Taclı Xanım kimdir?

Şərhlər: 4
Baxılıb: 2 378
Səs ver:
(səs: 0)
Azərbaycan tarixinin qaranlıq səhifələri çoxdur. Bu səhifələr qəsdən təhrif olunmuş şəkildə xalqa çatdırılmaqla rəy formalaşdırmağa çalışanlar vardır. Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Səfəvilər dövrü və bu dövlətin banisi-I Şah İsmayılın da şəxsiyyəti üzərinə kölgə salmağa cəhd etmişlər. Təqdim etdiyim bu məqalə geniş oxucu kütləsi,eləcə də Azərbaycan tarixini tədris edən müəllimlərdə böyük maraq oyada bilər. Tarix doğru-düzgün şərh edilməlidir.

Tarix də vətən kimi, ana kimi tale payı, alın yazısıdır, ondan qaçmaq mümkün deyil: nə onu dəyişə bilərsən, nə ondan imtina eləyə bilər, nə də onu seçib-sonalaya bilərsən. Babalarımızın tariximiz boyu tikdiyi saraylar, abidələr də bizimdir, yaratdıqları mədəniyyət də, qazandıqları qələbələr də, uğradıqları məğlubiyyətlər də. Azərbaycan xalqı tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyanın zoru ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı bütün tarix boyu torpağımıza göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində sıxılır.

Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çoxəsrlik mübarizəsi tarixində öz ərlərilə çiyin-çiyinə vuruşan qadınlarımızın xüsusi xidmətləri olmuşdur. Uzaq keçmişin mürəkkəb və təlatümlü hadisələrlə dolu səhifələrini vərəqləyərkən,tarixi səlnamələr, yazılı və şifahi xalq yaradıcılığı nümunələri, xüsusən dastanlarla tanış olarkən biz doğma yurdumuzun tarixində qadınlarımızın diqqətəlayiq və görkəmli rolunun, siyasi və dövlət quruculuğu sahəsində xidmətlərinin şahidi oluruq.

E.ə.VI əsrdə işğalçı düşmənlərə qarşı vuruşan Tomris ananın göstərdiyi qeyrət nümunəsi bu gün məktəblilərimiz üçün əsl qəhramanlıq simvoludur. E.ə.I əsrdə(e.ə.65-ci il)romalılara qarşı öz ərlərilə birgə vuruşan alban qadınlarının hünəri, hətta Roma əsgərlərini belə heyran etmişdir. Təsadüfi deyil ki, antik müəlliflər onları”amazonka”adlandırmışlar.

Azərbaycan xalqının tarixində belə qadınlar minlərlədir desək, bəlkə də səhv etmiş olarıq. Ona görə ki, igid oğul böyüdən hər bir qadın, hər bir ana həqiqətən də qəhrəmandır. Belə oğullarımız isə istənilən qədərdir. Azərbaycan tarixində elə məsələlər vardır ki, onların məktəblərdə tədrisi şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət kəsb etmiş olardı.

Azərbaycan tarixinin ustad bilicilərindən biri olan mərhum tarixçi-alim, professor Seyidağa Onullahinin 1981-ci ildə “Azərbaycan EA-nın xəbərləri”jurnalında dərc etdiyi “Taclı xanım”adlı məqaləsi elmi əhəmiyyət daşımaqla yanaşı, məktəblərimizdə şagirdlərin milli ruhda tərbiyəsi üçün də böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, bu məqalə XVI əsr Azərbaycanın ən qüdrətli dövlət başçısı, böyük sərkərdə və şair olan Şah İsmayıl Xətainin qadınına həsr edilmişdir, onda bu məqalənin əhəmiyyəti daha da artmış olar. Müxtəlif qaynaqlara istinad edərək demək olar ki, Şah İsmayılın arvadı Taclı bəyim (əsl adı Şahbəyimdir) və onun həyatı haqqında tarixi ədəbiyyatda verilən bəzi məlumatlar düzgün verilməmişdir. Məqalənin orta məktəb şagirdləri, eləcə də Azərbaycan tarixi ilə maraqlananlar üçün əhəmiyyətini nəzərə alaraq, onun əsas məzmununu verməyi lazım bilirəm.

1514-cü il avqustun 23-də Osmanlı sultanı Səlimin (1512-1520) qoşunu ilə I Şah İsmayılın (1501-1524) qoşunu arasında şiddətli vuruşma olmuşdur. Bu vuruşma Çaldıran səhrasında (Çaldıran Xoy şəhərinin şimal-qərbində, Makunun yaxınlığında və Təbriz şəhərinin 20 fərsəngliyində yerləşib Çuxur Səd bəylərbəyliyinə daxil idi) baş verdiyi üçün tarixdə “Çaldıran vuruşması”adı ilə məhşurdur. Həmin vuruşmada Səfəvi dövlətinin qoşunları məğlub oldusa da, bir çox cəhətdən qızılbaş (səfəviləri belə adlandırırdılar) ordusu özünün qəhrəmanlıq döyüş ənənələrini nümayiş etdirdi.

Həmin dövrün səlnaməçiləri üzlərində örtük,əllərində silah ərləri ilə birlikdə vətənin müdafiəsi uğrunda Osmanlı ordusuna qarşı vuruşan azərbaycanlı qadınlardan da bəhs etmişlər. Çaldıran vuruşmasından sonra döyüş meydanında xeyli azərbaycanlı qadın meyidi tapılmışdı.Sultan Səlimin göstərişi ilə onlar təntənəli surətdə dəfn olunmuşlar.

Osmanlı tarixçilərinin yazdığına görə bu qəhrəman qadınlar müxtəlif növ silahlara sarılaraq müharibədə ərləri ilə iştirak edib,şəhid olmuşdular. Buna görə də Çaldıran vuruşmasından sonra hər yerə belə bir xəbər yayılmışdı ki,Şah İsmayılın qoşununda guya qadınlardan ibarət qılınc vuran süvari dəstəsi varmış(Amazonkaları yada salın).

Çaldıran vuruşmasında iştirak etmiş qadınlar arasında yalnız ikisinin adı tarixdə qalmışdır. Bunlar Taclı xanım və Behruzə xanımdır.

Səfəvi sülaləsinin səlnaməçiləri yaşadıqları əsrin və ictimai mühitin əxlaqi ehkam və qaydalarına riyaət edərək Şah İsmayılın arvadı haqqında çox ötəri bəhs etmişlər.

Bəs bu adları çəkilən qadınlar kim idilər və hansı tayfaya mənsub olmuşlar?

Birinci Taclı xanım. Onun əsl adı Şahbəyimdir.Mehmadinbəy bin Həmzəbəy bin Bəktaşbəy Mosullunun qızı idi. Çox güman ki, əsl adı Şahbəyim olan bu qadına çaldıran vuruşmasında qəhrəmanlıq göstərib yaralandığı üçün Şah İsmayıl ona “Taclı xanım”ləqəbi vermişdir.Çaldıran vuruşmasında Taclı xanım da digər qadınlar kimi Osmanlı ordusu ilə vuruşmada qəhrəmanlıq göstərmiş və yaralanmışdır. Lakin Taclı xanım heç vaxt əsir düşməmişdir. Döyüşdən sonra Şah İsmayıl Taclı xanıma demişdir: ”Bir də səni qoymaram müharibəyə gedəsən”.

Bəzi tarixçilər Taclı xanımın əsir düşdüyünü, sonra isə qızıl və cəvahiratını Vidin bəyi Məsihbəyə verərək əsirlikdən azad olunduğunu yazırlar ki, bu heç həqiqətə uyğun deyildir. Əvvala, həmin tarixçilər Taclı xanımla Behruzə xanımı qarışıq salırlar. O biri tərəfdən də bildiyimiz kimi müharibəyə, vuruşa gedən qadın qiymətli əşya ilə döyüş meydanına atılmazdı. Daha sonra Vidin bəyi Məsihbəy Osmanlı sultanı I Səlimin qorxusundan rüşvət müqabilində Şah İsmayılın arvadını əsirlikdən azad edə bilməzdi.

Taclı xanım istər Şah İsmayılın, istərsə də Şah Təhmasibin hakimiyyəti dövründə yüksək ixtiyarata malik olmuşdur. Məhz Taclı xanımın saraydakı mövqeyi şahzadələrin, xüsusilə Şah Təhmasibin bacılarının xoşuna gəlmirdi. Onu şahın gözündən salmaq məqsədilə analarına zəhər verib öldürməkdə təqsirləndirirlər. Bununla əlaqədar olaraq, 1539-cu ildə Taclı xanım Şah Təhmasibin əmri ilə Şiraza sürgün edilir. Taclı xanım həmin ildə orada vəfat edir və Şiraz ətrafında yerləşən “Bibiqızlar”qəbirastanlığında dəfn olunur.

Beləliklə, məlum olur ki,Taclı xanım I Şah İsmayılın qanuni arvadı olmuşdur. O, 20 il Şah İsmayılın sağlığında onun arvadı kimi sarayda, 1524-cü ildə Şah İsmayılın vəfatından sonra 15 il isə Şah Təhmasibin sarayında yaşamış, hicri 946-cı(1539/40)ildə Şirazda vəfat etmişdir.

Behruzə xanıma gəldikdə isə qaynaqlarda onun Şah İsmayılın arvadı olması barədə heç bir söz deyilmir. Digər tərəfdən əgər Behruzə adlı qadın əsir alınıbsa, çox ehtimal ki, bu, müharibə cəbhəsində vuruşan qadınlardan biri olub, əsir alındıqda özünü şahın arvadı kimi qələmə vermişdir. Yaxud bu Osmanlı hökmdarı və sərkərdələrinin Şah İsmayılı nüfuzdan salmaq üçün irəliyə atdıqları bir uydurmadır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri