Xəzlər heç zaman dəbdən düşmür, 2015-ci il də istisna olmadı.
Xəz
papaqlar bu il də dəbin zirvəsindədir. Amma hər mövsümün öz aktual
trendləri var, onlar ölməz klassikanı yeni formada nümayiş etdirməyə
imkan verir.
Xəz
istehsalçıları, əsasən, tülkü, dələ, vaşaq və şinşilla kimi heyvanların
tükündən istifadə edirlər. Bu cür xəzlər dizaynerlərə daha zərif
silueti almağa imkan verir.
Xəzlər
bu mövsüm bir çox moda evlərini, xüsusən də, fransız kuturyeləri cəlb
edib. Bir çoxları üçün rus milli geyimləri də orijinal ideyaların ilham
mənbəyi olub. Məsələ bundadır ki, rus mili geyimlərində xəzdən geniş
istifadə olunur. Belə fasonlardan qorxmaq lazım deyil. Bu möhtəşəm
material xanımı çox incə və şux göstərir.
Klassik
xəz papaqlar əvvəlki aktuallığını qoruyub saxlayıb. Dəbin təsiri ilə
illər ərzində bir çox kişi geyimi qadın qarderobuna daxil olub. Məsələn,
norka papaqlar kişilərə xas baş geyimi olsa da, dizaynerlər qadınlar
üçün sanballı modellər təklif edir. Havadan asılı olaraq, papaqların
"qulaqlıqlarını” aşağı buraxa və ya yuxarı hissədə bağlaya bilərsiniz.
İstənilən halda qeyri-adi papaqlar qış obrazını zənginləşdirəcək.
Xəz
papaqlar özünə qarşı çox tələbkardır. Belə ki, onu nə ilə gəldi
birləşdirmək olmaz. Məsələn, kəşmir, dəri kimi materiallardan tikilmiş
palto və gödəkcələrlə xəz papaqlar xüsusi ahəng yaradır. Lakin xəz
papaqları heç bir halda kürklə birləşdirmək olmaz. Bir obrazda iki növ
xəzi qarışdırmaq müasir dəbdə bir növ zövqsüzlük əlaməti sayılır. Həcmli
yumşaq papaqları əsasən uzun palto ilə birləşdirmək təklif olunur.
Dizaynerlərin fikrincə, bu, ən yaxşı variantdır. Bu cür palto ilə beret
üslubunda tikilmiş xəz papaqlar da qəşəng görünür.
Bu
mövsüm xəz papaqların rənginə xüsusi diqqət yetirilib. Belə ki,
dəbdəbəli və yumşaq xəzlər təbii rəng qamması ilə yanaşı, həm də
rəngarəngliyi ilə seçilir. Rəngli və ekstravaqant geyinməyi sevən
gənclər mağazalarda xəzlərin qırmızı və sarı variantlarına rast gələ
bilər.
Həm
şərf, həm də papaq funksiyasını yerinə yetirən xəzlər isə ötən əsr
madamlarının baş örtüklərini xatırladır. Dizaynerlər retro və orijinal
qadın baş örtüyünü inkişaf etdirərək podiumlara kapor modelini yenidən
qaytarıb.
Bu
mövsüm süni xəzlərdən hazırlanmış papaqlar da dəbdən yan keçməyib. Süni
xəz bu mövsüm müstəqil tendensiya kimi öz qanunlarını diktə edir. İlk
növbədə, onları bir çox dekorlar bəzəyir. Dizaynerlər təsirli görünməsi
üçün onları hippi üslubunda təqdim edir. Bu element payız-qış obrazının
ən parlaq ştrixi olacaq.