm də taxta, kəhrəba və plastikdən, təbii daşlardan təsbeh hazırlayırlar.

Klassik ədəbiyyatda isə təsbeh – riyakar sufilərin, mövhumatçı ruhanilərin xalqı aldadıb öz torlarına salmaq üçün istifadə etdikləri vasitə kimi təqdim edilir. Məsələn:
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma-oturma!
(M.Füzuli).

Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil!
Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!
(S.I.Nəsimi).
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri