Günah hər şeyi puç edər

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 517
Səs ver:
(səs: 0)
Qurani-Kərim ayələrində vurğulanır ki, insanlara endirilən bəlalar məhz günahların nəticəsidir. İstər fərdlər, istərsə də cəmiyyətlər səviyyəsində gələn müsibətlərin səbəbini günahlarımızda axtarmalıyıq: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır" (Şura, 30).

"Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz" (Rəd, 11).

Məsumların kəlamlarından bəlli olur ki, hətta dünyada baş verən bəzi təbii fəlakətlər və kataklizmlər də günahların nəticəsi ola bilər. İmam Cəfər Sadiq (ə) buyurub: "Dənizdəki canlıların həyatı yağışa bağlıdır. Yağış yağmayanda yerin həm quru, həm də su hissəsində pozuqluq baş verər. Bu hal günahlar çoxalan zaman yaranar" (Bihar əl-ənvar, 70-ci cild, səh. 349). Diqqət yetirin ki, bu hədisdə yağışı kəsən və qıtlıq yaradan günah konkret olaraq qeyd edilməyib və ümumilikdə günahın bu cür mənfi nəticələrə gətirib-çıxardığı buyurulur. Yəni günah sayıla biləcək bütün mənfi əməllər artanda təbiətin nizamı pozula bilər və nəticədə bütün canlı aləm bundan ziyan çəkər...

Həzrət Mühəmməd Peyğəmbər (s) günahın insan üçün nə qədər təhlükəli olduğunu bəyan edərək buyurmuşdur: "Günahlardan çəkinin, çünki günah yaxşılıqları (savabları) puç edər. Bəndə bir günah edər, (əvəzində) ona öyrədilmiş bir elmi unudar. Bəndə bir günah işlədər, (əvəzində) gecə namazına qalxmaqdan məhrum edilər. Bəndə bir günah edər, (əvəzində) əvvəl ona nuş (halal) olan ruzi harama dönər" (Bihar əl-ənvar, 73-cü cild, səh. 377). İmam Əli ibn Əbutalibin (ə) bir kəlamı da bunu sübut edir. Bir nəfər o həzrətin yanına gəlib gecə namazına qalxa bilməməsindən şikayət etdi və səbəbini soruşdu. İmam buyurdu: "Etdiyin günahlar sənə mane olur" (Vəsail əl-şiə, 5-ci cild, səh. 278).

Günah elə bir bəladır ki, xərçəng xəstəliyi kimi ruhda və cisimdə kök salar, qol-budaq atar, hər yeri bürüyər. Əgər insan öz ruhunu günahla baş-başa buraxsa, günah bütünlükdə ruhu öz təsiri altına alar, insanı dünya və axırət səadətindən məhrum edər. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "Hər bir bəndənin qəlbində ağ nöqtə (iman zərrəsi) var. Bəndə günah etsə, qəlbində qara nöqtə yaranar. Əgər günahından tövbə etsə, həmin qara nöqtə yox olub itər. Əgər günaha davam etsə, qara nöqtə böyüyər, axırda ağ hissəni də udar. Elə ki, qara hissə ağ hissəni uddu (özündə həll etdi), daha o bəndə heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-Təalanın kəlamı da buna işarədir: "Əslində onların qəlblərini qazandıqları (günahlar) bürümüşdür" (Mütəffifin, 14) (əl-Kafi, 2-ci cild, səh. 273).

Günahların insana vura biləcəyi ən böyük zərər qəlbi daşlaşdırmaqdır. Qəlbi daşlaşmış, yəni hər cür riqqət və şəfqət hissindən, mərhəmət və sevgidən məhrum olmuş insan dünyanın ən bədbəxtidir, onun islah olmasına ümid azdır. Hədislərdə buyurulur ki, məhz günahların çoxluğu insanın qəlbini daşa döndərər. Qəlbi daşlaşmış insan Quranın bu ayəsinin qorxulu timsalına çevrilər: "Sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu" (Bəqərə, 74).

Günah Allah-Təalanın nemətlərinin qarşısını kəsər, insanı bu nemətlərdən məhrum edər. Nemət deyərkən Allahın bəndələrə həm maddi, həm də mənəvi lütfləri nəzərdə tutulur. Allah-Təalanın bəzi nemətləri maddidir və bu dünyaya aiddir; məsələn, sağlamlıq, bol ruzi, gözəl övlad, saleh həyat yoldaşı, yaxşı dostlar və s. Bəzi mənəvi nemətlər isə həm dünyada, həm də axirətdə insana şamil olar; məsələn, iman, təqva, gözəl əxlaq, yəqin, dünya ləzzətlərinə laqeydlik, elm və mərifət, xalis ibadət, saleh əməllərə rəğbət və s. Günah bu nemətlərin hamısını yox etməyə və ya onların ləzzətini puç etməyə qadirdir. Günah sayəsində bəzi maddi nemətlər Allah-Təala tərəfindən geri alınar. Mənəvi nemətlərdən isə insan özü özünü məhrum edər. Günaha aludəlik onu gözəl xüsusiyyətlərdən, fəzilətlərdən uzaqlaşdırar, daha bunlara qarşı qəlbində sevgi və rəğbət qalmaz, onun yerini isə rəzalətlərə meyil, mənfi istəklər, şəhvət və qudurğanlıq tutar. İmam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyurmuşdur: "Allah bəndəyə nemət verdikdən sonra yalnız o zaman geri alar ki, bəndə günah edər və bununla də məhrumiyyətə layiq olar" (əl-Kafi, 2-ci cild, səh. 274).
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri