Xoş gəldin, səfa gətirdin mübrarək Ramazan...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 483
Səs ver:
(səs: 0)

 

 

Bugundən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayaraq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida təkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər:

  • Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görəbiləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doyurun.
  • Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın. Orucdan 1 həftə əvvəl bu rejimə keçsəniz Ramazan ayında tezdən durmağa çalışacaqsınız. Xüsusilə axşam yeməklərini oruca başlamazdan əvvəl az yeməyə çalışın. Axşam menyusunun şorba, tərəvəz yeməyi, qatıq və çörəkdən ibarət olması məsləhətdir. Ramazandan əvvəl axşam yeməklərinizi bu şəkildə yesəniz orqanizminiz belə qidaya öyrəşəcək və iftarda ağır yeməyəcəksiniz.
  • Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.
  • Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.
  • Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sinaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!

 

Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi "fürsətlər" kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir.

1) TƏQVA VƏ RAMAZAN

Allah Təala Qurani-Kərimdə orucun qayəsini belə bildirir:

Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib qılındığı kimi qorunasınız deyə sizə də vacib edildi (Bəqərə, 2/183).

Bu tərcümə-məalda altından xətt çəkilən hissə ayənin Ərəbcə mətnindəki (Щ„Ш№Щ„ЩѓЩ… ШЄШЄЩ‚Щ€Щ† - ləalləkum təttəquun) ifadəsinin mənasıdır. Buradakı təttəquun feli təqva (ШЄЩ‚Щ€Щ‰) sözündən törəyib. Belə olan halda, ifadənin mənası "təqvalı olasınız deyə" olur. Təqva qorunmaq deməkdir. Bəs nədən qorunmaq? Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan... Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. İnsana bu cür təqva ruhunu aşılamağın yollarından biri də orucdur. Həm də qeyd edək ki, bizim dilimizə Fars dilindəki ruzə sözündən keçən oruc sözünün Ərəb dilindəki ekvivalenti də savm/siyamdır. Bu da öz növbəsində tutmaq mənası daşıyır: Özünü tutmaq, özünü saxlamaq. Başqa sözlə, oruclu olduğu halda özünü yemək, içmək və cinsi əlaqədən saxlamaq. Oruc tutan bir müsəlman özünü eyni zamanda Allahın qadağan etdiyi digər şeylərdən də qoruduğu vaxt orucun hədəfinə, yəni, təqvaya çatır. Ramazan ayında oruc tutmağın qayə və məqsədi budur; insanı təqvaya çatdırmaq, onu təqva şüuruyla əhatə etmək.

Həzrəti Muhəmməd (ə. s.) bu təqva çağırışının Ramazan ayı boyu hər gecə bəndələrə təkrar edildiyini bildirib:

Ramazan ayının ilk gecəsi daxil olduqda şeytan və cinlərin üsyankarları zəncirə vurular. Cəhənnəmin qapıları bağlanar; heç biri açılmaz. Cənnətin qapıları açılar; heç biri bağlanmaz. Və bir çağırışcı belə səslənər: "Ey xeyir istəyən (xeyir əməl etməyə) yönəl! Ey şər istəklisi, özünü saxla! (Çünki) Allahın qoruduğu kimsələr var". Bu, Ramazan ayı boyu hər gecə yerinə yetirilər (Tirmizi, Savm, 1; İbn Macə, Siyam, 2).

Oruc bu baxımdan sadəcə olaraq ac-susuz qalmaq, pəhriz saxlamaq deyil. Allah Ramazanda insanın özünü digər vaxtlarda olmadığı qədər "saxlamağını" gözləyir. Necə deyərlər, ona "indiyədək olmasa da, heç olmasa bundan sonra" mənasında bir fürsət verir, onun orucu pisliklərə qarşı sipər etməyini gözləyir. Peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) də orucun bu cəhətini vurğulamışdır:

Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: "Mən orucluyam, mən orucam", - desin və dalaşmasın (Buxari, Savm, 2; Müslim, Siyam, 164).

İnsan bunu bacarmadıqdan, yəni, özünü saxlaya bilmədikdən sonra orucun qayəsi olan təqvaya necə çatacaq? Peyğəmbər (ə. s.) belə buyurur:

Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur (Buxari, Savm, 8; Tirmizi, Savm, 16)!

Elə oruc tutan insanlar var ki, qazancları sadəcə olaraq aclıq və susuzluq çəkməkdir (İbn Macə, Siyam, 21).

Oruc ayələrinə başlarkən təqvanı vurğulayan Allah bu ayələri bitirdikdə bir daha eyni şeyi vurğulayır. Bununla da oruc-təqva münasibətində heç bir qaranlıq məqam və anlaşmazlıq qalmır:

...Bunlar Allahın hədləridir. Aman onları aşmayın! Beləcə Allah çəkinib qorunsunlar deyə  (Щ„Ш№Щ„Щ‡Щ… ЩЉШЄЩ‚Щ€Щ†) insanlara ayələrini yaxşı-yaxşı izah edir (Bəqərə, 2/187).

Belə olan halda, başa düşülür ki, Ramazanın verdiyi ilk fürsət təqvadır. Bu, qətiyyən əldən verilməməli olan bir fürsətdir. Biz nə olursa olsun, bu fürsətdən istifadə etməli, onu düzgün qiymətləndirməli, varlığımıza təqva qazandırmalıyıq.

2) QURAN VƏ RAMAZAN

Ramazanı ramazan edən dəyər Qurandır. Bunu aşağıdakı ayədən də yaxşı başa düşmək olar:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir (Bəqərə, 2/185).

Bu ayə nə məna verir? Siz dostlarınıza xoşladığınız, bəyəndiyiniz bir şeydən danışanda sözünüzə həmin şeyin ən yaxşı cəhəti ilə başlayarsınız. Əgər havasını çox bəyənmisinizsə, "mən bu il bir yerə istirahətə getmişdim. Havası o qədər gözəl idi ki..." deyərsiniz. Yaxud da sözünüzə o yerin sizin üçün həqiqətən də, gözəl olan mənzərəsindən və ya sakitliyindən başlayarsınız. Qısa desək, həmin yeri sizin üçün bir də gedilib görüləsi edən şey nədirsə, onu ön plana çıxararsınız. Allah Təala da Ramazan ayını bizə bu cür təqdim edir: Ramazan elə bir aydır ki, o ayda Quran nazil edilib. Əgər belə demək mümkündürsə, Rəbbimiz: "Nə olursa, olsun, Ramazanı Quranla keçirin", - deyir. Bu, "əgər siz möhtəşəm bir Ramazan ayı keçirmək istəyirsinizsə, bunu Quransız edə bilməzsiniz" deməkdir. Çünki Quransız bir Ramazan dadsız-duzsuz bir yeməyə bənzəyir: O yeməyi yeyərsiniz, amma ləzzət almazsınız.

Elə isə buradan belə bir nəticə çıxır: Bundan əvvəlki Ramazanları Quransız keçirmişiksə və Allah bizə bir fürsət də veribsə, bu il Ramazanı başqa cür keçirməliyik: Quranlı bir Ramazan. Biz Ramazanda başqa vaxtlarda olmadığı qədər Qurana vaxt ayırmalı və onunla öz aramızdakı münasibətlərə yenidən nəzər salmalıyıq.

Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilidlərimi var (Muhəmməd, 47/24)? Biz bu xəbərdarlığı nəzərə alıb oxuduğumuz Quranı anlamağa, anladığımızı da öz həyatımıza tətbiq etməyə böyük diqqət yetirməliyik. Belə ki, indiyədək məqsədimiz hər Ramazanda bir xətmi başa vurmaq idiysə, bu, bu Ramazan ayında başqa cür olmalıdır. "Oxuduğumu anlamağa çalışmalıyam", - deyərək özümüzə bir proqram tərtib etməliyik. Hər gün bir neçə ayə və ya 1 səhifə, yaxud 5, 10, 15 səhifə... Əgər bacarırsa, insan hər gün bir cüzü tərcümə-məalıyla birlikdə oxumalıdır. Necə olursa, olsun, fikir verməli olduğumuz əsl cəhət Quranı qəlbimizdə kök salması üçün ağır-ağır və aramla oxumaqdır. Çünki Allah Təala Quranı bu məqsədlə hissə-hissə endirmişdir: Kafirlər: "Quran ona bir dəfədə cəm formada endirilməli deyildi?", - dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə etdik (hissə-hissə endirdik) və onu tək-tək (tərtillə) oxuduq (Furqan, 25/32).

Nəticə etibarilə Bu Ramazan ayında Qurana - kitabımıza başqa vaxtlarda ayıra bilmədiyimiz qədər vaxt ayırmalıyıq. Bu da Ramazanın bizə verdiyi ikinci bir fürsətdir.

3) ŞÜKÜR VƏ RAMAZAN

Ramazan ayının bir o qədər də dilə gətirilməyən və tamamilə başqa olan daha bir xüsusiyyəti də var. Belə ki, Ramazan oruc və Quran ayı olmaqla yanaşı, eyni zamanda bir şükür ayıdır. Allah Təala orucla əlaqədar ayələrin davamında belə buyurur:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir... Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz (Bəqərə, 2/185).

Şükür təşəkkür deməkdir. Qədr-qiymət bilmək, bəndə olduğunu yada salmaqdır. Aciz olduğunun, Allah qarşısında verən deyil, alan əl olduğunun, ruziya möhtac olduğunun fərqinə varmaq deməkdir. Bir Ramazana da çatdırdığı üçün, bir daha fürsət verdiyi üçün, bu sevinci bir də yaşatdığı üçün Allaha təşəkkürün ifadəsidir.

Ramazanın - orucun başqa bir hədəfi də bəndələrə şükür şüurunu aşılamaqdan ibarətdir. Şükür bir sevincin xaricdə əks olunmasıdır. Ramazan kimi bir nemətə qərq olan möminə yaraşan bir təşəkkürdür.

İnsana ibadət etmək əmr olunduğu kimi şükr etmək də əmr edilmişdir:

Xeyr! Yalnız Allaha ibadət et və şükredənlərdən ol (Zumər, 39/66).

Təəssüf ki, bu əmri çox az insan yerinə yetirir.

...Allah insanlara çox ehsan etmişdir. Lakin insanların əksəriyyəti şükr etməz (Yunus, 10/60; Nəml, 27/73).

Şükür etməyin ziddi küfrani-nemətdir. Yəni, nankorluq etmək, özünü nemətlərin qarşısında görməməzliyə vurmaqdır. Allaha şükür etməyən Ona qarşı nankorluq edir.

Şübhəsiz ki, biz insana doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istərsə nankorluq (İnsan, 76/3).

Artıq Məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükür edin, nankorluq etməyin (Bəqərə, 2/152).

Bəndə şükür etdiyi vaxt Allah bundan necə deyərlər, məmnun olur, bəndəsinə verdiyi nemətləri daha da artırır. Lakin nankorluq etməyin cəzası da çox pisdir:

Əgər şükür etsəniz, əlbəttə, sizə (nemətimi) artıracağam və əgər nankorluq etsəniz, heç şübhəsiz, əzabım çox şiddətlidir (İbrahim, 14/7).

Əgər nankorluq etsəniz, bilin ki, Allah sizdən müstəğnidir; heç kimə və heç bir şeyə ehtiyacı yoxdur, amma bəndələrinin inkara düşməyinə razı olmaz. Əgər şükür etsəniz, bundan məmnun olur (Zumər, 39/7).

Siz şükür edib iman gətirdikdən sonra Allah sizi nə üçün cəzalandırsın ki? Allah şükür edənlərin mükafatını bol-bol verir və hər şeyi haqqı ilə bilir (Nisa, 4/147).

Şükür etməyən insan şeytanın hesabına işləyən insandır. Çünki şeytan Allahın hüzurundan qovulduğu və Qiyamətə qədər yaşamaq icazəsi aldığı vaxt Allaha belə demişdi:

"Elə isə", - dedi: "Sən məni azğınlığa məhkum etdiyin üçün mən də onlara nəzarət etməkdən ötrü Sənin doğru yolunun üstündə pusqu qurub oturacağam". "Sonra onların gah qabaqlarından, gah arxalarından, gah sağlarından, gah da sollarından dürtüləcəyəm; vəsvəsəyə salıb pusqu quracağam. Sən görəcəksən ki, onların bir çoxu şükür edən bəndələr deyillər" (Əraf, 7/16-17).

Budur, Ramazan ayı şükür etməyənlərə, edə bilməyənlərə təzə bir imkandır. Allah Təala növbənöv nemətlərilə yanaşı bizə şükür edək deyə Ramazan nemətini də bəxş edib. Elə isə bu Ramazan digər ramazanlardan bu cəhəti baxımından da fərqli olmalıdır. Həyatımızda Quranla birlikdə şükür etməyə də lazımi yeri ayırdığımız vaxt təqvalı bəndələrdən olmağa bir addım da yaxınlaşırıq.

4) DUA VƏ RAMAZAN

Oruc tutmaq və hökmlərinə dair 4-cü ayənin (Bəqərə surəsi, 183, 184, 185 və 187-ci ayələr) arasında yer tutan dua ilə əlaqədar olan ayənin mənasına diqqət yetirmək lazımdır:

Bəndələrim məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışıma cavab versinlər. Mənə güvənsinlər (iman gətirsinlər). Bəlkə, kamilləşərlər (doğru yolu taparlar) (Bəqərə, 2/186).

Belə çıxır ki, oruc tutmaqla dua etmək arasında sıx bir əlaqə var. Elə ki, orucluyuq, Quran oxuyur, şükür də edirik. Yəni, yuxarıdakı ayədə Allahın bizdən istədiyi kimi Ona cavab verir, Onun istədiklərini edirik. Eyni zamanda şəkk-şübhəsiz Ona güvənirik. Belə olan halda, növbə bizdədir: Əllərimizi açıb Ondan istəyək. Necə deyərlər, biz də Ondan cavab (əvəz) gözləyək. Ona yalvara-yalvara, için-için dua edək. Onun istədiyi kimi: "Rəbbinizə yalvara-yalvara və gizlicə dua edin. Çünki O, həddi aşanları sevməz" (Əraf, 7/55).

Duanın səmimiyyəti onun gizliliyindədir. Buna xüsusi diqqət yetirmək lazımdır. Əbu Musa (r. a.) rəvayət edir: "Bir səfərə (Xeybər səfərinə) çıxmışdıq. Camaat (yolda bir müddət) uca səslə təkbir gətirməyə başladı. Peyğəmbər (ə. s.) buna müdaxilə etdi: "Nəfslərinizə qarşı mərhəmətli olun. Çünki siz kar olan birinə xitab etmirsiniz, sizin xitab etdiyiniz qeyb də deyil. Siz görən, eşidən, (harada olursanız, olun) sizinlə olan bir Zata - Allaha xitab edirsiniz. Sizin dua etdiyiniz Zat sizin hər birinizə miniyinin boynundan daha yaxındır" (Buxari, Dəavat, 50, 67, Cihad, 131, Məğazi, 38, Qədər, 7, Tövhid, 9; Müslim, Zikr, 44; Tirmizi, Dəavat, 3, 59; Əbu Davud, Səlat, 361).

Oruc tutanın duasının iftar edənə qədər rədd edilməyən dualardan olduğunu peyğəmbərimiz (ə. s.) də müjdələyib (Tirmizi, Dəavat, 146). Deməli, dua da yuxarıda sadalanan təqva, Quran və şükür kimi fövtə verilməməli olan fürsətlərin bir digərini təşkil edir. Odur ki, biz Ramazan ayında bu fürsəti tapmayacaqmış kimi çoxlu-çoxlu dua etməliyik.

Buraya qədər deyilənləri xülasə etsək, aşağıdakı nəticələrə gələ bilərik:

Ramazan sadəcə olaraq ac qalmaqdan ibarət deyil. Ramazan insana müəyyən şeylər qazandırmaq üçün var. Bunların birincisi təqvadır. İnsan oruc tutduğu vaxt özünü hər növ pislikdən uzaq tutmaq üçün mübariz olmalıdır. Orucun qayəsi sıravi müsəlmanı müttəqi (təqvalı) müsəlman etməkdir. Odur ki, oruc ibadəti bu məsələ nəzərdən qaçırılmadan yerinə yetirilməlidir.

İkinci olaraq Quranla münasibətlər nəzərdən keçirilməli, əgər bu məsələdə nöqsanlar varsa aradan qaldırılmalıdır. Ramazanı ramazan edən dəyər olan Quran müsəlmanın gündəliyində başqa vaxtlarda olduğundan daha çox yer tutmalıdır. Bunun üçün səhur vaxtlarını hazır tikə kimi qəbul etmək mümkündür. Həmin vaxtda həm bədən dincəlmiş olur, həm də zehin bərraq və tərtəmiz olur. Elə isə Quranla iç-içə qalmağın əsl vaxtıdır. Bu imkan qətiyyən əldən verilməməlidir...

Və şükürlə dua... Bu Ramazan ayında bunlara da geniş yer ayırmalıyıq. Bu, nə vaxtımızı alar, nə dilimizi yorar, nə də işimizə mane olar!

Nəticə olaraq qeyd edək ki, tamamilə başqa cür, fərqli bir Ramazan üçün artıq hazırlaşmaq vaxtıdır. Bu sükunət və rahatlığı Rəbbimizin istədiyi kimi yaşayanlara dünyada bayram, axirətdə də cənnət vardır.

Səhl ibn Səd (r. a.) nəql edir: "Rəsulullah (ə. s.) buyurdu ki, cənnətdə Rəyyan deyilən bir qapı var. O qapıdan ancaq oruclular girər. Oruclular girdilərmi, artıq o qapı bağlanır. Daha heç kim oradan girə bilməz" (Buxari, Savm, 4, Bədul-Xalq, 9; Müslim, Siyam, 166 (1152); Nəsai, Siyam, 43; Tirmizi, Savm, 55).

Allah Təala bizə Ramazan ayını çox gözəl keçirməyi, axırında da bayram keçirməyi qismət eləsin.

İftar duaları

«Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli».
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"



«Allahummə ləkə sumtu və bikə əməntu ve əleykə təvəkkəltu və əla rizqıkə əftartu, fə təkabbəl minna. İnnəkə Sumtə's-səmiu'l-alim.»

Tərcüməsi:
«Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvenib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən»

«Zəhəbə'z-zamən, və'btələti'l-uruku və səbətə'l əcru inşaallah»

Tərcüməsi:
«Susuzluk getdi. Damarlar islandı. İnşaallah savab sabit oldu»

«Ya vasia'l-mağfirəti. vağfirli və li validəyyə və li'l-mu'mininə yəvmə yəkumu'l hisab»

Tərcüməsi:
«Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et»

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri