Azərbaycan Dahiləri - Cavad xan Ziyadoğlu Qacar

Şərhlər: 1
Baxılıb: 3 402
Səs ver:
(səs: 0)
Cavad xan Ziyadoğlu Qacar

(1748-1804)

Gəncə xanlığının son hökmdarı, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanın ən görkəmli siyasi xadimlərindən bir olmuş Cavad xan xalqımızın tarixi şəxsiyyətləri arasında xüsusi yer tutur. Olduqca çətin hərbi-siyasi şəraitdə xanlığın müstəqilliyini təmin edən, onu qüvvətləndirən Cavad xan bir dövlət xadimi, sərkərdə və lider kimi xüsusiyyətləri Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə zamanı özünü daha qabarıq göstərdi.

Azərbaycan tarixinə Cavad xan qəhrəmanlıq rəmzi kimi daxil olmuşdur. Onun adı haqlı olaraq vətənimizin müstəqilliyini, xalqının azadlığını öz həyatı bahasına qoruyanların rəmzi kimi qəbul edilir.

Qacar 1748-ci ildə Azərbaycanın Gəncə şəhərində zadəgan ailəsində anadan olmuşdur. Onun atası Şahverdi xan 1756 - 1761-ci illərdə Gəncə xanı olmuş, oğullarına yaxşı tərbiyə və biliklər vermişdi. Ümumiyyətlə, Ziyadoğulları nəsli Azərbaycanın ən tanınan, sayılıb-seçilən nəsillərindəndi. Cavad xanın uşaqlıq və gənclik illəri çətin hərbi-siyasi hadisələrin çərçivəsində keçmişdir.

Şahverdi xan vəfat etdikdən sonra xanlığı onun oğlu Məhəmməd Həsən xan idarə edirdi. O, Gəncə xanlığının inkişafı üçün bir sıra tədbirlər həyata keçirib, lakin çox az yaşayıb. Məhəmməd Həsən xandan sonra hakimiyyətə gəlmiş qardaşı, qəddar və zəif iradəli Məhəmməd xan xanlığın işləri ilə məşğul olmur, dövləti zəiflədirdi. Həm əyanlar, həm də əhali ondan üz döndərmişdi. Qarabağ və Gürcüstan qoşunları xanlıq üzərinə yürüş edərək onu əsir alır və gözlərini çıxarırlar. Gəncə xanlığını Qarabağ xanı İbrahimxəlil xanın nümayəndəsi Həzrətqulu xan idarə etməyə başlayır.

1783-cü il Georgiyevsk müqaviləsi ilə Gürcüstan Rusiyanın himayəsi altına keçir və Rusiya hərbi qüvvələrinə arxalanan çar II İrakli Gəncə, İrəvan, Axalsix və Naxçıvanı öz ərazilərinə qatmaq fikrinə düşür. Məktubların birində o yazırdı: "Hesab edirəm ki, Rusiya Aderbicanı tutsa və onun bir hissəsini mənə bağışlasa, münasib olar...". Lakin gəncəlilər belə vəziyyətlə barışmaq istəmirlər.

Gəncədə baş vermiş üsyan nəticəsində Qarabağ qoşunları buradan çıxarılır, hakimiyyətə qısa müddətə Rəhim xan, sonra isə onun qardaşı Cavad xan gəlir.

Cavad xanın hakimiyyəti illərində Gəncə inkişaf edir, burada bir çox yeni binalar tikilir. Onun sarayında bir çox alim, şair, din xadimləri fəaliyyət göstərir. Onların arasında məşhur Azərbaycan şairi Mirzə Şəfinin atası Kərbəlayi Sadıq da vardı. Həmçinin tanınmış Azərbaycan yazıçısı Möhsün Nəsiri xanın əmri ilə qədim hind və ərəb nağılları motivləri əsasında "Tutinamə" əsərini yazmışdır.

Hakimiyyəti illərində Cavad xanın xarici siyasətində əsas məsələ gürcü çarları və onları dəstəkləyən Rusiyanın işğalçı planlarına qarşı mübarizə olub, Nadir şah Əfşarın Gürcüstana bağışladığı Borçalı və Şəmşəddili qaytarmaq üçün Cavad xan II İrakli ilə müharibə aparır və Şəmşəddili azad edir. Buranı onun oğlu Uğurlu xan idarə etməyə başlayır. Tarixən Azərbaycanın olan, lakin tez-tez basqınlara məruz galan Qazax, Borçalı, Şəmşəddil, Şəmkir Azərbaycan torpaqları kimi təsdiqlənir.

1795-ci ildə Cavad xan Cənubi Azərbaycan və İranda hakimiyyətdə olan Ağa Məhəmməd xan Qacarın qoşunlarıyla birlikdə Tiflisə yürüşdə iştirak edir. Bu onun Qacarlar sülaləsinin nümayəndəsi kimi xana qohum olması, həm də siyasi məqsəd güdməsi (Gürcüstanı zəiflətmək) ilə bağlıydı. Ağa Məhəmməd xan ərazini tərk etdikdən sonra gürcü çarı II İrakli, Qarabağ xanı İbrahimxəlil xan və onun müttəfiqi Ümmə xan Avarlı Gəncə üzərinə hücum edir, lakin onların yürüşü uğursuz alınır. Bununla belə, xanlığın da müdafiə qüdrəti zəifləmiş, iqtisadiyyatı tənəzzülə uğramışdı. Sülh əldə etmək üçün Cavad xan Tiflisdə tutduğu 400 əsiri qaytarır, İbrahimxəlil xana 10 min manat məbləğində pul müavinəti ödəyir.

1796-cı ildə general V.Zubovun qoşunları Azərbaycana şimaldan hücum edəndə Gəncə istiqamətinə Rimski-Korsakovun qoşunları yönəlmiş və Cavad xan onları yaxşı qarşılamışdı. Ruslara olan müsbət munasibət ilk növbədə onların verdikləri vədlər, yerli xalqların müstəqil həyatlarına toxunmamaq kimi sözləri ilə bağlı idi. Lakin elə ilk addımlardan bunların yalan olduğu bəlli oldu. Belə ki, Rusiya Azərbaycanın bir hissəsini Gürcüstana bağışlamaq, digər ərazilərini, ilk növbədə isə İrəvan və Qarabağı ermənilərə vermək, burada İran və Türkiyədən köçürüləcək erməniləri yerləşdirmək, Qafqazın mərkəzində Rusiya himayəsi altında xristan dövləti yaratmaq fikirlərini gizlətmirdi. Rus qoşunu ilə birgə Azərbaycana gəlmiş erməni dini lideri İosif Arqutinskinin erməni əhalisinə müraciətindən və bu müraciəti rusların dəstəkləməsindən sonra Azərbaycanlıların ruslara olan münasibəti dəyişir. Böyük üsyan hazırlanırdı, lakin bu arada imperiya Zubovu qoşunla birgə geriyə çağırır.

Zubovun qoşunu Azərbaycanı tərk edən kimi cənubdan Ağa Məhəmməd şah Qacarın yürüşü başlayır. Çox qəddar olan şah nəinki ona müxalif xanları,

həmçinin müttəfiqi Cavad xanı da həbs edir. Onun məqsədi bütün yerli hakimləri öz hakimiyyətinə tabe etmək, xanlıqları ləğv etmək idi. Həbsin səhərisi günü şahın öz mühafizəçiləri tərəfindən öldürülməsi digər xanlar kimi, Cavad xanın da azad edilməsi ilə nəticələnir.

1799-cu ildə rus qoşunları yenidən Gürcüstana qayıdır və bundan istifadə edən gürcü çarı XII Georgi Şəmşəddilin Gürcüstana verilməsini ruslara təklif edir. 1801-ci il Georgiyevsk traktatı ilə ruslar Gürcüstanda möhkəmləndikdə və Şəmşəddilin 29 kəndini zəbt etdikdə xanın göndərdiyi qoşun onları vurub çıxarır, bütün kəndləri azad edir. General Lazarev danışıqlara göndərilir. Xan danışıqlarda bildirir ki, o, Rusiya və Gürcüstanın işlərinə qarışmaq fikrindən uzaqdır və eyni zamanda tələb edir ki, onun da hüquqlarına hörmətlə yanaşılsın. Gürcüstanda rus qoşunlarının komandanı, Azərbaycan xalqının qəddar düşməni, elə Gürcüstanın özündə də qanlı əməlləri ilə fərqlənmiş general P.Sisianov Cavad xana məktub yazır, tabe olmasını, həmçinin oğlu Uğurlu xanın onun hüzuruna göndərilməsini və girov kimi saxlanılmasını tələb edir. Təbii ki, Cavad xan rədd cavabı yazır. Qeyd etmək lazımdır ki, Cavad xanın məktubları nə qədər səviyyəli, hörmətlə yazılmışdısa, Sisianovun məktubları bir o qədər çirkin və nalayiq sözlərlə dolu olmuşdur.

1803-cü il noyabrın 22-də rus qoşunları Gəncə üzərinə yürüşə başlayır. Xanlığın sərhədlərini keçdikdə Sisianov yeni məktub yazır və yenə də təhqiramiz formada tabe olmağı tələb edir. Məşhur şair Nizami Gəncəvinin məqbərəsindən bir az aralı, "Quru qobu" adlı yerdə döyüş baş verir. Qüvvələrin qeyri-bərabərliyi

nəticəsində döyüş Gəncə qoşunlarının məğlubiyyəti ilə nəticələnir. Gəncəlilər şəhər qalasına çəkilirlər. Rus qoşunları şəhəri mühasirəyə alırlar. Bir ay ərzində

mühasirə və atəşin davam etməsinə baxmayaraq, Cavad xan müdafiə olunur. Təslim olmaq barəsində bütün tələblərə Cavad xan rədd cavabı verir.

1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları yeni hücuma başlayırlar. Bir istiqamətdən olan hücum dəf olunur, lakin digər tərəfdən ruslar qala bürclərindən birini tuta bilirlər. Sisianov şəhərin adını dəyişdirmək barədə əmr

verir. Şəhərin alınmasına verilən önəmi Rusiyada buraxılan medallar təsdiqləyir.

Belə ki, "Gəncənin alınmasına gorə" və "Gəncənin alınmasında göstərdiyi igidliyə görə" medalları təsis edilmişdi.

Cavad xan vo onun oğlu Hüseynqulu xan döyüşərək qala divarlarında həlak olurlar. Xanın digər oğlu Uğurlu xan Arazı keçməyə, Cənubi Azərbaycanda məskunlaşmağa müvəffəq olur. Sonralar o, iki dəfə güclü həmlə ilə Gəncəni azad etməyə çalışmışdır. 1826-cı ildə o, şahzadə Abbas Mirzə Qacarla əlbir olaraq Şimali Azərbaycana qayıtmış və atasının yurdunu qısa müddətə azad etmişdir.

Cavad xan Gəncədə Cümə məscidinin önündə dəfn edilmişdir. 1962-ci ildə abadlıq işləri adı ilə onun məzarı dağıdılmış, lakin qəbir saxlanılmışdır. Yalnız

1990-cı il martın 27-də qəbir üzərində abidə ucaldılmış, bundan sonra xalq öz qəhrəmanının ziyarətinə sərbəst gəlməyə başlamışdır
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri