Sən boşanmısan, olmaz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 247
Səs ver:
(səs: 1)
Həyatda çox çətinliklərlə üzləşirik. Necə deyərlər, həyat bir səhnədir, biz də oyunçuları, ssenari də Allahin əlindədir. Hər gənc qızın arzusudur ailə qurmaq, amma heç kim bu gözəl başlanğıcın sonadək sürəcəyinə zəmanət verə bilməz. Ərə gedən qız nə bilsin ki, gözəl həyat vəd edən bu yeni yolda onu nələr gözləyir. Kimlərlə eyni damın altında, eyni süfrədə yemek yeyəcək, nə cür insanla bir yastığa baş qoyacaq, ya da ki, qocalanda xəstə yatarkən ona bir stəkan suyu və dərmanı kim verəcək ya verməyəcək...?!

Nə isə... keçək əsl mövzuya. Elçilər qapıya düzülür, sonra nişan, daha sonra isə elimizin ən gözəl adəti olan toy. Gənc qızın üstünə böyük məsuliyyət düşür, yeni ailənin "adətlərini", kaprizərini öyrənməyə çalışır. Hər şey gözəl olur, addım- addım öz axarıyla davam edir həyat. Və birdən... uzaqdan gözəl görsənən bu parıltılı ailə həyatı öz son nöqtəsini qoyur. Qız ya ərini itirir, ya da ki, alçaldılmış həyatına dözməyib boşanır. Elə o gündən yavaş-yavaş kimsəsiz qalmış bu qızın ətrafına gah qonşudan, gah yoldan, gah iş yerindən, gah da qohum tərəfdən yırtıcılar, acgözlər, arsızlar, şərəfsizlər, evli kişilər yığışmağa başlayır. Cürbəcür təkliflər, yalanla bəzənmiş sevgi etirafları, yersiz telefon zəngləri, üzü- gözü cuzam xəstəliyinə bənzər sms-lər qızın sakit həyatına axmağa başlayır. Birinə yox deyir, digərinə yox deyir, günlərin bir günü özü də bilmədən yırtıcıların birinə ürək verir. Yenə də bu zavallı qız yeni ümidlərə qapanmağa başlayır. Günlərin bir günü hisslərin ciddiləşdiyini görüncə utana-utana bu elaqəni rəsmiləşdirmək istəyir. Bu sözü dilinə gətirməyə peşman olur. Ailə qurub boşandığı, dul bir qadın və bakirə olmadığı üçün cəmiyyət tərəfindən qəbul olunmurlar. Hələ qohumları demirəm, bir düşünün nişan, ya da toy olanda, oğlanın bacısı, ya da qızın bacısı boşanmış, ya da dul qalanda ona gəlinin güzgüsünü, şamını tutmaga izin vermirlər. Xınayaxdı gecəsində gəlinin əlinə xına yaxmağa izin vermirlər. Bəziləriniz təəccüblə düşünəcəksiz ki, niyə? Cavabı bəllidir: Çünki onun ailə həyatı dağılıb və insanlar da düşünürlər ki, belə bir şey yeni ailə quran gəlinə uğursuzluq gətirər.
Yeri gəlmişkən, bunu da yazmaq istəyirəm. Günlərin bir günü bir tanışımla rastlaşdım. 26 yaşında gənc bir qadındı. Bir az danışdıq, hal-əhval tutduq. Üzü gülsə də, onun gözlərində bir inciklik gördüm. Ürəyi dolu idi. Sən demə, bu qız bacısının nişan günündə üzüyə baxmaq üçün üzüyü barmağına taxıb. Evdə olan qohumlardan biri təşvişlə gəlib üzüyü onun barmağından çıxarıb və və deyib ki, "sən boşannmısan, olmaz. Bacının bəxti də sənin kimi olar". Yazıq qız heç nə deməyib, keçib öz otağına səhərə qədər ağlayıb. Bu söhbət sizə, bəlkə də, maraqsız gələr, amma məni çox kövrəltdi. O qədər vəhşiləşmişik ki, onları belə hallarda nə qədər incitdiyimizi heç düşünmürük də. Ən dəhşətlisi budur ki, həyatı gətirməyən qadınların çoxunun ailəsi də belə dar düşüncəyə malikdir. Siz indi o tənha qadınların həyatını düşünün bir az, görün onlar bu cəmiyyətdə öz yerlərini tutmaq üçün necə savaşırlar. Hamımız bu qadınlarla üzləşirik, hamımızın ailəsində, dostlarının içində, qohumlarında bu qadınlardan var. Bəziləri həyatın zərbələrinə alışa- alışa cəmiyyətə özünü tanıtdırır. Bəziləri əli-qolu bağlı evdə oturub qapıya birinin gələcəyini gözləyir, bəziləri hər şeyə tüpürüb ucu bucağı uçurumlu bir yola çıxır, bəziləri uşaqlarının gələcəyi üçün onun-bunun qapısında qul kimi işləyir, ya da bir adamın məşuqəsi olmağa razılaşır, bəziləri isə həyata tab gətirə bilmədiyi üçün arxasına belə baxmadan həyatına son qoyub özünü öldürür. Biz isə bütün bunları uzaqdan seyr edirik, heç nə bilməyə-bilməyə bu qadınlara cürbəcür adlar da qoyuruq. Həyatı gətirməyən qadınların başqa qadınlardan nələri eksikdir? Onların da iki gözü, iki qulağı, bir ağzı, bir burnu var, bədənləri de eynidir. Bəs niyə fərqlənirlər? Peyğəmbərimiz (s.ə.s) belə qadınlardan öz şəfqətini əsirgəməyib, dinimizin müqəddəs kitabi olan Qurani-Kərimdə də qadınlar üçün xüsusi sure var. Rəhim olan Allah da qadınları kişilərdən fərqli yaradıb. Bu qədər bilgilərin içində biz yenə də cəmiyyətin fikirlərini düşünürük. Əgər kişilərimiz qarşısına çıxan belə qadınlarla ailə həyatı qursalar, onlara yeni həyat, yeni yuva versələr inanin ki,  onların belə hərəkətini Allah mütləq mükafatlandırar. Cəmiyyətimizin kor ve pis düşüncələri az da olsa dəyişər.

Mən də o qadınlardan biriyəm, mən də belə həyatın qurbanı oldum, mən də dar düşüncəli insanların tənəsinə tuş gəldim. Amma cəmiyyətdə öz yerimi tutmaq üçün indiyədək irəliyə baxıb uzun bir yol gedə-gedə savaşıram.Və inaniram ki, öz məqsədimə çatacağam. Çünki bir şeyi anladım ki, məni cəmiyyət qəbul etməsə də, tek olan Allah qəbul edir. İndiyə qədər əldə etdiyim hər bir şeyə görə şükr edirəm. Bütün ana-atalara bir sözüm var, qızlarınızın dəyərini bilin, belə hallarda onları tək qoymayın, onlara dəstək olun. Bunu cəmiyyət üçün deyil, özünüz üçün edin. Qızlarınızı o bosş boğazların dilinə salmayın, onları çirkinliklərdən qoruyun.

Həyat bir müddətdir, vaxtı tez bitir, ölüb gedəcəyik, kəfəndən və əməllərimizdən başqa özümüzlə heç nə aparmayacağıq o dünyaya...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri