Allah-Təala
bizə o bədəni, əli-ayağı, müxtəlif üzvləri xeyir işlərə sərf etmək,
yönəltmək üçün verib. Əlimiz var, amma bu dünyada əlsiz-qolsuz adamlar
da var; gözümüz görür, amma bu dünyada dünya işığına həsrət nə qədər
insanlar da var; dilimiz var, danışırıq, amma bu dünyada öz fikrinin dil
ilə ifadə etmək imkanından məhrum nə qədər Adəm övladı var; istədiyimiz
yerə gedirik, gəzirik, qalxırıq, otururuq, amma minlərlə yataq xəstəsi,
oturduğu yerdən tərpənə bilməyən müstər insan da var dünyada... Və
birdən-birə sən sahib olduğun bu qədər nemətin hamısının üstündən xətt
çəkirsən, hamısına xəyanət edirsən. Əlbəttə, bunun qarşılığı da ağır
olacaq.
Allah-Təala Nisa surəsində: "Özünüzü
öldürməyin, şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir"
buyurmaqdadır. Nə qədər də hikmətlidir, elə deyilmi? Bizi Yaradan
intiharı yasaqlayan kimi ardınca da bizə qarşı çox mərhəmətli olduğunu
bildirir. Görünür, burada intihar söhbətindən sonra Allah-Təala Özünü
çox mərhəmətlidir kimi təqdim edərkən, bizə ayılmağı, oyanmağı, o qəflət
halından mümkün qədər tez çıxmağı nəsihət edir.
Peyğəmbərimiz səhabələrinə, insanı həlak edən günahlardan uzaq
durmağı tapşırır və həmin günahları da belə sıralayır: "Allaha şərik
qoşmaq, cana qıymaq, yetim malını yemək, Haqq uğrunda savaşdan qaçmaq,
iffətli, mömin qadına zina iftirası yaxmaq".
Peyğəmbərimizin öncəki ümmətlərdə də intiharın yasaq olmasını
bildirib və buyurub ki, bir nəfər yaralarının ağrısına dözə bilmədiyi
üçün əllərini doğrayaraq qanaxmadan ölüb, Allah-Təala da bunun cəzası
olaraq cənnəti həmin bəndəsinə haram buyurub.
İslam tarixində də bənzər
hadisələr yaşanmışdır. Həzrəti Peyğəmbər Xeybər savaşında böyük
fədakarlıqlar göstərən Kuzman adlı bir səhabənin cəhənnəmə gedəcəyini
deyib. Bəzi səhabələr bu Xeybər qəhrəmanı haqda Rəsulullahın söylədiyini
dəqiqləşdirmək üçün Kuzmanı izləmiş və onun aldığı yaraların ağrısına
dözə bilmədiyi üçün qılıncının üzərinə uzanaraq özünü doğramaq yolu ilə
intihar etdiyini görmüşlər.
İntihar edənin axirətdəki cəzası intihar şəklinə uyğun olaraq
verilir. Hədisi-şəriflərdə bu haqda belə bildirilir: "Kim özünü bıçaq
kimi kəsici alətlə öldürərsə, cəhənnəm atəşində ona həmin alətlə əzab
verilər".
"Dünyada ip və bənzəri şeylərlə özünü boğan şəxs cəhənnəmdə də
özünü boğar, dünyada özünü vuran cəhənnəmdə də özünü vurar (əzabı belə
olur)".
"Kim özünü bir dağın başından ataraq öldürərsə, cəhənnəm oduna da
əbədi olaraq elə girər. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəmdə
zəhər qədəhi də əlində olduğu halda davamlı cəza çəkər".
Onu da bildirək ki, can Cənabi-Haqqın insan oğluna verdiyi ən böyük
əmanətdir. İnsanın öz müdaxiləsi olmadan ruh bədəndən ayrılıncaya qədər
bu əmanəti qorumaq hər kəsin borcudur. Ona görə də insanın mənəvi və
fiziki sıxıntılara, ağrı-acılara sonuna qədər səbir göstərməsi, dözməsi
İslamın təbliğ elədiyi əsas həqiqətlərdən, məntiqlərdən biridir. Əks
halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edə
biləcəyini düşünən şəxs getdiyi qəbir həyatında və daha sonrakı
mərhələlərdə heç vaxt ağlına gətirmədiyi böyük dəhşət və fəlakətlərlə
qarşılaşır.
Həyat ən pis şərtlər içində
olsa belə, yenə gözəldir, çünki ruh bədəndə olduğu müddətdə insanın
Allahdan ümidi kəsilməməlidir. Hər gecədən sonra bir gündüz, hər
çətinlikdən sonra bir asanlıq, rahatlıq vardır. Bəndənin Allaha
yönəlməsi və Ondan yardım istəməsi hər cür sıxıntı və problemlərin
çözülməsinin başlanğıc nöqtəsidir. Uca Yaradan heç umulmayan,
gözlənilməyən yerlərdən və istiqamətlərdən elə qapılar açar ki, özün də
məəttəl qalarsan. Çünki Onun hər şeyə gücü yetir. Allaha sığınan bəndə
Ondan güc alır və Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə,
mətanətlə hər cür dünya sıxıntısı qarşısında duruş gətirə, müqavimət
göstərə bilir.
Həzrət İbrahimi yandırmaq üçün dağ boyda tonqal qalayırlar, alovun
təsirindən yaxınlaşmaq mümkün olmadığı üçün bu uca Peyğəmbəri mancanaqla
odun içinə atırlar. Bütün ruhu, varlığı ilə Allah-Təalaya təslim olmuş
Həzrət İbrahimin könlü rahatdır və mələklər havada ona yaxınlaşıb yardım
göstərmək istədikdə "Hasbin Allah" söyləyir, yəni Allah mənə yetər, mən
Onun bəndəsiyəm, mən Onun köləsiyəm, O görürkən, O baxırkən başqa
kimsənin yardımını istəməm. O, mənə nəyi rəva görürsə, canıma minnət!
Onun narı da xoş, Onun nuru da xoş!
İbrahimi, bir sevda ilə Allaha təslim olanı odmu yandıra bilər,
buzmu dondura bilər, torpaqmı çürüdə bilər?!- Əsla, əsla, əsla!!! Necə
yandırmadı da, dondurmadı da, çürütmədi də...
Həzrət İbrahimin (ə.s.), Həzrət Məhəmmədin (s.ə.s.) yolunda
olduğunu söyləyən kəs odda yandırılacağını, buzda dondurulacağını,
tikə-tikə doğranacağını bilmiş olsa belə, cana qıymaz. Can Allahın
əmanətidir, Allahın əmanətinə əl qaldırmaq Allaha qarşı haqsızlıqdır.
İntihar, Allah-Təalanın yazdığı, təqdir etdiyi taleyə, qədərə etirazdır,
üsyandır.
Bədənimiz bizim ruhumuz, canımız üçün Allahın inşa etdiyi bir
binadır, daha doğrusu, hələ ilk insan Həzrəti Adəmi yaradarkən Öz
ruhundan üflədiyi və bizim hələ nə olduğunu tam bilmədiyimiz o
abi-həyatın, varlığımızın, diriliyimizin sarayıdır.
Kəbə -
Allah evidir, amma insan əli ilə inşa edilir; bizə verilmiş bədən
əmanəti isə Allahın insan üçün inşa etdiyi ruh evi, can sarayıdır.
Öz canına qıyan Allahın binasını yıxmış olur və bu əməlinin də hesabını verəcəyini ağlından çıxarmasın.