Həya ilə utancaqlığın fərqi

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 238
Səs ver:
(səs: 0)
Bismilləhir-Rahmənir-Rahim!

Bügünkü bəhsimiz həya mövzusu ətrafında olacaq. Həya - hər zaman, hər vəziyyətdə, hər durumda çox önəmli olan anlayışlardan biridir. İstər ölkə səviyyəsində, istər dünya səviyyəsində bu məfhumun insanlara çatdırılmasına xüsusi ehtiyac vardır. Digər tərəfdən, bəzən bu anlayışı utancaqlıqla qarışdırmaq hallarına rast gəlinir. Bununla əlaqədar, həya və onunla bağlı məsələləri araşdırmaq çox böyük əhəmiyyət kəsb edir.

Urbanizasiya və həya
Dünya inkişaf etdikcə, dəyərlərin nuraniyyəti daha da qabarır. Bu gün dünyada əqli, fikri, düşüncə müstəvilərində müzakirələr gedir ki, həya kimi mövzular faydalıdır, yoxsa yox. Bu kimi anlamlar insanı inkişafa aparır, yoxsa inkişafdan saxlayır. Həya və bu kimi məfhumlar insanların özünün böyütdüyü, şişirtdiyi məsələlərdir, yoxsa toplumun həqiqi yaşaması, həqiqi inkişafı üçün zəruri olan elementlərdəndir?
Həya və bu kimi mövzular ətrafında gedən müzakirələr abstrakt xarakter daşımır. Bəşəriyyət səviyyəsində dəyərlərin savaşı gedir. İnsanın əmək aləti, robotlaşmış ünsür, istehsal vasitələrinin əlavəsi olaraq yol getməsi, yoxsa düşünən, öz yüksək missiyasını yerinə yetirən bir varlıq olması kimi iki diametral zidd nəzər arasında mübarizə gedir. Ailə institutu, sədaqət, dostluq, isti münasibətlər, insanlar arasında səmimilik - bütün bunlar qədim formasiyalardan qalma şeylərdir - deyə iddialar var. Və bunları layiqli cavablandırmaq gərəkdir.
Bu müzakirələr mürəkkəb proseslərin fonunda gedir. Belə ki, şəhərləşmə, urbanizasiya prosesləri nəticəsində ənənəvi əlaqələr, öncə sıx olan bağlantılar zəifləyir. İnsanlar arasında münasibətlər yarırəsmi formata keçir, sadəlik itir. Belə məsələlər həya kimi dəyərlərin arxaik xarakter daşıdığını, qədim toplumlara xas olduğunu iddia etməyə bəhanə verir. Bunlar iddia edirlər ki, müasir həyatda bu kimi mövzular artıq əvvəlki önəm daşımır, mənən köhnəlib.
Belə demək olarsa, müasir dünyada insanların çatdığı maddi tərəqqiyə rəğmən həya və bu kimi məsələlərdə çox ciddi bir boşluq var, ciddi bir defisit, çatışmazlıq var. Üstəlik, bəzən də deyilir ki, elə belə də olmalıdır. Guya bu, normal bir haldır. Guya bunlar o qədər mühüm bir məsələ deyil və texnoloji inkişafla bağlı problemlərin fonunda böyük əhəmiyyət kəsb etmir.

Qüvvələrin yerində istifadəsi

Həya haqqında danışmaqdan öncə bir mühüm məsələni qeyd etmək lazımdır. Allah Təala insana bir çox lütflər, bir çox inayətlər edib. Onlardan da vacibləri sırasında olanlar - potensial qüvvələrdir.
Bütün bu qüvvələrin tətbiqinin bir əsas şərti vardır. Bu şərt, qüvvənin optimal istifadəsinə qayıdır. Əgər insan öz daxili qüvvələrini yerində istifadə edirsə, nəticə gözəl olacaq. Heç istifadə etməyəcək, o qüvvəni donduracaqsa - çox pis olacaq. Həddən artıq istifadə edəcəksə - bu, başqa problemlərə gətirib çıxaracaq.
Amma bu qüvvəni insana Allah verib. Boş yerə də verməyib. Misal üçün qəzəb qüvvəsi. O yerdə ki, insan qəzəblənməlidir, qəzəblənməyəcəksə - ona verilən nemətdən düzgün istifadə etməyibdir. O yerdə ki, qəzəblənməməlidir, qəzəbini saxlamalıdır, amma qəzəblənibsə - yenə də neməti israf edib, düzgün istifadə etməmişdir. Yaxud, yer var ki, insan şəfqət və mərhəmət göstərməlidir, yer də var ki, mərhəmət göstərməsi özünə, insanlara, bəşəriyyətə zülm etmək deməkdir. Elə şeylər var ki, insan bunlara məhəbbət bəsləməlidir, bəsləməsə - zülm etmiş olur. Övlada məhəbbət, həyat yoldaşına, valideynə, dostlarına, Allah bəndələrinə məhəbbət. Yer də var ki, məhəbbət bəsləməsi haramdır. Burada məhəbbət hissinə yol versə, özünü əzaba mübtəla edəcəkdir. Zülmə, günaha, ədalətsizliyə məhəbbət kimi.
Eyni qüvvədir, amma müxtəlif şəraitlərdə müxtəlif şəkillər alır, müxtəlif kateqoriyalara aid edilir və müvafiq olaraq, insanın müqəddaratı üçün, həyat və axirəti üçün müxtəlif nəticələrə səbəb olur. Qəzəb qüvvəsindən qaydasında istifadə edəndə - olur şücaət. Şücaət - Insanın qəzəb qüvvəsindən yerində və düz formasında istifadə etməsidir. Qəzəb qüvvəsindən yersiz yararlananda - olur zülm. Belə ki, bu hiss həddən ziyadə sıxılanda, təfritə varanda - olur qorxaqlıq. Bir qədər ifrata varanda isə olur dəlisovluq. Dinimiz nə ifratı bəyənir, nə də təfriti. Amma qaydasında, yerində istifadəsinə yol verilsə - zəruri səciyyə əldə edir.

Həya - İffətin ən qabarıq təzahürüdür
İnsana verilən bu cür hiss və qüvvələrdən biri də iffətdir. İnsanda iffətlilik ruhiyyəsiylə bağlı bir hal var. Ümumilikdə götürsək, insanın içində olan qüvvələrdən biri kimi, şəhvətin də ifratı-təfriti bəyənilmir. İslam nə bunun dondurulmasının tərəfdarıdır, nə də bunun sərhədsiz buraxılmasının. Öz qaydasında, öz yerində, öz lazımi həcmində tətbiqinə nail olmaq gərəkdir bu hissin. Mahiyyət və formanın harmoniyasına nail olmaq, hissin tətbiqinin ən optimal zaman, məkan, məqamını tapmaq gərəkdir. Bu qüvvənin ən optimal istifadəsi iffət adlanır.
Həya hissinin bazasında iffət durur. İffət - şəhvət kimi bir qüvvənin nəzarət olunan, qaydasında tətbiqindən irəli gələn bir haldır. Digər hisslər kimi, İfrat-təfritə getmədən, qüvvəni dondurmadan və eyni zamanda nəzarətsiz, hüdudsuz, sərhədsiz duruma gəlməsinə imkan vermədən, bu hissi ən optimal formada istifadə etməlidir insan. İffətin əsas göstəricilərindən biridir həya. Dinimiz insana verilən qüvvələrin, imkanların, potensialların doğru realizəsini istəyir, bunları doğru üslub və tərzdə həyata keçirməyə dəvət edir. Bu proses iradəvi olanda, nəzarətli olanda, əqlani olanda bir başqa bərəkəti olur, nəzarətsiz və başlı-başına buraxılanda - Insanı öz ardınca aparır, deqradasiyaya sürükləyir.
Əslində dinya bir çox maddi irəliləyişlərə çatmışdırsa da, həyanın bunlarla deyil, insanın vücudi inkişafı ilə bağlı olması daha qabarıq surətdə bəlli olur. İnsanın fitrətində qoyulan hisslərin təzahürü texnoloji amillərə deyil, onun insan olaraq optimal inkişafından, öz yerini tapmasınan və tutmasından asılıdır.
Bildirdik ki, həya - iffətin göstəricisidir. İmam Əli (ə) bununla əlaqədar buyurmuşdur: "Həya - iffətliliyin səbəbidir".
Bunların arasında belə bir bağlantı var. İstər insanın fərdi həyatında, istər toplumdakı birgəyaşayışında həya - ən önəmli məsələlərdəndir. Və həya bilgiyə, mərifətə bağlı olan məsələdir. Fərdin məlumatı, bilgisi, mərifəti, anlayışı, dərki nə qədər çoxdursa, həyası da bir o qədər artıqdır. İnsanın mərifəti çox olduqca, həyanı yerində işlətməsi və realizə etməsi məsələsi də bir o qədər real olur.

Həyasızlıq - cahilliyin məhsuludur
Əksinə, həyasızlıq, həyadan məhrumluluq - cahilə, nadana xasdır. Həyasızlıq - cəhalətin məhsuludur. Adamlar və toplumlar nə qədər həyaya sahib çıxırlarsa, bu, həmin fərddə və o toplumda mərifət, anlayış, tanıma məsələlərinin qaydasında olmasına bir sübutdur. Və müvafiq olaraq, nə qədər həyadan məhrumdursa, bir o qədər mərifətin, tanımanın azlığından xəbər verir. Həyanın bünövrəsində mərifət durur. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: "İnsanların ən ağıllısı - onların ən həyalısıdır".
İnsanın ağlı, mərifəti, dərrakə və düşüncəsi nə qədər yuxarı gedirsə, o qədər çox anlayır ki, necə özünü aparmalıdır, nə formada, nə qaydada, nə tərzdə özünü aparmalıdır. Həya - əqlin göstəricilərindəndir. Həyadan məhrumluq insanda nə qədər çox sezilirsə, həqiqi mənada əqldən məhrumluqdan o qədər çox danışmaq olur.
Əfsus ki, həyaya münasibət heç də birmənalı deyil. Bəzən həyasızlıq zirəklik, bir növ bacarıqlıq kimi qələmə verilir, qabiliyyətlilik kimi təqdim olunur.
Həyanın önəmli cəhətlərindən biri - onun mənfiliklərin qarşısını alan olmasıdır. Həyaya sahib olan insan üçün, bu xüsusiyyət pisliklərdən çəkinməkdə kömək olar. İmam Əli (ə) buyurur: "Həya pisliyə mane olar".
Həyasız insan daha rahat günah edər, pisliklərə, eybəcərliklərə daha tez və daha rahat gedər. Həya sahibi isə ayıb bilər özü üçün eybəcərliyi, yaxın buraxmaz bunu. Pis iş görməkdən, günah etməkdən həya edər.
Həya müsbətliklərə aparır. Bir çox şeylər var ki, insanı mənfiliklərə aparır. Məsələn, içki, qumar, narkotik, yalan, paxıllıq, bədgümanlıq və bir çox digər şeylər və xüsusiyyətlər var ki, hətta azı da çoxdur. İnsanda hər nə qədər az miqdarda da olsa, pis xüsusiyyətlər yenə də mənfiliyə aparandır, fəsada aparandır. Belə şeylərə meyil etdikdə, insanın həyası itir. Nə qədər insan içkiyə, narkotikə çox qurşanırsa, bir o qədər özünü həyadan məhrum edir. Əqli azalır, anlayışı azalır. İnsan içkili halda bir işlər görər ki, ayıq vaxtda heç zaman buna qol qoymaz.

Həya - bütün yaxşılıqların açarıdır
Əmirəlmöminin (ə) buyurur: "Həya - hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir".
Həya - bütün yaxşılıqların açarıdır. Həya - imanın cövhərindədir. Həya olmayan yerdə din yoxdur, inanc yoxdur. İmam Cəfər Sadiq (ə) buyurur: "Həyası olmayanın imanı yoxdur".
Hər kim ki, həyadan məhrumdur, o, imandan da məhrumdur.
Bugünkü dünya - təqdimat dünyasıdır. Hərə öz məktəbini, düşüncəsini, məfkurəsini təqdim edə bilər. Mübarək İslam dinini təqdim etmədə bir çox məsələlər var. Bu dini tanıtdırmağın bir çox yolları var. Ən gözəl yollardan biri - Məsumların (ə) dinimiz barədə olan təqdimatlarına müraciət etməkdir. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər dinin öz təbiəti vardır. İslamın təbiəti də həyadır".
Dinimizin cövhəri həyadır. Həyalılıq - islam camiəsinin ana xətlərindən, ən köklü məsələlərindəndir. Fərddə nə qədər həyalılıq artırsa, İslam onda bir o qədər təzahür edir. Nə qədər toplumlarda həyalılıq artırsa, bir o qədər həmin toplumlarda İslamın yaşanmasından danışmaq olur.
Amma təəssüflər olsun ki, müasir dünyada bu məsələ günbəgün çətinləşir. Sanki hər şey ona xidmət edir ki, uşaqlar uşaq ikən həyadan məhrum olsunlar. Pərdələr yırtılır, uşaq-böyük münasibətlərində həya pərdələri aradan gedir. Sanki mühitlərdə elə bir ab-hava əmələ gəlib ki, nə qədər tez bu həya pərdəsi aradan getsə, o qədər tez "rahatlıq" gəlir. Qalan şeylər daha asan başa gəlir həya aradan gedəndə. Həya aradan gedəndən sonra, uşaq özündən, valideynindən, böyüyündən, ətrafından həya etməyəndə, artıq digər mənfilik və pis xislətlərin ona yol tapması xeyli asanlaşır.
İnsanda həyaya meyillilik fitri bir məsələdir. Bir vücudi qoruyucu mexanizmdir həya. Bu, itəndən sonra, çox məsələlər baş verə bilir. Artıq mənəvi immun sistemi zədələnmiş bir halda olur.

Utancaqlığın həyaya aidiyyəti yoxdur

Nəzərə almaq lazımdır ki, mənəvi immun sisteminin özülü olan həyanın aradan getməsi prosesi hansısa mücərrəd üsul və yollarla baş vermir. Verilişlərdən, reklamlardan, müəyyən tipli musiqilərdən tutmuş, uşağın yanında edilən söhbətlər, yol verilən əməllər həyanın aradan getməsinə səbəb olur.
Baxmayaraq ki, bir çox mühitlərdə, o cümlədən bizim toplumda abır-həya mövzusu hər vaxt fundamental səciyyə daşıyıb, insanlar hər zaman buna önəm verib, bunun qorunması avtomatik baş verə bilmir. Hərə bu işə öz töhfəsini verməli, öz qoruyuculuğunu etməlidir. Xüsusən də, həya kimi dəyərləri arxaik, vaxtı ötmüş, öz missiyasını yeriən yetirmiş bir dəyər kimi yeritmək cəhdləri edilən bir situasiyada. Bu vəziyyətdə hər bir insanın fərd olaraq özünün və toplumun üzvü olaraq ümumilikdə bu mənəvi aşınmanı önləməsi böyük əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, həyanı utancaqlıq kimi yeritməyə yönəli cəhdlərə də toxunmaq lazımdır. Həyalılığın utancaqlığa heç bir aidiyyəti yoxdur. Utancaqlıq tamamilə başqa bir xüsusiyyətdir, həya isə iffətə gətirən bir xislətdir. Dinimiz həyalılığı nə qədər dəstəkləyirsə, utancaqlığı da bir o qədər təqdir etmir. Həzrət Əli (ə) buyurur: "Utancaqlıq ruzinin yolunda bir maneədir".
Utancaq adam haqqını tələb etməz, yersiz surətdə çəkinər. İmam Əli (ə) buyurur: "Hər kim haqqı deməyə utanırsa - ağılsızdır".
Həya mərifət və əqlə söykənir, utancaqlıq isə cəhalət və nadanlığa. Həyanın lazımlığa, əqlaniyyətə söykənməyən bu utancaqlıq hissi ilə əvəzlənməsinə yol vermək olmaz. O yerdə ki, həya etmək lazımdır - dinimiz bunu ağlın təzahürü sayır. Amma o yerdə ki, mövqe sərgiləmək, haqqı demək gərəkdir, hansısa surroqat, yanlış dəyərlərin təsirilə insan bunu etməyə utanırsa - bunu dinimiz ağılsızlıq hesab edir.

Aşkarda və gizlində həya
Toplum həya mövzusuna həssas yanaşmalıdır. Əmirəlmöminin (ə) buyurur: "Camaatdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz".
İctimada həyasızlığın ayaq açıb yeriməsinə yol verilməməlidir. Çünki, camaatdan abır etməyən ünsür, günah etməkdən, Allaha asi olmaqdan, zülm törətməkdən çəkinməz. İctimai rəy burada mühüm saxlayıcı, qoruyucu və qabaqlayıcı amillərdən olmalıdır.
İmam Museyi-Kazım (ə) buyurur: "Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin".
Bəzən insan aşkar günahdan çəkinir, ictimai rəydə özü barədə mənfi təəssürat yaratmaqdan ehtiyat edir. Amma gizlində günah edə bilir. Beləsinə müraciətlə dinimiz ayıldıcı mesajlar ünvanlayır, Allah Təalanın hər şeyi görən olduğuna diqqət çəkir. Hansı vəziyyətdə olursa-olsun, həya insanla olmalıdır.
Dinimiz buyurur ki, ən üstün həya - insanın özündən həya etməsidir. İmam Əlidən (ə) nəql edirlər: "Həyanın zirvəsi - insanın öz-özündən həya etməsidir".
Bu mövzu qayıdır izzəti-nəfs bəhsinə. Nə etməli ki, toplumlarda əxlaq artsın, izzət artsın, kamillik artsın, insanların harmonik inkişafı getsin? Nə etməli ki, şəxsdə insanlara qarşı məhəbbət hissi, vicdan hissi, həya hissi artsın?
Bunun üçün izzəti-nəfs artırılmalıdır. Topluma şəxsiyyət və ləyaqət hissi aşılanmalı, bu dəyərlər inkişaf etdirilməlidir. Şəxsiyyətli və ləyaqətli insan öz-özündən həya edər, iyrəncliklərə qol qoymaz. Özünə sığışdırmaz alçaqlıqları. Ona ehtiyac yoxdur kiminsə görməyinə görə nədənsə çəkinməsinə. Nə vaxt insan özünə hörmət edər? Özünü Allah dərgahında bilsə, Allah bəndəsi bilsə.
Allah Təala cəmi insanlar bu məsələləri dərk edib, riayət edənlərdən qərar versin! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri