Yemək bişirmək, evi səliqəyə salmaq, uşaqlara baxmaq qadın işidir. Amma
nədənsə müasir qadınlar tədricən bu adəti unudur və ev işləri görmək
istəmirlər. Daha çox xadimə, xidmətçi və dayələrin xidmətindən
yararlanmağa üstünlük verirlər.
Psixoloq Jalə Həmidlinin
sözlərinə görə, müasir zamanda əksər qadınlar yemək bişirmək və başqa
ev işlərini görməkdən imtina edirlər: "Onlar daha çox karyera qurmaq,
mədəni istirahət, özünə qulluq etmək istəyirlər. Xüsusilə də işləyən
qadınlar daha çox yorulur, həm iş, həm ev, həm də uşaqların tərbiyəsinə
kifayət qədər vaxt ayıra bilmirlər. Bu qədər işləməklə yanaşı onlar həm
də baxımlı, səliqəli və gözəl görünməyə də çalışırlar. İşləməklə yanaşı
onlar dəblə bağlı xəbərləri izləməyə, kolleksiyalarla maraqlanmağa vaxt
da tapırlar. Bütün bunlar da ona gətirib çıxarır ki, müasir qadın kişiyə
nisbətən daha çox enerji sərf etməli olur. Buna baxmayaraq, ailədə
ondan daha çox şey tələb olunur. Bu da müasir qadınların xidmətçi və ya
dayə axtarışında olmasına gətirib çıxarır".
Həmidli bildirib ki,
qadınları ev işlərindən uzaqlaşdıran onların daim gözəl görünmək
istəyidir: "Məhz bu tip qadınlar ev işi görməyi özlərinə sığışdırmırlar.
Onlar yemək bişirərkən yemək iyinin paltarlarına hopmasından ehtiyat
edir, ev işləri görərkən manikurlarının xarab olmasından dəhşətə
gəlirlər. Onlar hər gün mükəmməl görünməyə çalışır, gözəllik
salonlarında vaxt keçirir və özlərini əziyyətə vermək istəmirlər.
Bəziləri hətta qorxur ki, ev işlərini görmək, qazın qarşısında vaxt
keçirmək onları eybəcərləşdirə bilər".
Ev işlərindən qaçmağın
başqa bir səbəbi isə müasir qadınların uzun müddət pəhriz saxlaması və
zəifləməsidir. Onlar zəiflədiyi üçün iş görə bilmir və xroniki
yorğunluqdan əziyyət çəkirlər. Əgər əvvəllər artıq çəkili xanımlar gözəl
sayılırdısa, bu gün gözəllik standartları dəyişib. İndi qadınlar daha
çox arıq olmağa çalışır ki, bu da onların səhhətində mənfi iz buraxır.
Bəzən normadan da çox arıqlayan xanımlar bununla da sakitləşmir və
pəhriz saxlamağa davam edirlər. Bu cür vəziyyətdə isə heç bir ev işindən
söhbət belə gedə bilməz. Pəhriz saxlayan qadın həyat yoldaşı və
uşaqları üçün dadlı və yağlı yeməklər bişirərkən özü də pəhrizini pozmuş
olur ki, bu onun üçün yolverilməzdir. Qadınların vaxtının çox hissəsini
trenajor zallarında, üzgüçülükdə, aerobikada keçirməsi də onları ev
işlərindən uzaqlaşdırır.
Əlbəttə ki, qadının ev işlərindən
imtina etməsi onun tənbəlliyindən də xəbər verə bilər. Son vaxtlar
qızlar ev işi görməmək üçün varlı oğlanla ailə həyatı qurmağa can
atırlar. Belə ki, kasıb adamla ailə həyatı qurduqda onlar nə xidmətçiyə,
nə də dayəyə pul tapa biləcəklər. Özləri evdə oturub yemək bişirməli,
qab yumalı, ev süpürməli olacaqlar. Xüsusilə də, əgər gənc xanımların
ətrafında imkanlı və ev işlərini bütünlüklə xidmətçilərə həvalə edən
xanımlar varsa, onlar kasıbla ailə həyatı qurmaq fikrini ağlına belə
gətirmirlər. Varlı, gözəl və ağıllı ər axtarışında olan belə qızların
əksəriyyəti isə tələblərini yerinə yetirə bilən adam tapmayıb subay
qalırlar.
Ev işlərindən imtina qadının məsuliyyətdən qaçması
kimi də qiymətləndirilə bilər. Yeməyin dadsız alınması, çox çalışdığına
baxmayaraq, ideal səliqəyə nail ola bilməməsi, uşaqların ona qulaq
asmaması da qadını ruhdan salır. Həyat yoldaşının daim onun
yeməklərindən, ev işlərinə baxmasından narazı olması isə qadını çıxılmaz
vəziyyətə salır. Və o, həyata başqa cür yanaşmağa başlayır. Ev işlərini
yerinə yetirən xanım rolundan imtina edir və bu işləri görə bilən adam
axtarır.
Psixoloqun dediyinə görə, elə ailələr də var ki, orada
ev işlərində ər də həyat yoldaşına kömək edir. Bu cür dəstəyi və diqqəti
görən xanım əslində çox ruhlanır və daha çox zəhmət çəkməyə başlayır.
Günü-gündən cəld yeməklər və konservlər, yarı hazır yeməklərin müxtəlif
çeşidlərinin satılması da qadının evdə yemək bişirməməsinə gətirb
çıxarır. Belə ki, bu cür yarı hazır qida məhsullaırndan əlüstü nəsə
hazırlamaq və süfrəyə təqdim etmək olur. Bu cür qida məhsullarında olan
xüsusi əlavələr isə asılılıq yaradır. Onların zərəri barədə müxtəlif
informasiyalar yayılsa da, rahat hazırlanması və dadı onları tələb
olunan edir.
Həmsöhbətimiz qeyd edib ki, əksər qadınların yemək
bişirə bilməməsi, pinti olması onların ailədə düzgün tərbiyə almaması
ilə də bağlıdır. Belə ki, ana qızlara yemək bişirməyi öyrətmir, onu
gələcəyin anası və həyat yoldaşı kimi tərbiyə etmir. Bu da qız ailə
həyatı qurandan sonra problemlərə səbəb olur. Belə ki, qayınana və həyat
yoldaşı ondan evin xanımı olmasını, evi səliqəyə salmasını, dadlı
yeməklər bişirməsini, qayınanaya qulluq etməsini gözləsələr də, gənc
xanım bunları etmək istəmir. Bu səbəbdən də konfliktlər başlayır: "Çox
vaxt da Azərbaycan ailələrində qadının evdar olması vacib amil sayılır
və həyat yoldaşına yaxşı baxmayan, onun üst-başını səliqəyə salmayan,
vaxtı-vaxtında yeməyini verməyən, evdə təmizlik işləri görməyən qadın
pis həyat yoldaşı sayılır. Bu hətta ailələrin dağılmasına da gətirib
çıxarır. Ona görə yaxşı olar ki, analar uşaqlıqdan qızlarına evdar
olmağı öyrətsinlər".