Azərbaycan Dahiləri - İmam Mustafayev

Şərhlər: 4
Baxılıb: 2 616
Səs ver:
(səs: 0)
İmam Mustafayev

(1910-1998)

1956-cı ildə Azərbaycanın siyasi-ictimai həyatında böyük hadisə baş verir: respublikada Azərbaycan dili dövlət dili elan edilir. Bunun ardınca azərbaycanlıların milli şüurunun oyadılmasına, milli mənliyin bərpa edilməsinə yönəlmiş bir sıra tədbirlər həyata keçirilir. Bu dövrdə respublikanın rəhbəri görkəmli alim İmam Mustafayev idi.

Azərbaycan tarixinə İmam Mustafayev görkəmli genetik və

seleksiyaçı, yeni məhsuldar bitki növlərinin yaradıcısı, həmçinin vətənpərvər dövlət xadimi kimi daxil olmuşdur.

İmam Daşdəmir oğlu Mustafayev 1910-cu ildə Azərbaycanın Qax şəhərində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra bioloq olmaq arzusu ilə yaşayan gənc bu istiqamətdə ali təhsil almış və elmi fəaliyyətlə məşğul olmağa başlamışdır.

İ.Mustafayevin elmi tədqiqatı buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə həsr edilmişdir. Genetika sovet elminin ən gənc sahələrindən biri idi. Genetikanın inkişaf etdirilməsini hələ XX əsrin 30-cu illərində N.İ.Vavilov təklif etmiş və yeni-yeni bitki sortlarının əldə olunmasının mümkünlüyünü bildirmişdi. Lakin SSRİ-də o dövrdəki mühit onun həbsi və Stalin qazamatlarında məhv edilməsi ilə nəticələndi. Genetika "burjua dövlətlərinin uydurması" adlandırılmış, Stalinin əlaltılarından biri - Lısenko isə genetika ilə məşğul olan alimlərə qarşı geniş kampaniyaya başlamışdı. Genetika ilə bağlı tədqiqatlar ayrı-ayrı alimlər tərəfindən yarıgizli formada, digər elmi tədqiqatların tərkib hissəsi kimi aparılırdı. Belə yarıxəlvəti-yarıaçıq fəaliyyət göstərən alimlərdən biri də İ.Mustafayev idi.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini vəzifələrində çalışmış alim Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan SSR xalq torpaq komissarının 1-ci müavini işlədiyi dövrlərdə Azərbaycan kənd təsərrüfatının məhsuldarlığının artırılmasına çalışmışdır. Azərbaycan SSR kənd təsərrüfatı naziri təyin ediləndə o, respublikada kənd təsərrüfatı ilə bağlı olan bütün tədbirlərin elmi əsaslarla aparılmasına nail olmuşdur. 1953-cü ildə Stalinin vəfat etməsi, onu əvəz etmiş N.Xruşşovun mövcud rejimi nisbətən yumşaldıb genetikanın inkişafı üçün imkan yaratması sovet, o cümlədən Azərbaycan alimləri tərəfindən yeni məhsuldar bitki sortlarının ərsəyə gətirilməsinə imkan vermişdir. Xruşşov İ.Mustafayevin kənd təsərrüfatı naziri vəzifəsində məhsuldar fəaliyyətini nəzərə alaraq ondan inzibati-siyasi vəzifələrdə istifadə etmək qərarına gəlir. Bir müddət Azərbaycan Kommunist Partiyasının Gəncə Vilayət Komitəsinin 1-ci katibi işləmiş alim 1954- cü ildə respublikanın rəhbəri, yəni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi təyin edilmişdir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə İ.Mustafayev özünü əsl vətənpərvər kimi göstərmişdir. Ona qədər mərkəzi dövlət aparatında əksər vəzifələri azərbaycanlılar yox, qeyri-millətlərdən olanlar tuturdu. O, məsul vəzifələrə azərbaycanlıları təyin edərək respublikada aparılan kadr siyasətində köklü dəyişikliklərə başlamışdır.

1956-cı ilin əvvəllərində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimov Azərbaycanda Azərbaycan dilinin acınacaqlı vəziyyətdə olması ilə bağlı silsilə məqalələrlə çıxış edir. Doğrudan da, Azərbaycan dilinə həqarətlə baxılır, hətta iş o yerə çatırdı ki, poçt idarələrində Azərbaycan dilində yazılmış məktub və

teleqramlar qəbul edilmirdi. İ.Mustafayevin rəhbərliyi ilə aparılmış tədbirlər nəticəsində həmin ilin avqustunda Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun qəbul edilmişdir. O dövrdə belə qanunun qəbul edilməsi böyük cəsarət tələb edirdi, SSRİ-də belə qanun iki respublikada - Azərbaycan və Latviyada qəbul edilmişdir. 1959-cu ilin mart ayında qəbul edilmiş digər qanuna əsasən, Azərbaycanda bütün məktəblərdə, o cümlədən də rus məktəblərində Azərbaycan dilinin mütləq öyrənilməsi haqqında qanunun qəbul edilməsi SSRİ rəhbərliyinin narazılığına səbəb olmuşdur. Azərbaycanda yaşayıb Azərbaycan dilini öyrənmək istəməyən qeyri-millətlərin, ilk növbədə ermənilərin şikayətlərinə əsasən Azərbaycana yoxlamalar gəlmiş, lakin bu qanunun dəyişilməsinə nail ola bilməmişdilər.

Qaradağ - Tbilisi və Qaradağ - Yerevan qaz kəmərinin layihəsinə qarşı çıxış edən İ.Mustafayev qəti olaraq bildirmişdir ki, ilk növbədə Azərbaycanın bütün şəhər və kəndləri qazla təmin edilməli, yalnız bundan sonra qaz kənara verilməlidir. Belə şəraitdə SSRİ rəhbəri N.Xruşşov çıxışlarının birində Azərbaycanda əhalinin 1/3-nin azərbaycanlılar, 1/3-nin slavyanlar, 1/3-nin ermənilərdən ibarət olması barədə yalançı rəqəmlər göstərmiş, Bakıda Azərbaycanlıların çox az olmasını iddia edərək Bakının Azərbaycandan alınıb SSRİ tabeliyində olan bir şəhər olmasını təklif etmişdir. Hamıya aydın idi ki, bu təklif qəbul edilsə, Bakı Azərbaycan üçün həmişəlik itiriləcək və vaxtilə Dərbənd kimi Rusiyaya birləşdiriləcək. İ.Mustafayevin rəhbərliyi altında respublikada güclü təbliğat kampaniyası təşkil edilmiş, Bakının qədim Azərbaycan şəhəri olması, onun Azərbaycandan ayrılmasına yol verilməməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Sübut edilmişdir ki, əslində, Azərbaycanda ruslar əhalinin 13,5%-ni, ermənilər və digər xalqların nümayəndələri isə əhalinin 12%-ni təşkil edirlər.

Bilavasitə İ.Mustafayevin dəstəyini hiss edən Azərbaycan tarixçiləri vətən tarixinə yenidən baxılmasını tələb etmişlər. Yeni yazılan kitablarda artıq S.Şaumyan, S.Kirov, S.Orconikidze kimi Azərbaycan xalqının düşmənləri qabardılmır, N.Nərimanov, Ç.İldırım və digər Azərbaycanlıların fəaliyyəti daha geniş işıqlandırılırdı. Bakı şəhərinin tarixini Azərbaycanın tarixindən ayırmaq, guya, beynəlmiləlçi şəhər olduğundan Bakının öz xüsusi inkişaf yoluna malik olması kimi fikirlər cəfəngiyat adlandırılmış, Azərbaycan tarixinin Moskvada deyil, Azərbaycanda azərbaycanlı alimlər tərəfindən yazılacağı bildirilmişdir.

Azərbaycan rəhbərliyi dəfələrlə Moskvaya çağırılıb danlansa da, arxalarında xalqın dəstəyini hiss etdiyindən nə İ.Mustafayev, nə də onun silahdaşları əqidələrindən dönməmiş, həyata keçirdikləri tədbirləri ləğv etməmişdilər. Nəticədə İ.Mustafayev, onun yaxın silahdaşları Mirzə İbrahimov, Şıxəli Qurbanov və digərləri 1959-cu ildə vəzifələrindən azad edilərək Elmlər Akademiyasının müxtəlif institutlarına elmi işçi kimi göndərilmişdilər. Onların

xalq arasında böyük rəğbət qazanması SSRİ rəhbərliyini onlara qarşı daha ciddi repressiya tədbirlərinin həyata keçirilməsindən çəkindirmişdir.

Siyasi fəaliyyətdən uzaqlaşdırılan İmam Mustafayev özünü bütünlüklə genetikanın inkişafına həsr etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış alim 1965-ci ildə professor, 1970-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. 1971-ci ildən alim Azərbaycan SSR Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun direktoru vəzifəsində çalışmağa başlamışdır.



Yeni məhsuldar buğda sortlarının yaradılması istiqamətində iş aparan İ.Mustafayev həmçinin Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə

prosesinin tədqiqinə həsr olunmuş elmi axtarışlarla məşğul olmuşdur. O, egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində ilk dəfə olaraq cinslərarası fertil hibridlər yetişdirilməsinə nail olmuşdur. İ.Mustafayev "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu", "Gürgənə-1", "Turanikum-186", "Qızıl buğda", "Turgidum-7" və

s. yeni buğda sortları yetişdirmişdir. Bir sıra elmi əsərin, o cümlədən 6

monoqrafiyanın müəllifi olan alimin nailiyyətləri Azərbaycandan kənarda da yüksək qiymətləndirilirdi. Elmi tədqiqatlarına görə o, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, medallar, o cümlədən N.İ.Vavilov adına medal, Xalq Təsərrüfatı Nailiyyətləri

Sərgisinin 3 böyük qızıl medalına layiq görülmüşdür.

Onun yazdığı "Azərbaycanda buğdaların seleksiyası", "Azərbaycanın buğda kolleksiyası", "Azərbaycan bir çox buğda növlərinin vətənidir" elmi əsərləri respublikada aparılan genetik tədqiqatların nailiyyətlərini özündə əks etdirirdi. Bu

istiqamətdə çalışan yeni milli elmi kadrların hazırlanmasında İ.Mustafayevin xidmətləri böyükdür.

Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiya heyətinin üzvü olan İ.Mustafayev Azərbaycanın elmi-ictimai həyatında böyük hadisə olmuş ensiklopediyanın səhifələrində kənd təsərrüfatı, genetika və seleksiya ilə bağlı məqalələrin kəmiyyət və keyfiyyətinə görə cavabdehlik daşımışdır.

İmam Mustafayev 1998-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri