Mən gələrkən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 117
Səs ver:
(səs: 4)
Mən Rəsulallahın (s) gözünün nuruyam. Mən gələrkən Rəsulallah (s) məndən başqa ətrafında olanları tanımazdı. Bütün diqqəti məndə olardı. Bütün nəvazişi mənə olardı. Mən gələndə Əlinin (ə) rəngi saralardı. Mən gələndə Xanım Zəhra (s.ə) təngnəfəs olardı. Mən gələndə digər Imamların (ə) halı dəyişərdi, bədənləri titrəyərdi. Məni tanıyanlar bildilər ki, mən kiməm. Tanımayanlar da az sonra tanıyacaqlar.

Ey mömin, sən məni necə qarşılayırsan? Səndəmi mənim gəlişimi səbirsizliklə gözləyirsən? Səndəmi mən gələrkən Rəsulallah (s) kimi ətrafındakı insanları tanımırsan? Sənindəmi mövlan Əli (ə) kimi mənim gəlişimdən rəngin saralır? Yoxsa, sən mənim gəlişimdən xəbər tutmursan?! Yoxsa, sənin başın qatışır dünyana?! Yoxsa, sən digər işləri məndən üstün tutursan?! Yoxsa, mən gələndə deyirsən ki, gözlə, əlimdəki bu yazını qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə filankəslə danışım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə iclasımı qurtarım, səni sonra qarşılayım? Yoxsa, mən gələndə deyirsən ki, gözlə hələ, sənin vaxtın var gözləməyə, mənim bu işləriminsə vaxtı yoxdur, bitirməliyəm. Yoxsa, mən gələndə deyirsən ki....

Ey mömin, bir dayan! Axı, sənin bütün işlərinin bərəkəti məndədir. Axı səndən haqq-hesab günündə soruşulan ilk əməl - mənəm. Axı sənin izzətin məndədir. Axı sənin bütün dünya və axirət hacətlərin mənədir. Axı sənin...
Ey mömin, mən gələndə əlindəki işləri bir qoy. Oturduğun masanın arxasından qalx. Kompüterdəki işlərini dayandır. Telefonla danışığına ara ver. Harada olursansa-ol, kimliyindən aslı olmayaraq, kiminlə söhbət edirsənsə-et, mən gələndə məni qarşıla. Dükanını bağla. Çatını söndür. Məni qarşılamağa mən gəlmədən öncə hazır ol. Rəsulallah (s) kimi mənə nəvaziş göstər. Axı sən bu əməllərinlə məndən özün üçün dost yaradırsan. Mən gələndə, məni insanların içində, bu dünyada qərib qoyma, tənha qoyma ki, mən də hər kəsin səni unutduğu gündə səni tənha qoymayım. Sən mənə nəvaziş göstər ki, mən də sənə göstərə bilim. Mən gələndə məni qarşıla ki, mən də səni qarşılaya bilim. Sən məni hər kəsdən əziz tut ki, mən də səni tuta bilim. Sən məni...
Ey mömin, axı sən mənim vasitəmlə Rəbbinlə danışa bilərsən. Axı, sən mənim vasitəmlə Onun nəzərini özünə cəlb edə bilərsən. Axı, sən mənim vasitəmlə Ona qovuşa bilərsən. Axı, sən mənim vasitəmlə insanlar arasında, mələklər arasında şərəfləndirilə bilərsən. Axı, sən mənim vasitəmlə...

Ey mömin, hər şeydən əvvəl mən - sənə verilmiş bir əmanətəm. Bəli, mən əmanətəm, Rəbbin tərəfindən sən verilən əmanət. Sən gərək əmanətə sahib çıxasan, onu qoruyasan və sahibinə sənə verilən kim qaytarsan. Axı, bu əmanəti səndən başqa heç kim qəbul etmədi. Ey mömin, mövlan Əlinin (ə) mən gələndə rəngi saralardı. Ondan bunun səbəbini soruşanda, deyərdi ki, "Elə bir əmanəti qaytarmağın vaxtı gəlib çatmışdır ki, onu asimanlara və yerlərə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. İnsan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanətin əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox”. 

Ey mömin, Allahın əmanəti sənin yanına gələrkən, onu vaxtında və gözəl şəkildə qarşıla. Ey mömin, əmanətə xəyanət etmə. Ey mömin, indi tanıdın, mən kiməm?
Bəli, mən Rəbbin tərəfindən sənə verilən əmanətəm. Mən namazam.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri