Azərbaycan Dahiləri - Mirzə Şəfi Vazeh

Şərhlər: 1
Baxılıb: 3 639
Səs ver:
(səs: 0)
Mirzə Şəfi Vazeh

Təəssüflə qeyd etmək lazımdır ki, bir çox Azərbaycan alimlərinin, ədiblərinin, rəssamlarının, ustalarının əsərləri bu və ya digər xalqların nümayəndələrinin adlarına çıxılır, dünya muzeylərində ayrı-ayrı xalqların nailiyyətləri kimi nümayiş etdirilir. Azərbaycan alimlərinin gərgin əməyi nəticəsində onların bir qisminin məhz Azərbaycan xalqına məxsusluğu sübuta yetirilmişdir. Belə əsərlər sırasında Azərbaycan şairi, mütəfəkkiri və maarifçisi Mirzə Şəfi Vazehin əsərlərini göstərmək olar. Onun dost hesab etdiyi alman tədqiqatçısı F. Bodenştedt əsərlərini XIX əsrdə öz adına çıxmış və Avropada yaymışdır. Yalnız uzun illər boyu aparılmış araşdırmalar Vazehin müəllifliyini sübut etməyə imkan vermişdir.

Mirzə Şəfi Vazeh Azərbaycan tarixində görkəmli şair, mütəfəkkir və Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmiş maarifçi kimi özünəməxsus şərəfli bir yer tutur.

1794-cü ildə Gəncədə memar ailəsində anadan olmuşdur. Öncə məktəbdə oxumuş Vazeh sonra təhsilini mədrəsədə davam etdirmiş, lakin mədrəsədə dərs deyən din xadimləri ilə münaqişəyə girdiyi üçün oradan çıxarılmışdır. Bir müddət Gəncədə xəttatlıq edən Vazeh bu işdə böyük şöhrət qazanmış, mahir ustad kimi tanınmışdır. Onun çoxlu şagirdi olmuşdur. O cümlədən Vazeh Mirzə Fətəli Axundzadəyə də hüsnxət öyrətmişdir.

Mirzə Şəfi Gəncədə "Divani-hikmət”adlı ədəbi-fəlsəfi məclis təsis etmiş və burada şəhərin bir çox ziyalılarını birləşdirmişdir. Daim mürtəce din xadimlərinə qarşı mübarizə aparmış Vazeh özü də onların təqiblərinə məruz qalmışdır.

Odur ki, 1840-cı ildə Tiflisə köçmüş, burada qəza məktəbində Azərbaycan və fars dillərindən dərs deməklə dolanmışdır. Tiflisin arxiv və kitabxanalarında çalışmaqdan yorulmayan Mirzə Şəfi şəxsi mütaliə hesabına Şərq ədəbiyyatı ilə yaxından tanış olmuş, özü də lirik şeirlər yazmağa başlamışdır. Tiflisdə Vazeh qabaqcıl rus, gürcü, polyak ziyalıları ilə tanış olmuş, onlarla dostluq etmişdir. Mirzə Şəfinin Gəncədə təsis etdiyi "Divani-hikmət" ədəbi-fəlsəfi məclisi Tiflisdə də fəaliyyət göstərmişdir. Məclisə toplaşan Tiflis ziyalıları poeziya, etika və fəlsəfəyə, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparır, öz yeni əsərlərini oxuyurdular. Məclisin işində A.Bakıxanov, M.F.Axundzadə və digər Azərbaycan ziyalıları iştirak edirdilər. Məclisin toplantılarının birində Vazeh Qafqaza gəlmiş alman alimi Fridrix Bodenştedtlə tanış olmuşdur. Bodenştedt ondan fars dili dərsləri almaq arzusunda olduğunu bildirmiş və beləliklə, Vazehin şagirdi olmuşdur. Fars dilini öyrənən alman alimi özü də məclisin işində iştirak etməyə başlamışdır.

Mirzə Şəfi Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, burada qəza məktəbində müəllim olmuşdur. Həssas ruhlu ədib baş verən ədalətsizliklərə göz yuma bilmir, onlara qarşı kəskin etirazını bildirirdi. Onu ən çox qəzəbləndirən o idi ki, bir çox haqsızlıqların arxasında müəyyən din xadimləri dayanır, ədalətsizlikləri din pərdəsi arxasında gizlətməyə çalışırdılar. Buna qarşı kəskin mübarizə aparan Mirzə Şəfi deyirdi ki, din xadimləri gərək təmiz və pak insanlardan olsun. O, eyni zamanda təriqətlərə parçalanma yaradan dini ehkamları, zahidliyi rədd edən, istibdad əleyhinə şeirlər yazırdı. Satira xarakterli bu şeirlər tezliklə dillər əzbəri olur, xalq arasında yayılır. Təkcə Gəncədə deyil, ondan kənarda da həvəslə oxunurdu. Ruhanilərə qarşı kəskin satiralarına görə Gəncə axundu hətta şairi "kafir" adlandırmışdı.

1850-ci ildə Mirzə Şəfi Vazeh yenidən Tiflisə getmiş, gimnaziyada Azərbaycan və fars dillərindən dərs demişdir. Vazehin maarif sahəsində də mühüm xidməti olmuşdur. 1852-ci ildə o, Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi- türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur.

Mirzə Şəfi Vazeh lirik şair kimi tanınsa da, bəzi şeirlərində fəlsəfi problemlərə də toxunur. Onların təhlili göstərir ki, Vazehin fəlsəfi dünyagörüşünün əsasında sufiliyin və çarvaka hind fəlsəfi məktəbinin materialist təliminin ünsürlərini birləşdirən panteizm durur. Vazeh Allahın varlığına inanır, onun heç kim tərəfindən yaradılmadığını, əksinə, onun hər şeyi yaratmasını bildirirdi. O hesab edirdi ki, insan kainatın qanunauyğunluqlarını poza bilməz, çünki özü də Allah tərəfindən yaradılıb. Bununla belə, o, çox vaxt Allahı təbiətlə eyniləşdirirdi.

Mirzə Şəfi Vazeh göstərirdi ki, insan dünyanın varlığını dərk etmək qabiliyyətindədir və təbiətin sirlərini öyrənə bilər. Fatalizmə qarşı çıxan Vazeh zahidliyi, tərki-dünyalığı inkar edir, hər bir insanın cəmiyyətdə yaşayıb ona xeyir verməsinin vacibliyini bildirirdi. Bununla belə, Vazeh cənnət və cəhənnəm haqqında islami təsəvvürləri uydurma hesab edir, onlar haqqında bilikləri kəskin tənqid edirdi.

Mirzə Şəfi Vazeh "insan zülmə tabedir" fikrinə qəti etirazını bildirirdi. O hesab edirdi ki, imkan daxilində hər kəs zülmə, zülmkarlığa müqavimət göstərməli, onlara qarşı mübarizə aparmalıdır. Vazeh öz dövrünü qabaqlayaraq qadın azadlığı və zəkasına hörmət tələb edirdi. O öz fəlsəfi şeirlərində insanları gerçəkliyin gözəlliklərini qiymətləndirməyə, xoşbəxt həyata, şəxsiyyətin azadlığı uğrunda

mübarizəyə səsləyirdi.

Mirzə Şəfi Vazeh daha çox lirik şair kimi tanınır. O öz şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Vazehin şeirlərində insan gözəlliyi ilə bərabər, dünya nemətləri tərənnüm olunur, məhəbbət ən güclü hisslərdən biri kimi önə çəkilir. Əsərlərində gözəlliyi tərənnüm edən şair onları ayrı-ayrı məcmuələrdə çap etdirmiş, sonra isə əlyazmalarını bir yerə toplayaraq alman dostu Fridrix Bodenştedtə hədiyyə vermişdir. Almaniyaya qayıdan F.Bodenştedt həmin şeirləri

almancaya çevirərək 1850-ci ildə başqa Şərq şairlərinin əsərləri ilə birlikdə

"Şərqdə min bir gün" adlı topluda çap etdirmişdir. Vazehin şeirlərinin populyarlığını görən Bodenştedt onun şeirlərindən ibarət məcmuəni alman dilində 1851-ci ildə "Mirzə Şəfinin şərqiləri" adlı kitabında nəşr etdirmişdr. Bu şeirlər tezliklə ingilis, italyan, Norveç, İsveç, holland, danimarka, polyak, çex, yəhudi, rus və s. dillərə tərcümə edilmişdir. Görkəmli rus bəstəkarı A.Q.Rubinşteyn Vazehin şeirlərinə musiqi bəstələmişdir. Demək olar ki, bütün Avropa Vazehin şeirlərinin gözəlliyindən danışr, lakin onların müəllifini tanımırdı.

Mirzə Şəfi Vazehin şeirlərinin Avropada şöhrət qazandığını görən F.Bodenştedt 1875-ci ildə özünü onların müəllifi elan etmişdir. O bildirirdi ki, "Mirzə Şəfi" onun təxəllüsüdür, əslində isə bu adda insan yoxdur. Təsadüfən hansısa bir şərqşünas onların əsl Vazehin əsərlərindən oğurlanmasını görməsin deyə, Bodenştedt çap edilmiş məcmuələrdə bir çox şeirlərin məzmununu təhrif etmiş və ya onlara əlavələr etmişdir.

Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat edib və orada dəfn edilib. Sonrakı illərdə müxtəlif səbəblərdən onun əsərləri itirilmiş, ədəbi irsinin yalnız cüzi bir hissəsi bizim dövrədək gəlib çatmışdır. Azərbaycan alimlərinin gərgin əməyi nəticəsində onların bir qismini üzə çıxarmaq mümkün olmuşdur.

Vazehin əsərlərini özününküləşdirmiş F.Bodenştedtin cinayətinin üstü uzun illər açılmamış, şeirlərin əsl müəllifinin kimliyi müəyyən edilməmişdir. 1964- cü ildə arxivlərdə Mirzə Şəfi Vazehin farsca 2 qəzəli və "Məktubun intizarında"

adlı poeması tapılmışdır. Bu əsərlər, eləcə də onun daha sonra aşkarlanan digər əsərləri Vazehin bədii üslubunu müəyyən etməyə imkan vermişdir. Sadə tutuşdurma göstərmişdir ki, F.Bodenştedtin öz adına çıxdığı şeirlər əslində Mirzə Şəfi Vazeh tərəfindən yazılıb. Azərbaycan alimlərinin gərgin əməyi nəticəsində Vazehin hansı şeirlərinin oğurlanması, onların hansı dəyişikliklərə və təhrifə məruz qalması müəyyən edilmişdir.

Azərbaycan Respublikası XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra dünya ölkələri ilə müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq etməyə başlamışdır. Dünya muzeylərində qorunan Azərbaycan ustalarının əl əməyinin nəticəsi olan eksponatlar, rəssamların çəkdiyi miniatürlər aşkarlanıb, onların vətəninin məhz Azərbaycan olması sübuta yetirilib. Belə

əsərlərdən bəzilərinin, misal üçün, "Kitabi-Dədə Qorqud" dastanının üzü köçürülərək Azərbaycana gətirilib.

Almaniya şərqşünasları ilə yaradılan əməkdaşlıq F.Bodenştedt məsələsində son nöqtəni qoymağa imkan verib. Belə ki, Azərbaycana gəlmiş alman alimləri burada saxlanılan Mirzə Şəfi Vazehin əsərlərini tədqiq etdikdən sonra onun əsl müəllif olmasını, F.Bodenştedtin isə onun şeirlərini öz adına çıxmasını təsdiqləmişlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri