Xəz
hakimiyyətin, zəngin həyatın simvollarından biri sayılır. Hər zaman
olduğu kimi, bu il də təbii xəz tərəfdarları ilə heyvan hüquqlarının
müdafiəçiləri arasında müharibə səngimək bilmir.
Heyvan
hüquqlarının keşiyini çəkənlər təbii xəz əleyhinə nə qədər kompaniya
aparsalar da, bu gözəl bəzəyi qadınların gözündən sala bilmirlər.
Dünyanın
ən böyük moda evləri də təbii xəzdən imtina etmək fikrində deyil.
Əksinə, qış kolleksiyalarında bu elementə daha çox yer verirlər. Lakin
ekoloji cəmiyyətin sevimliləri kimi tanınan "Stella McCartney” və
"Vivienne Westwood” kimi moda evləri təbii xəzdən rəsmən imtina
ediblər, onları müştərilərin marağından daha çox, günahsız yerə
öldürülən heyvanlar düşündürür.
"Vogue”
jurnalının baş redaktoru Anna Vintur xəzlərə olan sevgisi ilə tanınır.
Restoranda nahar edərkən heyvan hüquqları müdafiəçilərinin onun
boşqabına ölü yenot atması belə, xanımın xəzlərə olan məhəbbətini
azaltmayıb. Xəz geyimləri təbliğ etdiyinə görə, məhkəmə prosesinə cəlb
edilməsi, dəfələrlə heyvan hüquqları birliyinin şifahi və fiziki
hücumlarına məruz qalması da, onu inadından döndərə bilməyib.
Bu
gün xəzlər universal materiallar arasında yer tutaraq dəb dünyasında öz
statusunu birdəfəlik möhkəmlədib. Belə ki, vegetarianların etirazlarına
baxmayaraq, xəzləri nüfuzdan salmaq mümkün deyil.
Bu il, xüsusilə, xəz çantalar aktualdır. Onlara istənilən moda evinin kolleksiyalarında rast gələ bilərsiniz.
"Louis
Vuitton”, "Valentino”, "Donna Karan”, "Fendi” "Ralph Lauren” kimi
məşhur brendlər zərif cinsin nümayəndələri üçün xəzdən tikilmiş çantalar
təklif edir. Çantanın modelinin xüsusi bir əhəmiyyəti yoxdur. Əsas
məqsəd aksessuarın tamamilə xəzdən ibarət olmasıdır. Bu aksessuarlar o
qədər gözəldir ki, onlara toxunmadan baxmaq çox çətindir. Bir çox
Hollivud ulduzları və dəb ikonaları artıq bu
tendensiya ilə silahlanıblar.
Bu materialdan olan çantalar yalnız individuallığı vurğulamağa xidmət etmir, həm də qış obrazını zənginləşdirir.
Dizaynerlər
modapərəstlərə təbii xəz çantalar almağı məsləhət görür. Lakin narahat
olmayın, dəb sənayesi heyvan hüquqlarının müdafiəçilərini nəzərə alıb,
onlar üçün süni xəzlər təklif edir. Onlar da ən az təbii xəzlər qədər
güclü təsir bağışlayır.
İkincisi,
xəz çantalar rəngarəngliyi ilə seçilir. Belə ki, dizaynerlər
modapərəstlərə rəng palitrası baxımından geniş çeşid təklif edir.
Məsələn, moda həftələrində bənövşəyi, çəhrayı, yaşıl, tünd göy, mavi,
qəhvəyi, ağ və qara xəzdən tikilmiş çantalar daha çox gözə dəyirdi.
Bundan başqa, dizaynerlər bir neçə rəngdən tərtib edilmiş modellər
təklif edir.
Xəz dekorları əlavə edilmiş dəri çantalar qış obrazının ən gözəgəlimli bəzəyi ola bilər.
Xəz
çanta seçdikdə həddini aşmamaq mühüm amildir. Bütün ansambl xəzdən
ibarət olmalı deyil. Bu zaman ümumi görünüş ağır və olduqca mənasız
olacaq. Məsələn, kürklə xəz çantanın dueti birmənalı qarşılanmır. Əgər
siz onların hər ikisini eyni vaxtda istifadə etməkdə israrlısınızsa,
çanta və kürkün rənginin və fakturasının həmahəng olmasına diqqət
etməlisiniz.
Xəz
çantanı dəri, xüsusilə, kəşmir palto ilə birləşməsi uğurlu alınır. O,
yun jaket, cins və sviterlərlə də gözəl görünür. Həmçinin, zamşadan
tikilmiş uzunboğaz çəkmələri çəkinmədən belə çanta ilə uzlaşdırmaq olar.