İslam
dininə qarşı irəli sürülən iddialardan biri də bundan ibarətdir ki,
guya bu din qadınların hüquqlarının pozulmasına haqq qazandırır.
Əlbəttə, bu mövzuda irəli sürülən iddiaların bir çoxunun ya iftira
olduğu, ya da Islamın qadın siyasətinin düzgün anlaşılmamasından
qaynaqlandığı göz qabağındadır.
Bu
məqalədə yalnız bircə məsələnin üzərində durmağı lazım bilirik: Islam
kişinin qadına qulaq asmasını, yəni qadınla məsləhətləşməsini,
hesablaşmasını, qadının sözünü qəbul etməsini icazəli bilirmi?
Bu
suala birmənalı olaraq müsbət cavab verə bilərik. Çünki əvvəla, kişi
ilə qadının iman və ağıl baxımından bir-biri üzərində üstünlüyü yoxdur.
Qadın heç zaman yalnız qadın olduğuna görə kişidən əskik sayıla bilməz.
Allah yanında hər kəsin dəyəri təqvasına görədir. Ikincisi, bir kəsin
məsləhətinə qulaq asarkən, onun nə cinsini, nə sərvətini, nə
şan-şöhrətini nəzərə almaq barədə heç bir göstəriş yoxdur. Imam Əli (ə)
demişkən, söz deyənə baxma, nə dediyinə bax. Bəzən kiçik bir uşaq belə,
ahıl adama doğru yolu göstərə bilər. Əgər məşvərət zamanı yaşın nəzərə
alınması (yəni qocalarla məsləhət etməyin üstünlüyü) barədə bəzi
göstərişlər varsa da, burada əsas meyar təcrübədir. Yaşlı adam cavana
nisbətən daha təcrübəli olduğu üçün, onun göstərdiyi yolun daha düzgün
olmasının ehtimalı da böyükdür. Amma hər ağsaqqalın sözünə də əməl
edilməz. Bəzən işi bilən bir cavan işdən xəbərsiz bir qocadan daha
faydalı söz deyir. Məsləhət edilən adamın dindar, səmimi, peşəkar,
təcrübəli olması əsas şərtlərdir. Bu şərtlərə cavab verən həm qadın, həm
də kişi məsləhət verməyə eyni dərəcədə layiqdirlər. Doğrudur, dini
mətnlərimizdə bəzən "qadınların sözünə qulaq asmayın, onların nə
dediyini dinləyin, amma tam tərsinə əməl edin” kimi tövsiyələr, eləcə də
qadının sözünə qulaq asan kişilərə qarşı məzəmmətlərə də rast gəlirik.
Bunların səhihliyini yoxlamağı din mütəxəssislərinin öhdəsinə buraxırıq.
Bunu da qeyd etməyi lazım bilirik ki, bu cür hədislərdə qadının rəyinin
pislənməsinin bir səbəbi də bundan ibarət ola bilər ki, qadın kişiyə
nisbətən daha emosionaldır, daha çox irrasional düşüncəyə meyllidir.
Əgər kişi sağlam məntiq, soyuqqanlılıq kimi keyfiyyətlərə malik deyilsə,
üstəlik, qadının emosional fikirlərinin təsiri altına düşürsə,
düşünülməmiş və tələsik addımlar ata bilər. Lakin əlbəttə ki, qadınlar
heç də həmişə çılğın və irrasional qərar vermirlər. Üstəlik, heç də
bütün qadınları soyuqqanlı qərar vermək keyfiyyətindən məhrum saymaq
olmaz. Tarixdə istənilən qədər nümunə tapmaq olar ki, qadınlar hətta
dövlət yüklü məsələləri müvəffəqiyyətlə həll etmiş, kişilərin acız
qaldıqları problemləri asanlıqla çözmüşlər.
Islam
tarixində də səhv yolda olan kişilərin məhz qadın məsləhəti ilə islah
olmaları, düzgün mövqe tutmaları barədə çoxlu misallar vardır. Bunlardan
birini aşağıda diqqətinizə təqdim edirik. Nəzərə alaq ki, bu hadisə
Islamın ilk əsrində – ərəblərin cahilliyə dövründən təzəcə xilas
olduqları, qadına qarşı təhqiramiz münasibətin hələ də zehnlərdən tam
silinmədiyi bir zamanda baş vermişdir.
İmam
Hüseyn (ə) Məkkədən Kufəyə sarı gedərkən, daha bir karvan onlarla
paralel istiqamətdə yol gedirdi. Bu, məşhur cəngavər Züheyr ibn Qeyn
Bəcəlinin ailə üzvləri və nökərlərindən ibarət olan karvan idi. Züheyr
Kufənin sayılıb-seçilən adamlarından idi, İslam fəthlərində fəal iştirak
etmiş, Azərbaycanın fəthində və Bələncər savaşında (Dərbənd
yaxınlığında) xüsusi fərqlənmişdi.
Züheyr
həmin il həcc ziyarətini yerinə yetirmişdi və yaşadığı şəhərə – Kufəyə
qayıdırdı. O, bütün həyatı boyunca Əlini (ə) və övladlarını haqsız
saymışdı. Züheyr üçüncü xəlifə Osmanın qətlində Əli (ə) və tərəfdarların
günahkar bilirdi. Müaviyə ilə Imam Əlinin (ə) mübarizəsində də Züheyrin
ürəyi birincinin tərəfində idi. Əhli-beytə qarşı o qədər kin-küdurəti
vardı ki, hətta Məkkədən Kufəyə kimi yol boyunca Imam Hüseyni (ə)
görməmək üçün Onunla eyni mənzildə köç salmırdı. Züheyr çalışırdı ki,
Imam Hüseynin (ə) karvanı duran yerdə durmasın.
Təsadüf
belə gətirdi ki, yol üzərindəki mənzillərin (dayanacaqların) birində
hər iki karvan yanaşı köç salmağa məcbur oldu. Züheyr yenə Peyğəmbərin
nəvəsinə sayğısızlıq göstərib Onun görüşünə getmədi, öz çadırına
çəkildi.
İmam
Hüseyn (ə) isə Züheyrin qəlbindəki gizli iman qığılcımından xəbərdar
idi, bu qığılcımı alova çevirmək üçün isti bir nəfəs tələb olunurdu.
Züheyr öz çadırında yemək yeyərkən, Həzrət Hüseynin (ə) qasidi onun
yanına gəldi və Imamın görüş dəvətini ona çatdırdı. Züheyrin yemək
tikəsi ağzında qalmışdı. Bu dəvətə nə cavab versin? Əgər İmam Hüseynlə
(ə) görüşə getməsəydi, onu qorxaq adlandıracaqdılar. Əgər getsəydi,
ürəyindəki kin-küdurətlə bacara bilməyəcəkdi.
Züheyr
bu düşüncələrin təsiri altında ikən, yanında oturmuş ömür-gün yoldaşı
Deyləm bint Əmr ona dedi: "Sübhan Allah! Peyğəmbərin nəvəsi səni yanına
çağırır, sən isə getmirsən? Yaxşı olardı ki, onunla görüşüb sözünü
eşidəsən”.
Züheyr
bu məsləhətə əməl edib İmamın yanına yollandı. Onların təklikdə
bir-biri ilə nə danışdıqlarını heç kəs bilmir. Söhbətdən sonra Züheyr
gülər üzlə öz çadırına qayıtdı, nökərlərinə tapşırdı ki, çadırları İmam
Hüseynin (ə) düşərgəsinə yaxınlaşdırsınlar. Sonra o, bütün nökərlərini
azad etdi, təklif etdi ki, kim istəyirsə, öz arzusu ilə onun yanında
qala bilər. Həyat yoldaşına isə bildirdi ki, Imam Hüseynlə (ə) birlikdə
Kufəyə getmək və o həzrətlə axıra kimi qalmaq fikrindədir. Züheyr həyat
yoldaşına talaq verdi, mehriyyəsini ödədi, onu öz əmisi uşaqları ilə evə
göndərdi. Bu hərəkətdən görünür ki, Imam Hüseyn (ə) şəhid olacaqları
barədə Züheyrə qabaqcadan xəbər veribmiş.
Deyirlər
ki, Züheyrin arvadı onunla vidalaşanda göz yaşları içində demişdi:
"Allah yardımçın olsun və sənə gözəl aqibət bəxş etsin. Xahişim budur
ki, qiyamət günündə Hüseynin (ə) cəddinin hüzurunda məni yada salasan”.
Züheyr
həmin gündən Imam Hüseynin (ə) silahdaşlarına qoşuldu. Aşura günündə
Imam onu öz silahlı dəstəsinin sağ cinahına komandan təyin etdi. O,
döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma bu nəsihətin faydası olmadı.
Zöhr namazından sonra Züheyr meydana girdi, qarşı tərəfdən 120 nəfəri
öldürdü, axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə)
Züheyrin nəşi üstünə gəlib, ona rəhmət oxudu, qatillərinə lənət və bəla
istədi.