Azərbaycanın
XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız
olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi
gücünü, var-dövlətini əsirgəməyən böyük oğullardan biri Azərbaycan Xalq
Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının
üzvlərindən biri - Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O,
müstəmləkə altında yaşayan, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq
vasitələrdən məhrum edilmiş millətinin irfanı üçün çalışır, vuruşur,
dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı. Yaxşı bilirdi ki,
müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, gömüldüyü zülmətdən
qurtulması üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb,
təhsil lazımdır, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə
yalnız millətin öz övladları yandıra bilər. Beləliklə, bu işıq 114 il
öncə Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı Müsəlman Şərqində
ilk dünyəvi qızlar məktəbindən başladı.
XX
əsrin əvvəllərində bütün maneələrə baxmayaraq Hacının maddi və mənəvi
dəstəyi ilə maarifi və milli mədəniyyəti təbliğ edən, yayan
cəmiyyətlərin, xeyriyyəçi təşkilatların, ittifaqların fəaliyyətləri
çoxalır, öz hesabına onlarla azərbaycanlı gənci Rusiya və başqa
diyarlarda ali təhsil almağa göndərirdi. Onun bu sahədə gərgin
fəaliyyəti çox keçmədən Azərbaycanda milli özünüdərkin dirçəldilməsinə
təkan verdi. Bundan başqa o, neft maqnatı kimi ad çıxarsa da,
iqtisadiyyatın başqa sahələrinə də maraq göstərirdi. Bu maraq ilk
növbədə Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün iş
yerləri açmaq idi. Bu mövqedən çıxış edərək Tağıyev böyük balıq
sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi kimi obyektlər
açır, insanları, xüsusən kasıbları işlə təmin edirdi.
Nisbətən
də olsa ölkədə baş verən dirçəliş birtərəfli qaydada idi, qızlar
təhsildən, tərəqqidən tamamilə kənarda qalırdı. Xaricdə oxumağa gedən
gənclər öz millətinin qızı ilə deyil, əcnəbilərlə evlənir, nəticədə
bunun da millət üçün faydası olmurdu. Hacının əsas hədəfi qızlar üçün
məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasına
çalışmaq idi. Ölkə bir tərəfdən çar Rusiyasının müstəmləkəsindən əziyyət
çəkirdisə, digər tərəfdən də daxildəki qaragüruhçu dindarların,
cahillərin təhsilə, elmə, irfana həqarətlə baxması onun əl-qolunu
bağlayırdı. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu
yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. "Bunu mən etməsəm,
kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin,
kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə
başlamalıyam" - deyib məqsədinə doğru gedirdi.
Şərq
dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu
düzgün qiymətləndirərək xalqa müraciət etdi: "Cəmaat, qızlarımızın
zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş
olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan
cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər.
Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi
arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün
varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq
Quransız, namazsız, şəriətsiz".
Bakıda
qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator
III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta
çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində
Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti
fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə
bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu
dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq
alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və
inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman
və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı
qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə,
Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar
getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş
sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç
bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala
bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.
1897-ci
ildən Hacı qollarını çırmayıb işə başlayır. Bu dəfə Rusiya imperator
idarələrinin süründürməçiliyi ilə üzləşir. Məktəb açmaq asan məsələ
deyildi. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və
tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz
İsmailiyyə binasının yanında tikilir (Keçmiş Nikolayevski, indiki
İstiqlaliyyət küçəsində). Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir.
O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin
ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy
Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və
Hacıya yardımçı olur. Yeri gəlmişkən deyək ki, Hənifə xanım məktəbin
müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona
xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi
alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.
Nəhayət,
tarixi gün gəlir. Düz 114 il öncə - 1901-ci ilin bir payız səhərində
bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin
hadisəni belə təsvir edərək yazır: "Nikolayevski küçəsindəki gözəl
imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat
12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin
yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu.
Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa
etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu.
Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada
deyilirdi: "Çox yaşa Hacı!".
Məktəbin
şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə
müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq
üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu.
Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus
dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi.
İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si
Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar.
Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə
verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi
müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək
Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris
üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar
Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma
geyinirdilər. Qeyd edək ki, bolşevik işğalından sonra sovet
məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən
olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu
məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına
çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının
məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul
verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Maarifçilik
tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil
almasında Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olmuşdur. Bu
məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin
tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar.
Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə
Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı
Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova və
onlarla başqaları.
Böyük
mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirdi. Cümhuriyyət
parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk
tədbirlərdən birini-1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara
əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini
mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini
çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə
işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar
hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol
verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu
sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi.
Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin
milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif,
mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak
edir, son qəpiyini də əsirgəmirdi.
Azərbaycan
hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki,
bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində
aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə
həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü
və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu
ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam
etdirə bilsinlər.
Xalq
təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı
müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə
ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün
deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim
dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan
şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də
Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim
kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar
qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu
məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə
olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında
oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi
dəstəyindən yararlandılar.
Tədris
müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha
uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta
məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək
məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin
qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon
390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın,
Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır.
Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin
demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət
hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət
yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil
edilmişdi. 1919-cu ildə "Türk əlifbası", "Təzə elmi hesab", "İkinci il",
"Yeni məktəb", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Türk çələngi",
"Tarixi-təbii", "Rəhbər cəbr" dərslikləri nəşr olunurdu. Dərsliklərin
hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri
Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla
Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa
bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak
edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli
qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi
Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.
Azərbaycan
hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin
əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas
təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və
4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3
müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya
məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər
seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar
artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət
xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm
rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması
sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Cümhuriyyət
rəhbərləri artıq ali təhsilin təşkili və ali təhsilli milli kadrların
hazırlanması barədə düşünürdülər. Xalq Maarifi Nazirliyi qarşısında üç
ali məktəbin - Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı
İnstitutunun və Dövlət Konservatoriyasının açılması kimi mühüm vəzifə
dururdu. Lakin o dövrdəki tarixi şərait 1919-cu ildə yalnız bir ali
məktəbin - Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.
Ömründə
heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş
H.Z.Tağıyev millətinin maariflənməsinə, təhsilin və mədəniyyətin
inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. Onun haqqında 12.02.1908-ci
ildə "Tazə həyat" qəzetində yazılan "Mənim təcrübəmdən" adlı məqalədə
deyir: "Mənim ən çox sevdiyim iş sənaye işimlə bağlıdır, mən hesab
edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək
xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün
mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi
lazımdır. Xalqımın maarfilənməsi və tərbiyələnməsi (təhsillənməsi)
zəruriyyətini görərək mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim.
Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarfiləndirilməsində,
böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı
göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən
mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və
irəliləyişi təhsillə, maariflə bağlıdır".