Ağır çantalar daşımaqdan artıq yorulmusunuzsa, çantaları yüngülləşdirmək üçün nələr edə biləcəyinizi mütləq oxuyun.
Çoxumuz əlimizə keçən hər şeyi çantamıza doldurub, günün sonunda
çiyinlərimizdə yaranan ağrılardan şikayət edirik. Makiyaj çantası, gün
eynəyi, əl kremləri, su və s. şeyləri özümüzlə götürdükcə çantalarımız
ağırlaşdıqca ağırlaşır.
Çantamızı yüngülləşdirməyin və gərəksiz əşyaları daşımaqdan
qurtulmağın yolu əslində çox sadədir. Yazımızı oxuyaraq boş yerə ağırlıq
daşımaqdan qurtulacaqsınız.
Yüngül bir çanta seçin.
Hər şeydən əvvəl çantanın öz ağırlığı əsas məsələdir. Bəzi çantaların
öz ağırlığı belə çiyinlərimizi ağrıtmağa bəs edir. Bu səbəbdən çanta
seçərkən ağırlığına diqqət etməli və daha yüngül materiallardan
hazırlanmış çantaları seçməliyik. Süni dəridən hazırlanmış modellər,
adətən, yüngül olduğu halda, həqiqi dəridən hazırlanmış çantalar daha
ağır olur. Çanta seçimində estetiklik qədər sağlamlığınız barədə də
həssas olmalı və yüngül modelləri seçməlisiniz.
Kiçik çantalardan istifadə edin.
Çantalarımız nə qədər böyük olsa, içinə doldurduğumuz əşyalar da o
qədər artır. Əlimizə keçən hər şeyi çantaya atdığımız üçün günün sonunda
niyə bu qədər ağır olduğu sualını özümüzdən soruşuruq. Bu məqamda kiçik
çantalar məhdud həcmləri ilə içinə qoyduğumuz əşyaları da
məhdudlaşdıracaq və sadəcə vacib olan şeyləri içinə qoymağımıza səbəb
olacaq.
"Organizer” istifadə edin.
Əgər böyük çanta istifadə etməkdən əl çəkə bilmirsinizsə, bir
"organizer” ala bilərsiniz. Bu sayədə çantanızın daha səliqəli olmasını
təmin edə və içinə qoyduqlarınızı idarə edə bilərsiniz. Üstəlik
çantanızda nəsə axtararkən dəqiqələrlə onu tapmaq üçün çalışmazsınız.
"Organizer”lər bir çox çanta ölçüsünə uyğun bir şəkildə istehsal edilir.
Siz də öz çantanıza uyğun boyu seçib həm daha səliqəli, həm də daha
yüngül bir çantaya sahib ola bilərsiniz.
Makiyaj çantasına diqqət edin.
Bir çoxlarımızın çantasını ağırlaşdıran ən böyük faktor "birdən lazım
olar” deyərək özümüzlə götürdüyümüz böyük makiyaj çantalarıdır. Əgər
həqiqətən o makiyaj çantasının içində olan bütün məhsullara hər gün
ehtiyacınız olursa, onda buna sözümüz yoxdur. Amma bir çoxumuz makiyaj
çantasını əlimizə keçdiyi üçün çantamıza atır və bütün bu ağırlığı gün
ərzində daşıyırıq.
Makiyaj çantanıza baxaraq sadəcə həqiqətən istifadə edəcəyiniz
şeyləri yanınızda götürə bilərsiniz. Daha da yaxşısı çantanızda daşımaq
üçün mini, çanta üçün nəzərdə tutulmuş məhsullar ala bilər və ya
çoxfunksiyalı vasitələr istifadə edərək makiyaj məhsullarının sayını
azalda bilərsiniz.
Çantanızı vaxtı-vaxtında təmizləyin.
Bəzilərimiz çantamızda nə var deyə nəzarət etmədən, günlərlə eyni
ağırlığı daşıyırıq. Halbuki, bəzən nəzarət etmək gərəksiz yerə
daşıyacağımız yüklərdən bizi xilas edəcəkdir. Sadəcə həmin gün istifadə
etmək üçün yanınızda götürdüyünüz bir əşya, dünən çantaya atdığınız bir
kitab kimi bəzən çantanın içində unudulub qala bilir. Hər səhər evdən
çıxmazdan qabaq çantanıza baxıb, özünüzlə gərəksiz bir əşya götürməməyə
diqqət edə bilərsiniz.
Kiçik və yüngül bir pul qabı istifadə edin.
Çantamızdakı ən ağır və eyni zamanda ən vacib əşya pul qabımızdır.
Adətən böyük pul qabları istifadə etdiyimiz üçün içində saxladıqlarımız
da bir o qədər çox olur. Alış-veriş qəbzləri, üzvlük kartları, bir
kənarda unudulmuş vizit kartlar qoyduqca pul qabımız ağırlaşır. Kiçik
bir pul qabı istifadə edərək bu gərəksiz yığını azalda və çantanızı
yüngülləşdirə bilərsiniz. Əgər böyük pul qablarından əl çəkə
bilmirsinizsə, onun içinə qoyduqlarınızı tez-tez nəzərdən keçirin və
gərəksiz olanları çıxarın.