Qızlarımız niyə ərə getmir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 204
Səs ver:
(səs: 3)
Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs görəsən Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir? Statistika Komitəsinin ANS PRESS-ə verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik.
Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən təxminən 60 min çoxdur.
Qızların ailə qurmamasının səbəbini öyrənmək istədik. Bu səbəbdən bir şirkətdə çalışan subay xanımlar arasında müsahibə apardıq. 25 yaşlı Çinarə Muradova bu vaxta qədər ailə qurmamasının səbəbini özünə uyğun oğlan tapa bilməməsində görür. Onun fikrincə, ideal ər ali savadlı, insanı başa düşən olmalıdır. Çinarə maddi durumu bir o qədər də nəzərə almır. Onun üçün əsas qarşılıqlı hörmətdir.
Humay Məmmədova adlı digər respondentimizin isə 32 yaşı var. Humay bu yaşa qədər ərə getməməsinin səbəbini maddi problemlə bağlayır. "Bu vaxta qədər mənə rast gələn oğlanların nə evi, nə maşını olub. Ümumiyyətlə ailə dolandırmağa imkanı olmayan kişilər qarşıma çıxıb. Gələcəyi qaranlıq olan insana ərə getməkdənsə, evda oturmağı, özüm üçün karyera qurmağı daha üstün tuturam” söyləyən Humay Məmmədova hələ də ailə qurmaq haqqında düşünmür.
24 yaşlı Nigar Həmidova da karyera qurmağı daha üstün tutur. Gələcəkdə ailə quracağım oğlanın özü ilə həmfikir olmasını istəyən Nigar xanım var-dövlətə çox da önəm vermir. Bu vaxta qədər ərə getməməsinin səbəbini isə xasiyyətinə uyğun insanla görüşməməsində görür.
"Gələcək həyat yoldaşımın mənə hörmət etməsini istəyirəm. Düşünürəm ki, bir-birimizə inam olmalıdır. Həyat yoldaşım çox varlı olmasa da olar. Amma istərdim ki, qaynanasız evə gəlin köçüm” söyləyən Leyla Kərimova adlı xanımın isə 23 yaşı var. İndi Leylanın fikiri yaxşı oğlan tapmaqdır. O, lazım gələrsə ailəsi üzündən karyerasını da qurban verməyə hazırdır.
Aysel Əliyeva isə bütün oğlanların həyata hazır olmadığını düşünür. Məhz ona görə də Aysel 25 yaşında hələ də subaydır. Onun fikrincə, kişi qadına arxa olmalıdır. Amma, Ayselin qabağına bu vaxta qədər hələ də öz idealı çıxmayıb. Əgər yaxşı oğlanla tanış olsa, xanım Əliyeva lazım gələrsə, öz işi ilə də vidalaşa bilər.
Kişilərə nifrət edən 29 yaşlı Sevinc Xəlilova ömür boyu subay qalmağı düşünür. Onun fikrincə, bütün kişilərə qadın yalnız yataqda lazım olur. "Bir də qadın kişinin yadına evə ac gələndə düşür” bildirən Sevinc bütün kişilərin eyni olduğunu vurğuladı.
34 yaşlı Natavan Zeynalova rastlaşdığı oğlanların sərbəst olmadığını bildirdi. "Hamısı ana, ata uşağıdır. İndiki oğlanlar yalnız valideyinlərinə güvənir” söyləyən Natavan bütün ömrünü tənha keçirməyi düşünür.
Apardığımız araşdırmalardan məlum oldu ki, "X” şirkətində ümumilikdə 50 nəfər çalışır. Onlardan 22-si qadındır. 6 qadın evlidir. 3-nün yaşı 40-dan yuxarıdır. 16 nəfərdən 14-ü indiyə qədər ümumiyyətlə ərə getməyib.
Məsələ ilə bağlı Qadın krizis mərkəzinin rəhbəri Mətanət Əzizova ANS PRESS-ə açıqlamasında xanımların ərə getməməsində ən çox kişilərin günahkar olduğunu bildirdi. Onun sözlərinə görə, bu gün həqiqətən də qızlar üçün ailə qurmaq çox çətindir.
"Bir tərəfdən elə xanımlar var ki, ailəyə hesablanmış ittifaq kimi baxır. Digər tərəfdən oğlanlar da ailə qurmaqda çətinlik çəkir. Azərbaycan kişilərinin bir hissəsi xaricdə pul qazanmaqla məşğuldur. Bir hissəsi narkoman, içki düşkünüdür. Bir hissəsi cəzaçəkmə müəssisələrindədir. Gənc oğlanların bir çoxu da pul qazanmaq üçün başları qarışır. Xanımlar üçün də ərə getməkdə problem yaranır. Son vaxtlar gənc oğlanlarımız o qədər cılızlaşıb ki, artıq qadın özünü onlardan daha güclü hesab edir. İndiki dövrdə Azərbaycan kişisi özünü layiq olmayan tərzdə göstərir. Yəni indiki zamanda kişilərdə müəyyən kompleks özünü biruzə verir. Kompleksi olmayan insan evdə qadına qarşı hörmətlə davranar” söyləyən Mətanət Əzizova qızların ərə getməməsində kişiləri günahkar bilir.
Xanımların ailə qurmaqla bağlı qarşılaşdığı problemlərlə bağlı psixoloq Dəyanət Rzayev ANS PRESS-ə müsahibəsində qadınların gec ərə getməsində bir neçə amilin rol oynadığını bildirdi. Problemə ən ümdə səbəb qadınların oxumaq, karyera qurmaq istəyidir. Onun sözlərinə görə, bu səbəbdən qadınlar oğlanlarla maraqlanmır. Vaxt keçdikdə isə artıq gec olur. Qızların evdə qalmasında oğlanların günahının olmasına gəlincə, D.Rzayev buna birmənalı yanaşmadı. "Əlbəttə ki, qızların evdə qalmasında müəyyən mənada kişilərin rolu var. Lakin qızların da günahı böyükdür. Bəzən onlar yaxşı oğlan axtarışında olur və sonda isə heç nəyə nail olmur. Qadınlar kişiləri var-dövlətinə görə deyil, insanlığına görə seçməlidir” söyləyən ekspert ümumilikdə qızların evlənə bilməməsində ən böyük məsuliyyəti kişilərdə görür.
Sonda bütün xanımlara ailə səadəti, analıq kimi müqəddəs, pak ad arzulayırıq. Çünki bütün qadınlar xoşbəxtliyə layiqdir.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 5 204
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri