Qadın zorakılığına qarşı nə etməli?!

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 906
Səs ver:
(səs: 1)

 

 

Acı nəticələr arqument və faktlar əsasında

Hər bir insan öz ailəsində dünyaya göz açır. Uşaq ailə mühitində necə böyüyürsə, gələcək həyatını da elə yaşayır. Ailə Haqdan buyurulan müqəddəs bir cəmiyyətdir. O, sevgi üzərində qurularaq hörmət əsasında möhkəmlənir. Problemsiz həyat olmadığı kimi, söz-söhbətsiz də ailə yoxdur. Lakin hər xırda nüanslara görə ailənin dağılması, təhqir olunması düzgün hal deyil. Ailə qurularkən onun təməli düzgün seçim əsasında qurulmalı, diqqət və qayğı ilə möhkəmlənməlidir ki, gələcəkdə sarsılmasın. Təəssüflər olsun ki, səhv seçim səbəbindən qurulan bir çox ailələr sonradan zorakılığa məruz qalaraq təhqir və təzyiq altında idarə olunur. İndiyə kimi qələmə alaraq işıqlandırdığım çoxlu sayda insanların həyat hekayətini, onların ailələrində hökm sürən və yaşanan zorakılığın acı aqibətlərini yazaraq sizlərə çatdırmışam. Məlahət Həsənova, Qəmli Mələk, Təranə Vahidova, Rəsmiyə Kəlbiyeva, Aidə Şükürova, Təranə Cabbarova, Flora Verdiyeva, Samirə Əliyeva, Günel Bayramova, Nazlı Məmmədova, Nailə Cahangirova, Göyçək Rəhimova və bir çoxlarının həyatından yazdığım ailə zorakılıqları haqda faktlar buna sübutdur.

Bir halda ki ailələr qarşılıqlı razılıq əsasında qurulur, bəs onda nədən zorakılıq halları yaşanır? Aydındır ki, zorakılığa məruz qalan tərəf əsasən qadınlardır. Bütün bu yaşananlar nədən irəli gəlir, hüquq və vəzifələrini bilməməkdən, yoxsa başqa səbəblərdən?

Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur ki, onların da fundamental insan hüquqları pozulur. Bu nədən qaynaqlanır? Doğrudanmı bu gün cəmiyyətimizdə qadınlar öz hüquqlarını bilmirlər? Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasında gizlənir. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir. Aparılan araşdırmalara görə, o da məlum olub ki, cinayətkarların 68,5 %-i zorakılığın hökm sürdüyü ailələrdə böyüyənlərdir. Regionlarda, əyalətlərdə vəziyyət bu baxımdan daha acınacaqlıdır. Bu da regionlarda monitorinqlərin aparılması işini çətinləşdirir. Kütləvi informasiya vasitələri, xüsusilə də yazılı mətbuat məsələnin araşdırılmasında zəif iştirak edir. Psixoloqların fikrincə, son illər cəmiyyətdə aqressivlik şəraiti hökm sürür. Bu da özlüyündə zorakılığa təkan verən ən böyük amildir. Ailə zorakılığına səbəb maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Ailə zorakılığına - fiziki zorakılıq, döyülmə, yaralanma, yanıqlar, ev dustağı və s. aiddir. Emosional zorakılığa isə - psixoloji zorakılıq, alçaldılma, istismar, hədə-qorxu, psixoloji təsir, azadlığı məhdudlaşdırmaq daxildir. Zorakılar adətən qurbanlarına qarşı müxtəlif məcburedici və təhqiredici davranışlardan istifadə edirlər. Bu təhqiredici davranışların bəziləri fiziki zədə ilə nəticələnir. Statistik məlumatlara əsasən, hər il dünyada zorakılıq üzündən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif zərbələrə tuş gəlir. Azərbaycanda da qadınların döyülməsi adi hal alıb. Tədqiqatlar göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Hər il ölkəmizdə yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Azərbaycanda bu halı yaşayan qadınların 73%-i ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Bunların da 45%-i azyaşlı uşaq anası olur.

Azərbaycan 2006-cı ildə AŞ-nın qadınlara qarşı zorakılığın qarşısını alma kompaniyasına rəsmən qoşulub. Milli Məclis isə 2008-ci ildə "Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsini qəbul edib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Onların fikrincə, problemin həllində ən yaxşı yol cəmiyyətin maarifləndirilməsidir. UNİSEF-in hesabatında, zorakılığa məruz qalan uşaq və qadınlara aid sorğusunda Azərbaycanda 15-49 yaş arasında hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. Ailə zorakılığı həm ailədə, həm də cəmiyyətdə müşahidə və əsaslandırma yolu ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə bağlı deyil. Azərbaycanda son illərdə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən 4 azyaşlı qız dünyasını dəyişib. 2009-cu ilin yanvarından 2011–ci ilin noyabrınadək qadınlara qarşı 17354 cinayət faktı qeydə alınıb. Onun 11 min 389-u şəxsiyyət əleyhinə olan cinayətlərdir. 7774 –ü döymə, 388 –i 16 yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmədir. Statistik hesablamalara görə, dünyada 60 milyon qız uşağının doğulmadan (abort və s.) məhv edilməsi qadınlara qarşı zorakılığın ilkin mərhələsi sayılır.

Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Qısqanclıq, tamahkarlıq və bəzi qadınların qeyri-qanuni hamilə qalmaqlarını qəbul etməyən vətəndaş nikahında yaşadıqları məşuqları tərəfindən də zorakılıq yaşanır. İnsanların sosial-psixoloji durumunda da aqressivlik artıb. Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyri – adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Bu hallar ailədə olan insanların ruhi pozuntularından tutmuş, narkomaniya da daxil olmaqla hansısa xəstəliklərdən də qaynaqlana bilər. Adətən bu hallar məhkəmələrdə mütəmadi olaraq araşdırılır. Digər problem isə ailələrdə təlim-tərbiyə işinin düzgün qurulmamağıdır ki, bu da uşaq psixologiyasına güclü zərbə vurur. Bu kimi halların qarşısını almaq üçün kompleks tədbirlər əsasında mənəviyyat mövzusunda kifayət qədər maarifləndirmə işləri aparılmalıdır. Düzdür, bu yöndə istər dövlət, istərsə də Qeyri Hökumət Təşkilatları formullar, müşavirələr və. s keçirərək insanlarla canlı ünsiyyətdə olub dialoqlar yaradırlar. Ancaq bu, bütün cəmiyyəti yetərincə əhatə eləmir. Əhatə üçün televiziyanın imkanları genişdir. Bu baxımdan yaxşı olardı ki, özəl telekanallarda ucuz, boyağı, şit, məntiqsiz və yersiz şou verilişlərinin əvəzinə cəmiyyəti düşündürən və onun daha da maarifləndirilməsi yönündə verilişlərə üstünlük verəydilər.

Boşanmaq gələcək nəslin qatili olmaq deməkdir

Lakin nə qədər qəribə görünsə də, zorakılığın qarşısını almağın ən sivil yolu ayrılmaqdır. Necə deyərlər, ziyanın yarısından qayıtmaq xeyirdir. Təbii ki, istənilən halda cinayət baş verməmiş ayrılmaq ən düzgün çıxış yolu sayıla bilər. Amma bu, məsələnin qanuni tərəfidir. Problemə mənəvi tərəfdən yanaşdıqda görmək olar ki, boşanmaq azərbaycanlı milli-mənəvi dəyərlərində təqdir olunmur. Heç kimə sirr deyil ki, ailəsi dağılmış insan, əsasən də qadın cəmiyyətdə birmənalı qarşılanmır. Bu neqativ hal uşaqların da sosial mövqeyinə, onların formalaşmasına pis təsir edir. Bəs onda nə etməli, zorakılığa dözməlimi? Atalar demişkən: "Yuxarı tüpürürsən, bığ, aşağı tüpürürsən, saqqal”. Ataların bir başqa sözü də var ki, saqqalım yoxdur, sözüm ötmür deyilir. Göründüyü kimi, bu halda ağsaqqal məsləhətinin, həyat təcrübəsinin müstəsna rolu qeyd olunur. Təcrübə isə onu deyir ki, tanışlıq, elçilik, "həri” mərasimi, nişan, xınayaxdı - bu mərhələlərin hər biri gənclərin bir-birini yaxından tanımasına və uyğunlaşma prosesinə xidmət edir. Deməli, qeyri-sağlam evliliyə gedən yolun istənilən mərhələsində izdivaca son qoymaq mümkündür.

Boşanma dövrümüzün ən aktual problemlərindən biridir. Bu gün dünya gənclərinin 70%-i rəsmi nikaha girmir, ya vətəndaş nikahı ilə kifayətlənir, ya da dini nikaha üstünlük verir. Bu da son nəticədə ailənin qanun qarşısında məsuliyyətini azaldır və bilərəkdən sonsuzluğa, boşanmalara səbəb olur. Problemin digər tərəfi də ondan ibarətdir ki, müasir dövrdə dünyaya gələn körpələrin mütləq çoxluğu  nikahdankənar övlad kimi doğulur. Bu, olduqca faciəvi bir statistikadır. Ən azı ona görə ki, el arasında belə uşaqlara "bic” deyirlər. Hər hansı bir millətin genofondunda bu tip uşaqların çoxluq təşkil etməsi millətin gələcəyinin necə olacağı haqda fikir formalaşdırır. Hətta dini dəyərlərlə yaşayan İslam dövlətlərində də siğədən və çoxarvadlılıqdan doğulan körpələrin sayı az deyil. Deməli, problem dünyəvidir. Bütün bu halların qarşısını almaq üçün qanun ailə və nikah məsələlərini tənzim və təşviq etməlidir. Eyni zamanda boşanmaların qarşısı iqtisadi sanksiyalarla və ictimai qınaqlarla alınmalıdır.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda da boşanma hallarının sayı çoxalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin son 6 ayı ərzində boşananların sayı 2011-ci ilin analoji dövrünə nisbətən 0,17 % artıb. Ölkədə iyuldan dekabrın sonuna qədər nikaha girənlərin sayı 40,38 min nəfərdir. Amma boşananların sayı 5,46 mindir. Qeyd edək ki, 2011-ci ildə bu rəqəm 5,31 min nəfər olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədovanın sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur. Şöbə müdiri bildirib ki, ailə quranlar əsas meyarlara önəm vermirlər. "Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır”, – şöbə müdiri deyib. G.Məmmədova həmçinin qeyd edib ki, sonsuzluq və xəstə uşaqların doğulması ər-arvad arasında müəyyən problemlər yaradır, onların psixoloji durumlarına təsir edir və bu da sonda həmin ailənin dağılması ilə nəticələnir. 

Yeri gəlmişkən:

Nə yaxşı ki, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı milli-mənəvi dəyərləri və bu dəyərləri əks etdirən adət-ənənələri var. Əvvəla, bizdə izdivaclar nikaha qədər çoxsaylı mərhələlərdən keçir. Tanışlıq, elçilik, "həri” mərasimi, nişan, xınayaxdı və toy. Bu mərhələlərin hər biri gənclərin bir-birini yaxından tanımasına və uyğunlaşma prosesinə xidmət edir və istənilən mərhələdə izdivaca son qoymaq mümkündür. Əlbəttə ki, heç kim toya aparan yolda əlaqələrin birdəfəlik bitməsini alqışlamır. Lakin atalar demişkən, ziyanın yarısından qayıtmaq xeyirdir. Yəni sonradan problemlər yaşamamaq və boşanmamaq üçün əlaqələr sınaqdan keçməlidir. Bu, gələcək uşaqların hüquqları baxımından da önəmlidir.

Dünyada virtual sərhədlər aradan götürülsə də, dünyəvi dəyərlər Azərbaycan mənəviyyatına o qədər də mənfi təsir göstərə bilməmişdir. Belə ki, bizdə gender bərabərliyi (qadın-kişi hüquqlarının bərabərliyi) məfhumu qəbul olunsa da, ailələr irsilik prinsipi ilə qurulur. Başqa sözlə desək, məhəbbət mütləq mənada böyüklərin xeyir-duası ilə möhkəmlənir və rəsmi nikaha çevrilir. Bu halda nəzarət, diqqət və qayğı mexanizmi işə düşür. Nəticədə, dünyaya gələn övladlar ata-analarının timsalında nənə-babalarının dəyərlərini yaşadır və gələcək nəslə ötürürlər. Əlbəttə ki, istisnalar da var. Lakin istisnalar qanunları pozmadığı üçün onu "müasir dəyərlərin” fəsadı kimi qəbul etmək olar.

Son söz əvəzi:

Boşanmaq çox asandır, dövlət rüsumunu ödədikdən sonra kağıza imza atırsan, vəssalam. Lakin bir həqiqəti unutmaq olmaz ki, kiçik bir imza böyük bir nəslin gələcəyinə ölüm hökmü vermək deməkdir. Bunun üçün ilk əvvəl körpələrinin qəlbini yaralayırsan, onların arzularını, ümidlərini və gələcək xoşbəxtliklərini qətl edirsən. Eyni zamanda gələcəkdə həyata gələ biləcək övladlarının, nəvələrinin, nəticələrinin və s. qatilinə çevrilirsən. Bu ölümlərin nə qədər göz yaşlarına səbəb olacağını təsəvvür etmək el də çətin deyil. Sizcə qatil olmağa dəyərmi?!

Könül Aypara, İsa Rəvan

 

 

Redakte etdi: PRETTY_GIRL


(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri