Aynur Haqverdinin kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 305
Səs ver:
(səs: 0)
Gənc yazar Aynur Haqverdinin kiçik müsahibəsi və şeirlərini Qadınla.Com saytı olaraq təqdim edirik:

-Özünüzü oxuculara necə təqdim edərsiniz?

- Ədəbiyyat adlı ölkənin vətənpərvər vətəndaşı Aynur Haqverdi. Və yaxud Ədəbiyyat ümmanından kiçicik bir qətrə Aynur Haqverdi. (gülür)

-Nələrdən ilhamlanırsınız?

-Yağışdan, xəfif küləydən, sudan, torpaq qoxusundan, anamın əllərindən və sevgidən. (gülür)

-Bildiyimiz qədəri ilə magistr dərəcəli xanımsınız. Bu yaxınlarda Elçin Əlibəyli "İnsanlar, uşaqlar dörd il gedib-gəlirlər bakalavra, bəziləri iki il magistraturaya ayaq döyürlər, ancaq ayaq döyürlər, baş döymürlər..." demişdi. Bu hal sizə də aid olmayıb ki?!

- Baharı gətirən Qaranquşa and olsun mən ağıllı, çalışqan tələbə olmuşam hərdaim. (gülür) Kollokviumlarda, imtahanlarda həmişə birinci partada otururdum...Bizdə imtahanlar yazılı olurdu.

-Şairlərin, yazıçıların əksəriyyəti kişilərdir. Deyirlər ədəbiyyatda kişilər üstündür. Siz, necə düşünürsüz?

-İlk öncə onu qeyd edim ki, belə şəngülüm söhbətlər eşidəndə cərəyan vurmuş kimi oluram. Absurddur. Ədəbiyyat qəlbin və beynin vəhdətinin bəhrəsidir. Bu vəhdəti cinsə bölmək cəfəngiyatdır. Sadəcə, kişilərin sərbəst olması onları hərdaim önə çıxarır.

-Xanım yazarlardan bəyəndikləriniz, oxuduqlarınız varmı?

-Bəli var. Əfsanə Rəvan, Zəhra Əkrəm, Fəridə Uğur, Bahar Zamani. Hətta Zəhra Əkrəmlə, Əfsanə Rəvanla dostluq münasibətimiz var. Adlarını sadaladığım şairələr çox istedadlıdırlar.

-Bu sənətdə sizə dəstək olanlar varmı?

-Bu məqamda ilk öncə anam və qardaşımı deməliyəm. Sonra atamı. Əziz dostlarım şair Ceyhun Aranlı, şair Elvin Polad, Zəhra Əkrəm, Əfsanə Rəvan da məni həmişə dəstəkləyirlər, ruhlandırırlar.

-Sevə-sevə oxuduğunuz ədiblər kimlərdir?

-Ramiz Rövşən, Şəhriyar Del Gerani, Musa Yaqub, Vaqif Bayatlı Odər, Viktor Hüqo. Çoxdur. Arada da özüm (gülür).

-Son olaraq oxuculara sözünüz?

-Çalışacam ki, məni oxumağa ayırdığınız vaxta peşiman etməyim sizi.

Zərrə qədər
Eşqdə doğub, eşqdə batan
Günəş olsan
zərrə qədər isinmərəm
istinə mən.
Kərəm kimi od tutub
alışıb yansan
zərrə qədər inanmaram
tüstünə mən.
Ay tək doğsan gecələrə
siyah rəngli niqab geyər
dan ulduzum.
Eşqinin odun tökdüyün dərə
dağ olub çatsa göylərə
yenə də əriməz
könlümün buzu.

Qəlbin
Gözlərindən boylanan eşq
Oğrun-oğrun baxır mənə.
Daha bəsdir, etiraf et,
Qəlbin hakim olub sənə.

Danmağının mənası yox,
Eşq odunda yanır qəlbin.
Bunu dəqiq bilirəm ki,
Məni cənnət sanır qəlbin.

Bütün günü hey düşünüb,
Xəyalıma sarılırsan.
Utanmağa heç gərək yox,
Niyə belə darılırsan?!

İstəyirəm
Əsmək istəyirəm küləklər kimi,
Dağlardan, çaylardan şığıyıb keçən.
Uçmaq istəyirəm mələklər kimi,
Yanlışı, doğrunu vaxtında seçən.
Açmaq istəyirəm çiçəklər kimi,
Torpağın bağrından suyunu içən.

Dolmaq istəyirəm səadət kimi,
Qəhərdən boğulan kədərli gözə.
Hopmaq istəyirəm həqiqət kimi,
Yalandan yan keçən məsum bir üzə.
Axmaq istəyirəm məhəbbət kimi,
Eşq dolu ürəkdən səslənən sözə.

Qalxmaq istəyirəm ən uca dağa,
Ən dərin yerlərdən ilham alaraq.
Qonmaq istəyirəm güllü bir bağa,
Bülbülün qəlbilə eşqə dalaraq.
Çatmaq istəyirəm ən gözəl çağa,
Halal zəhmətimlə hey ucalaraq.

Hazırladı: Gülnar Məmmədova
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri