Narkotik asılılığı olan qadınların sayı niyə artır?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 242
Səs ver:
(səs: 0)
Onu “ağ ölüm” adlandırırlar. Amma bu qorxunc ad belə insanların ondan istifadəsinə mane olmur. Əvvəllər kişilərin daha çox meyl etdiyi narkotiklərdən bu gün qadınların da istifadə etdiyinin şahidi oluruq.

Belə ki, ölkəmizdə rəsmi qeydiyyata alınan narkomanların arasında qadınların sayı artıb. Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub. Ötən il yeni qeydiyyata alınan 2142 narkomanın 29-u qadındır.

Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çox üstünlük təşkil edir. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.

Bu rəsmi qeydə alınanlardır. Amma reallıq adətən, statistikadan dəfələrlə çox olur. Bəs ildən-ilə qadınların “ağ ölüm”ə meylini artıran səbəblər nələrdir? 30-45 yaşda qadınların narkotik istifadəsində çoxluq təşkil etməsi hansı faktorlarla bağlıdır? Ümumiyyətlə, problemin qarşısının alınması və narkoman qadınların sayının daha da çoxalmaması üçün hansı işlər görülür və görülməlidir?

İctimai qınağın zəifləməsi…
Psixoloq Orxan Oruc bildirdi ki, nəinki qadınların narkotik maddələrdən istifadə statistikası, həmçinin hamının zərərli vərdişlərdən istifadəsi ilə bağlı statistik göstəricilər artan xətt üzrə gedir. Bura qadınlar da daxildir, kişilər də, hətta yeniyetmələr də: “Bu statistikanın artmasının dəqiq səbəbini demək çətindir. Yəqin ki, siqaret və ya spirtli içki qəbul edən xanımların da statistikasına baxsaq, bu rəqəmin əvvəlki illərə nisbətən xeyli dəyişdiyini görə bilərik. Bu, cəmiyyətimizdə qadınların bu cür vərdişlərinə qarşı olan ictimai qınağın zəifləməsinin göstəricisidir. Əvvəllər bu qınaq daha güclü idi. İndi isə qadınların zərərli vərdişlərə meyilli olmasına qarşı cəmiyyət daha tolerant yanaşır. Sözsüz ki, burda qərb filmlərinin, seriallarının birbaşa təsiri var. Bu prosesə obyektiv baxsaq, “yaxşıdır” və ya “pisdir” demək bir qədər çətindir. İnsan haqları, bərabərhüquqluluq kimi dəyərlərə istinad etsək, heç kimin kiminsə şəxsi qərarlarına qarşı şiddətli qınaq göstərməsi doğru deyil, ancaq digər tərəfdən, bizim cəmiyyətə məxsus dəyərlər var ki, onlar bizə daha doğma və qədimdir”.

Psixoloq bildirdi ki, narkoman qadınlarının sayının çoxalmasının digər səbəblərindən biri də bu vərdişlərin gizlədilməsi ilə bağlı insanlarımızda düşüncənin dəyişilməsidir: “Əvvəllər də zərərli vərdişlərə meyilli qadınlar var idi, bəlkə də faiz ölçüsü ilə götürsək, yenə də eyni saydadır. Lakin əvvəllər bu zərərli vərdişlərə meyillilik gizli saxlanılırdısa, indi açıq- aşkar nümayiş etdirilməsi o qədər də qeydi-adi bir davranış hesab edilmir. 10 il əvvəl qadın sürücü bizi heyrətləndirə bilirdisə, indiki dövrdə siqaret çəkə-çəkə avtomobil idarə edən qadın sürücü bizi heyrətləndirə bilmir. Və biz cəmiyyət olaraq da bu cür mənzərələrə və görüntülərə alışmışıq”.

Ağrılardan qurtulmaq, əyləncə…
Sosioloq Cavid İmamoğlu deyir ki, qadınların narkotikdən istifadə məqsədləri öncə fərqli olur, amma onlarda asılılıq tez yarandığı üçün daha tez aludəçisi olurlar: “Qadınların narkotikdən istifadə etmə sayı statistikada artıb. Özü də qadınlarda bu asılılıq inyeksion səviyyədə olur. Çünki qadınlar narkotik asılılığına daha tez düşə bilirlər. Narkotik asılılığından əziyyət çəkən xanımların çoxunun məqsədi demək olar ki, narkotik istifadə etmək olmur. Məsələn, bəziləri ağrılardan azad olmaq üçün hansısa mərhələdə müxtəlif narkotik tərkibli dərmanlardan istifadə edirlər və potensial asılı insanlara çevrilirlər. Yaxud əyləncə üçün bir neçə dəfə istifadəçisi olurlar. İstifadə məqsədləri fərqli olsa da, müəyyən müddətdən sonra vəziyyət növbəti mərhələyə keçir və bədən daha ağır dozada narkotik tələb etməyə başlayır”.

C.İmamoğlu deyir ki, problemin qarşısının alınması üçün narkotik asılılığı olanlar vaxtında qeydiyyata düşməli, onlarla iş aparılmalıdır: “Azərbaycan reallığında Səhiyyə Nazirliyinin nəzdində bir sıra müəssisələr fəaliyyət göstərir ki, narkotik istifadəçilərini qeydə alırlar, onlarla müəyyən reabilitasiya işi aparırlar. Ən ağır forması olarsa, narkoloji dispanserlərdə müalicə edilir. Amma o səviyyəyə çatmaması üçün vaxtında müdaxilə olunmalıdır. Bu zaman isə cəmiyyətin mövqeyi önəmlidir. Qadınlar narkotik istifadəçisi olduqlarını gizlədirlər deyə, sona qədər bu məsələdə tək qalırlar. Asılı vəziyyətə düşüb, çarəsiz qalanda yaxınlarına müraciət edirlər, bu zaman artıq qeydiyyata düşürlər. Bu halda isə çox zaman müalicəsi çətinləşir”.

“Bizdə sırf tibbi nöqteyi-nəzərindən müalicə gedir”
Sosioloqun sözlərinə görə, müalicə prosesinin təsirli olması və narkotik asılılığından müalicə alanların sonra yenidən narkotikə meyl etməmələri üçün lazım olan işlər kompleks aparılmır: “Əgər qadında narkotikdən asılılıq olursa, onun ailəsi, yaxın ətrafı ilə münasibətləri də xoş olmur. İtirilmiş münasibətlər xanımlara təsir edir. Qadınların narkotik asılılığından müalicə olunandan sonra yenidən istifadəçi olmamaları üçün təkcə tibbi iş aparılmamalıdır. Mütləq psixoloji reabilitasiya da olmalıdır. Dünya praktikasında istənilən bir zərərli vərdişdən asılılığı aradan qaldırmaq üçün ən çox psixoloji yanaşma tətbiq olunur. Psixoloqlar, sosial işçilər qadınla, ailəsi, yaxınları ilə birgə işləyirlər. Təəssüf ki Azərbaycanda bu cür yanaşma yoxdur. Ona görə də bizdə sırf tibbi nöqteyi-nəzərindən müalicə gedir, qanı yuyulur. Amma qadının psixoloji durumu, ətrafındakı insanlarla heç bir iş aparılmır”.

“Maarifləndirmə işini genişləndirməliyik”
C.İmamoğlu qeyd etdi ki, indiki halda maarifləndirmə işinin genişləndirilməsinə də ehtiyac var: “Hər kəs bilməlidir ki, narkotikdən asılı olan şəxs bunu öz seçimi ilə bunu etmir. Onun bədənində psixoloji və emosional tələbat yaranır. Belələrinə kömək etmək, onları narkotik istifadəsinə təhrik edən mühitdən uzaqlaşdırmaq lazımdır. Düzgün yanaşma olarsa, problemin qarşısını almaq mümkün olar. Məktəblərdə, qəsəbələrdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirilməli, seminarlar təşkil edilməli, məscidlərdə moizələr oxunmalıdır. Televiziyalarda maarifləndirici verilişlərdə bu kimi mövzulara yer ayrılmalı, ekspert fikirlərilə yanaşı, real həyat hekayələri insanlara çatdırılmalıdır”.

Narkoistifadəçi qadınları müalicə və profilaktikaya cəlb etsələr…

“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bizimlə söhbətində bildirdi ki, açıqlanan rəqəmləri artım göstəricisi hesab etmir: “400-dən qalxıb 4-5 min olsaydı, onda artım olardı. Hazırda qeyri-rəsmi statistikaya, ekspert mülahizələrinə əsaslanaraq deyə bilərəm ki, narkotik asılılığından əziyyət çəkən qadınlarımızın sayı 3-4 min nəfərdir. Bizdə statistika çox zaman reallığı əks etdimir. Əgər narkoistifadəçi qadınları müalicə və profilaktikaya cəlb etsələr, rəsmi statistikanı bəlkə də 10 dəfəyə vurmaq lazım gələcək”.

Z.Mustafayeva deyir ki, rəsmi qeydiyyata düşmə istifadəçi qadınlar üçün narkotik asılılığın müalicəsində əlçatanlıq sayıla bilməz. Çünki Azərbaycanda narkotik asılılığından əziyyət çəkənlər üçün reabilitasiya proqramı belə yoxdur: “Qeydiyyata düşmələri vacibdir, amma onlarla hansı iş görüləcək? Bizim ölkədə bir dənə reabilitasiya mərkəzi yoxdur. Bizim Respublika Narkoloji Mərkəzdə 28 günlük detoksdan keçdikdən sonra istifadəçi yenə cəmiyyətə qayıdır və yenə də narkotikə üz tutur. Çünki kompleks psixoloji dəstək, reabilitasiya, həmin adamların ailəsi, sosial həyatı ilə əlaqəli şəkildə qurulan müalicə bizdə yoxdur. Ümumiyyətlə, narkomaniyanın müalicəsi deyilən anlayışa həkimlər də şübhə ilə yanaşırlar”.

“Qadınlar adətən narkotik istifadəçisi olan oğlanla evlənəndə…”

Z.Mustafayeva deyir ki, qadınların narkomaniyaya qurşanmalarının bizim ölkədə spesifik xarakterləri var: “Digər ölkələrdə qadınların narkotikə çıxışı 12-13 yaş arasında olur. Bizdə isə bu yaşda gənc qızların ağır narkotiklərə qurşanması halları demək olar ki yoxdur. Bizdə qadınlar adətən narkotik istifadəçisi olan oğlanla evlənəndə tora düşürlər. Ya da təsadüf nəticəsində ətrafındakılarla təmas zamanı aldadılıb (baş agrısı dərmanı və s.) narkotikə öyrədilə bilirlər. Müstəqil şəkildə narkotik tapmaq, istifadə etmək bizim qadınlar üçün qeyri-xarakterikdir. Amma məsələn, qadın istifadəçi oğlanla ailə qursa, əri arvadını özünə doza yoldaşı edə bilər. Kişilər öz arvadından narkotiki daşımaq, tapmaq, satmaq üçün rahatlıqla istifadə edir. Narkotikə öyrəşdirməyin müxtəlif yolları var”.

Birlik sədri bildirdi ki, narkotik istifadə edən qadınların leqallaşdırılıb, üzə çıxarılmasının tərəfdarıdır: “Onlarla daha çox profilaktik tədbirlər həyata keçirilməli, tibbi xidmətlərə çıxışları asanlaşdırılmalıdır. Bizdə narkotik istifadə edən qadınlar qeydiyyata düşməkdən qorxurlar. Çünki bu zaman qanunvericiliyə görə onların qarşısında bəzi baryerlər yarana bilər: məsələn, “sən narkomansan” deyə, uşaqları əllərindən alına bilər. Respublika Narkoliji Mərkəzdə “əvəzedici terapiya” – metadon kabineti fəaliyyəti göstərir. Orada əvvəlki illərdə 5 qadın varıydı. İndi o da yoxdur. Bu proqrama qadınların cəlb edilməsində ciddi müqavimət var. Narkoloji Mərkəzin həkimləri belə qadınların metadon qəbuluna daxili müqavimət göstərirlər. Çünki onlar da qadınlara bu məsələdə mental baxımdan yanaşırlar. Həmin proqramın mahiyyəti odur ki, əgər şəxsin orqanizmində immunitet uzun müddətli (ən azı 5 il) istifadədən sonra tamamilə aşagı düşürsə, detoks proqramının bir neçə dəfə effekti olmursa, bu halda əvəzedici terapiya tətbiq olunur. Metadon narkomaniyanın müalicəsi sayılmır, sadəcə, orqanizmin heroinə və digər narkotiklərə olan tələbatı gündəlik olaraq ödənilir. Daha narkotik axtarmırsan, bunun üçün kriminala qoşulmursan, venadaxili yolla yoluxucu xəstəliklərə yoluxmursan. Olursan leqal adam, cəmiyyətin bir üzvü. İşə gedə bilə, hətta dünyaya uşaq da gətirə bilərsən. Bu, əlverişli proqramdır, amma heç bir qadını o proqrama yaxın buraxmırlar”.

Z.Mustafayeva onu da bildirdi ki, narkotikdən əziyyət çəkən qadınlarla sistemli iş aparılsa, çox ciddi dəyişikliklərə nail ola bilərik: “Bu sırada görülməli ən vacib işlərdən biri də maarifləndirmədir. Narkomaniya əleyhinə təhsil müəssisələrində təbliğat kampaniyaları aparılmalıdır. Amma gördüyümüz şablon üsullarla yox”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri