Rəbbiuləvvəl ayının 12-dən 17-dək bütün dünya müsəlmanları İslam
Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd
edirlər.
Eyni zamanda bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə,
yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi kimi də qeyd
olunur.
Bu münasibətlə bütün müsəlmanları təbrik edir, Peyğəmbərimizin
gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı arzu
edirik. Qoy bu bayram hamınızın həyatına və imanına bərəkət gətirsin! Mövlud mərasiminin tarixçəsi
"Mövlud" sözünün ərəb dilindən tərcüməsi "doğuluş" deməkdir. Dini
termin olaraq, İslam müqəddəslərinin (xüsusilə, Həzrət Muhəmməd
Peyğəmbərin (s)) doğum gününün ildönümü münasibətilə təşkil edilən
təntənəli mərasimlərə deyilir. Əslində "mövlid" deyilməlidir, amma bu
sözün təhrif olunmuş "mövlud" variantı daha çox işlədilir. Fərq bundadır
ki, "mövlid" - doğum deməkdir, "mövlud" sözü isə "doğulmuş" mənasını
verir.
İslamın ilk əsrlərində mövlud bayramları keçirmək ənənəsi yox idi. Nə
Peyğəmbərin öz sağlığında, nə də raşidi xəlifələrin zamanında Onun
doğum günü qeyd edilmirdi. Tarixi məlumatlara görə, ilk mövlid məclisini
Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171)
nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların
iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlinin (ə) və
Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.
Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi
Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək,
mövlid mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram
tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak
edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə
dəvət olunurdular.
Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum
gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi
genişlənərək başqa ərazilərə də yayıldı.
Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində
keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq,
mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd
camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.
Mövlid mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu.
Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin
doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular.
Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata
paylanırdı.
Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün
ildönümündə dünyanın müxtəlif ölkələrində (o cümlədən, Azərbaycanda)
mövlid mərasimləri keçirilir. Şiə (cəfəri) məzhəbinə mənsub müsəlmanlar
Həzrət Əlinin, Həzrət Fatimeyi-Zəhranın, İmam Hüseynin və İmam Mehdinin
(ə) mövlidini də təntənə ilə qeyd edirlər.
Bəzi İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və
bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər
mövlid mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və
nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa,
haram deyildir. Əksinə, mövlid mərasimlərində Həzrət Mühəmməd
Peyğəmbərin (s) fəzilətləri sadalandığı, Islamın mahiyyəti açıqlandığı
üçün, bunları təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.
Tarix boyunca müxtəlif şairlər mövlidnamə qələmə almışlar. Təkcə türk
dilində 60-dan artıq mövlidnamə mövcud olduğunu yazırlar. Bunların ən
məşhuru Şeyx Ədəbalının nəslindən olan Süleyman Çələbi (vəf. 1422) adlı
şair tərəfindən XV əsrin əvvəllərində türk dilində yazılmış
"Vəsilətün-nicat" (Qurtuluş vəsiləsi) mövlidnaməsidir. Əsasən, Türkiyədə
keçirilən mövlid məra-simlərində Süleyman Çələbinin mövlidnaməsinin
böyük bir hissəsi avazla oxunur. Oxunan mətn 6 bölümdən ibarətdir. Hər
bölüm fərqli bəhrlər (avazlar) üzərində ifa edilir. Tövhid, Nur,
Vəladət, Mərhəba, Merac, Minacat adlanan bəhrlərin oxunuşu zamanı Səba,
Hicaz, Rast, Üşşaq, Hüzzam və s. muğam avazlarından istifadə edilir.
Yalnız Peyğəmbərin vəfatı bölümünü avazla oxumurlar. Mövlidnamənin
başlanğıcında və bölümlərin arasında Qurandan ayələr tilavət edilir.
Həcminin böyüklüyünə görə, Mövlidnaməni adətən bir neçə şəxs (mövlidxan)
növbə ilə ifa edir. Mövlidnamənin avazını XVII əsrdə Bursalı Səkban
adlı bəstəkar bəstələmişdir.
Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü
rəbiüləvvəl ayının 12-də qeyd edilir. Şiələr fərqli rəvayətlərə
əsaslanaraq, mövlidi rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə
ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı
beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq
məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu
həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər
keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir,
həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.