Həzrət İsa (ə) və İmam Mehdi (ə.f)

Müəllif: Narın Yağış
Şərhlər: 1
Baxılıb: 2 012
Səs ver:
(səs: 0)
Dini mənbələrdə İsa peyğəmbərin (ə) Allahın izni ilə yerə enəcəyi, İmam Mehdiyə (ə.f) iqtida edərək namaz qılacağı barədə kifayət qədər məlumat vardır. Həzrət Muhəmməddən (s) nəql olunan bir hədisdə qeyd edilir ki, dünyanın sonuna bir gün qalmış olsa da, İmam Mehdinin (ə.f) zühuru gerçəkləşəcəkdir. Həmin vaxtda yer üzü Allah-Taalanın nuru ilə aydınlaşacaq, İmam Mehdinin (ə.f) hökuməti Şərq və Qərbi əhatə edəcəkdir.  Həzrət İsanın (ə) çoxluq təşkil edən  davamçıları  onun dəvətini qəbul edərək xilaskar kimi təqdim etdiyi İmam Mehdiyə (ə.f) beyət edəcəklər. Xilaskarı gözləmək, bir gün dünyanın zülm ilə dolduğu kimi ədalətlə dolacağaına dair inam bütün dinlərdə mövcuddur. Bu xilaskarın kimliyi, onun görəcəyi işlər barədə fikirlər, sözsüz ki, birmənalı deyil. Əhli-Beyt ardıcılları bu xilaskarın İmam Mehdi (ə.f) olduğuna inanırlar. Qurani-Kərim bir çox mövzunu möhkəm ayələr vasitəsilə sübut etmişdir. Onun mesajı ümumi olduğuna görə bu bilgidən faydalanmaq, həqiqətə qail olmaq üçün həqiqi mütəxəssis və müfəssir hesab edilən Peyğəmbər (s) və məsum imamlara (ə) müraciət etməliyik. Quran təlimi bizlərə yer üzərinin heç vaxt məsum rəhbərsiz – höccətsiz olmamasını öyrədir. Buna görə də Allah-Taala hər bir ümmətə hidayət olunmaları üçün peyğəmbərlər göndərmişdir. "Rəd” surəsi, 7-ci ayədə buyurulur: "Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır!” Bu ayədən belə bir nəticə ala bilərik ki, yer üzərində həmişə – qorxudan, doğru yol göstərən - ilahi rəhbərlər olmuşdur. Allahın yer üzərindəki höccətləri (bələdçiləri) bəşəriyyət üçün təhlükəsizlik və ilahi feyz mənbəyidir. Onların varlığı insanlar üçün xeyir-bərəkət və ilahi mərhəmətdir. "Nur” surəsi, 55-ci ayədə belə buyurulur: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd etmişdir. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!” Məsum imamlardan bizə çatan hədislərə görə, onlar bu şərif ayəni İmam Mehdi (ə.f) ilə əlaqələndirmişlər. Nəticə etibarilə, bunu qeyd edə bilərik ki, bəşəriyyət mövcud olduğu gündən yer üzü heç vaxt höccətsiz olmamışdır. Çağdaş zəmanəmizdə bu ilahi rəhbərlik İmam Mehdinin (ə.f) boynundadır. Allah-Taaladan o Həzrətin (ə.f) zühurunun tezləşməsini diləyirik!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri