Əziz
möminlər, Uca Allah insanlara nəyi qadağan edibsə, onların nəticə
etibarilə insana ziyanı var. Nəyi də halal etmişsə onun insanlar üçün
xeyiri var. Misal üçün, əgər içki içmək, qadağan edilibsə bunun insan
sağlamlığına və ümumilikdə cəmiyyətə zərərləri var. Bu
günkü mövzumuz olan fala gəldikdə, İslam fala baxmağı da baxdırmağı da
qəti şəkildə qdağan edib və bu əməllə məşğul olmağı küfr saymışdır.
İslam bu əməli küfr olaraq qəbul edirsə demək ki, bu işində fərd və
cəmiyyət üçün bir çox zərərləri vardır. Bunun üçün mən də müsəlmanam
deyən hər bir kimsə fala baxmağı da baxdırmağıda eyni günah olaraq
görməli və bu çirkin oyunun bir parçası olmamalıdır. Ancaq çox
təəssüflər olsun ki, nəyinki müsəlman cəmiyyətimizdə dinimizə zidd olan
bu əməllərin qarşısını almaq hətta onların reklamına da geniş yer
ayrılır. Televiziya kanallarımızdan qəzet səhifələrimizədək bütün
mətbuatımızda bunun şahidi oluruq. Müsəlman xalqımız isə dini tədris və
təbliğin kasadlığı üzündən özləri də bilmədən bu günahlara şərik olur.
Möhtərəm
müsəlmanlar, falçılıq elmi ta qədimdən bəri məşğul olunan batil
elmlərdəndir. Bunun müxtəlif növləri var. Oxlarla, ulduzlarla, quşlarla
və s. Ən məşhur fal növlərindən biri də ulduzlarla baxılan kəhanət
elmidir. Kahinlik və sehirbazlıq sayılan ulduz elmi qeybdən və gələcək
haqqında xəbərlər verməkdir. Peyğəmbər (səs) belə buyurur: "Rəbbiniz nə
buyurduğunu bilirsinizmi?” Səhabələr: "Allah və Rəsulu daha yaxşı bilir”
– dedilər. Allahu-təalə buyurdu ki: "Qullarımdan bir qismi Mənə iman
edərək bir qismi də kafir olaraq səhərə çıxdı. "Allah fəzli və rəhməti
ilə bizə yağış yağdırdı”-deyən mənə iman etmiş, ulduzları da inkar etmiş
olaraq səhərə çıxdı. Kim də "filan və filan ulduz sayəsində bizə yağış
yağdırırldı” dedisə, o da məni inkar etmiş, ulduza isə iman etmişdir”
Bütün
bu qeyd edilənlərdən məlum olur ki, fala baxmaqda baxdırmaqda
haramdır. Ona iman edən də küfrə bulaşmış olur. Qədim zamanlardakı
falçılıqla bu günkü arasında şəkil baxımından fərqlər olsa da mahiyyət
baxımından çox bənzərliklər var.
Əziz möminlər, bəzən falçıların dedikləri doğru çıxa bilər. Amma bu onların haqq olmasına dəlalət etməz.
Falçının
yanına gedən insanlar əsasən öz əməllərinə haqq qazandırmaq üçün belə
bir sual verirlər: "Bəs necə olur ki, falçı bəzən bir çox şeyi olduğu
kimi deyir, bəs o bunları hardan bilir.” Quran ayəsindən məlum olduğu
kimi, fal şeytan əməlidir. Şeytan bəzi qeybi məsələlərə məlumatlı olur
və falla məşğul olanlara bəzi məlumatları pıçıldayır və falçı da bunları
fala baxdırmağa gələn insana söyləyirlər.
Bu proses belə baş verir: cinlər arasında da, insanlar kimi Allaha
ibadət edəni və şeytana uyanı var. Cinlər fiziki cəhətdən insandan
güclüdürlər, misal üçün hədislərdə bir cində qırx kişi gücü var və
cinlər göyün birinci qatına kimi qalxa bilirlər kimi məlumatlar var.
Həmçinin, göydə mələklərin müxtəlif mövzularda, insanların taleyi və
işləri haqda söhbəti olur. Deməli, cin göyə qalxıb mələklərin
söhbətlərinə oğrun-oğrun qulaq asmaq istəyəndə, bir-iki şey eşidir, çox
qala bilmir, ulduzlar onu yandırır, o da enir yerə və eşitdiyi cüzi
məlumatı falçıya pıçıldayır. Falçı da bunları qarşısındakı insana deyir.
Bədbəxt falçı da zənn edir ki, bu ona Allah tərəfindən verilən
"vergi”dir.
Fala
baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir.
Halbu ki, qeybi Allahdan başqa heç kəs bilməz. Kim də qeybi bildiyini
iddia edərsə Allahın Qurani Kərimdə nazil etdiyi bu ayəni inkar etmiş
olar.
Uca Allah buyurur: "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O
(Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə
bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə
bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda) olmasın!”
Hətta
Peyğəmbərimiz (səs) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən
başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səs) qeybi bilsəydi
özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: "(Ey
Peyğəmbər! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir
xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki,
(özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada
daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman
gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq
qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”
Elə
ona görə də Peyğəmbər (səs) kahinlərin və fala baxanların yanına gedən
insanlar barəsində belə demişdir: "Kim kahinin (fala baxanın) yanına
gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş
Qurana küfr etmiş (onu inkar etmiş) olur.” Çünki
fala baxanın yanına gedən şəxs, sanki iddia edir ki, qeybi Allahdan
başqa fala baxan da bilir. Bu da Allahın ayəsini inkar etmək deməkdir.
Falçılar nəyinki kiminsə bir problemini həll edir tam əksinə insanların arasına düşmənçilik salır. Məsələn, falçıların
dediyi əsas sözlərdən biri də budur: "Filankəs sənə cadu edib, etdirir
və ya etdirəcək”. Sonra da həmin o filankəsin bəzi əlamətlərini sayır.
Sayır deyəndə ki, özünə görə bəzi şeylər uydurur, evinizə gəlib-gedir,
boyu belədir, saçının rəngi belədir və s… Falçıya inanan da həmin
əlamətlərdən öz düşmənini "müəyyən edir” : ya baldızıdır, ya qaynadası,
ya xalası qızıdır, ya qonşusudur, ya da başqa biri. Vəssəlam,
düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. Falçının
nəyinə lazimdir ki, onlar bir-biriləri ilə əlbəyaxa oldular, yoxsa
bir-birilərini öldürdülər, onsuzda cinayət məcəlləsində falçılıqla bağlı
bir şey nəzərdə tutulmayib.
Əziz
müsəlmanlar, xütbəmə bir ayə ilə son verirəm: "Ey iman gətirənlər!
Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən
olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”