Əsilzadə qadın - Sara

Müəllif: fiyonik
Şərhlər: 8
Baxılıb: 2 843
Səs ver:
(səs: 1)
SARA əlindəki işi qurtarıb dikəlir və üfüqə doğru boylanır. O, evi yaxşı idarə etdiyi üçün onun qulluqçuları daim işdə-gücdə idilər və işlərindən zövq alırdılar. Bu xanımın özü də çalışqan idi, əlini əlinin üstünə qoyub oturmurdu. Gəlin belə bir səhnəni xəyalımızda canlandıraq: Sara səhər açılandan çadırın yırtıqlarına yamaq vurur. O, əllərinin ağrısını azaltmaq üçün fikirli-fikirli əllərini ovxalayır. Çadırın keçi tükündən olan qalın parçası illərlə yağışın və günəşin altında qalmaqdan saralıb. Hər dəfə Sara bu çadıra baxanda neçə illərdir köçəri həyat yaşadıqlarını xatırlayır. Gün günortadan keçib, günəş yavaş-yavaş qüruba enir. Sara gözünü bir nöqtəyə dikib səhərdən evdən çıxan həyat yoldaşı İbrahim * peyğəmbəri gözləyir. Yaxınlıqdakı təpənin başında ərinin doğma siluetini görən kimi Saranın üzündə xoş təbəssüm yaranır.

İbrahim peyğəmbərin ev əhli ilə birgə Fərat çayını keçib Kənan diyarına daxil olduğu vaxtdan on il ötmüşdü. Sara bilirdi ki, Yehovanın vəd etdiyi mübarək övlad və böyük xalq İbrahimdən törəyəcək, buna görə də mənzilbaşı bilinməyən bu səyahət boyu ona dəstək olmuşdu. Bəs bu vədin gerçəkləşməsində Saranın rolu nədən ibarət idi? O, sonsuz idi və artıq 75 yaşı var idi. Saranın ağlından belə fikirlər keçə bilərdi: «İbrahim mənimlə evli ola-ola Yehova Allahın bu vədi necə çin olacaq?» Yəqin ki, o çox narahat olurdu, hətta səbri tükənirdi. Bir insan kimi onun hisslərini başa düşmək olar.

Hərdən bizim də səbrimiz tükənir, elə arzulayırıq ki, cənnət tez gəlsin, Yehovanın vədləri çin olsun. Ən böyük həsrətlə gözlədiyimiz vədləri fikirləşəndə səbrimiz daha çox daralır. Odur ki, gəlin bu möhtəşəm qadının iman nümunəsini nəzərdən keçirək və görək bu sahədə ondan nə öyrənə bilərik.

«YEHOVA MƏNİ ÖVLAD ÜZÜNƏ HƏSRƏT QOYUB»
İbrahim peyğəmbərgil təzəlikcə Misiri tərk edib Beytelin, yəni Luzun (kənanilər Beytelə Luz deyirdilər) şərqində yerləşən dağlıq ərazidə düşərgə salıblar (Yaradılış 13:1—4). Yüksəklikdə yerləşən bu yayladan baxanda Allahın İbrahim peyğəmbərə vəd etdiyi diyarın böyük hissəsi görünürdü. Təsəvvür edək ki, Sara orada dayanıb həmin diyara tamaşa edir. Oradan kənanilərin kəndlərini, uzaq diyarlara aparan yolları seyr edir. Əslində, bu mənzərə Saranın doğma şəhəri Urla müqayisədə heç nədir. İkiçayarası adlanan bölgəyə aid Ur şəhəri Beyteldən 1900 kilometr aralıda yerləşir. Sara bu şəhərdə qohum-əqrəbasını, bazar-dükanları olan bu varlı şəhərin rahatlığını, möhkəm damı, divarı, hətta, ola bilsin, həyətində bulağı olan evini qoyub gəlib. Əgər kimsə Saranın şərqə, Ura tərəf baxanda həsrət çəkdiyini düşünürsə, deməli, o, bu mömin qadını yaxşı tanımır.

İbrahim peyğəmbərgildən təxminən 2000 il sonra yaşamış bir mömin insan İbrahimlə Saranın imanı haqda belə yazmışdı: «Əgər onlar çıxdıqları yeri daima xatırlasaydılar, imkan tapıb ora qayıdardılar» (İbranilərə 11:8, 11, 15). Nə İbrahim peyğəmbər, nə Sara keçmişin, ötən günlərin həsrətini çəkmirdilər. Əgər onlar bu kimi fikirlərə qapılsaydılar, çox ehtimal ki, geri qayıdardılar. Lakin bununla Yehova Allahın onları layiq gördüyü şərəfdən məhrum olardılar. İbrahim peyğəmbərlə Sara öz hisslərini bir kənara qoyub Allahın tapşırığını düşündükləri üçün onların imanı bu gün milyonlarla insanı heyran qoyur. Amma geri dönsəydilər, başqa insanlar kimi, onların da adı tarixin səhifələrində itib batar, yaddaşlardan əbədilik silinərdi.

Sara geriyə yox, irəli baxırdı. Bu xüsusiyyət ona yaşadıqları köçəri həyatda ərinə dəstək olmağa kömək edirdi. Köçəri həyat yaşamaq asan deyildi, onlar dəfələrlə çadırı sökür, mal-qaranı toplayır, çadırı yenidən qururdular. Sara onu qarşıda gözləyən çətinlikləri də çox böyük səbirlə qarşıladı. Allah İbrahimə verdiyi vədi təkrarladı, amma bu dəfə də Sara barədə heç nə demədi (Yaradılış 13:14—17; 15:5—7).

Saranın ağlında bir fikir yaranmışdı. O düşünürdü ki, indi bu fikri ərinə söyləməyin vaxtı yetişib. Yəqin, Sara bu an daxilində çox qarışıq hisslər yaşayırdı. O, İbrahim peyğəmbərə dedi: «Yehova məni övlad üzünə həsrət qoyub». Sonra ərinə kənizi Həcəri almağı təklif etdi. O istəyirdi ki, Həcər İbrahimə uşaq doğsun. Təsəvvür etmək olar, Sara bu təklifi edəndə necə mənəvi əzab çəkirdi. Bu təklif bizim dövrdə bəzilərinə qəribə gələ bilər, amma o dövrdə varissiz qalmamaq üçün ikinci arvad və ya cariyə almaq normal hal idi *. Ola bilsin, Sara düşünürdü ki, bu yolla Allahın vədi gerçəkləşər, İbrahimin övladı olar və bu övladdan böyük bir xalq törəyər. İstənilən halda bu, Sara tərəfdən böyük qurban idi. Bəs İbrahim peyğəmbər bu təklifi necə qarşıladı? Müqəddəs Kitabda yazılıb: «İbram Sarayla razılaşdı» (Yaradılış 16:1—3).

Demək olarmı ki, bu fikri Saranın ürəyinə Yehova Allah qoymuşdu? Xeyr. Bu təklif sadəcə insan düşüncəsinin bəhrəsi idi. Saraya elə gəlirdi ki, bu dərdi ona Allah verib və çarə ancaq budur, Allah başqa cür vəziyyəti dəyişən deyil. Sara bilirdi ki, özünün tapdığı çıxış yolu ona çox ağrı-acı yaşadacaq. Amma yenə də bu təklifi etdi və bu, onun xudbin insan olmadığını göstərir. Adətən, insanlar üçün öz istəkləri hər şeydən vacib olur. Odur ki, Saranın fədakarlığı insanı heyran qoyur. Biz də Allahın iradəsini öz istəklərimizdən üstün tutsaq, Sara kimi güclü iman sahibi olduğumuzu sübut etmiş olarıq.

«XEYR, GÜLÜRDÜN»
Çox keçmədi ki, Həcər İbrahim peyğəmbərdən hamilə qaldı. Həcər öz xanımına həqarətlə baxmağa başladı. Yəqin hamilə qaldığı üçün o, özünü Saradan üstün sayırdı. Bu, Sara üçün çox güclü zərbə idi! Sara İbrahimin icazəsi ilə və Allah-Taalanın izni ilə Həcəri cəzalandırdı, amma bunu necə etdiyi barədə məlumatımız yoxdur. Həcərin oğlu oldu, adını İsmayıl qoydular. Bunun üstündən bir neçə il keçdi (Yaradılış 16:4—9, 16). Allah yenə İbrahim peyğəmbərlə danışdı. Həmin vaxt onun 99, Saranın isə 89 yaşı var idi. Allahın bu dəfə dediyi sözlər onları məəttəl qoydu.

Yehova Allah bu dəfə də dostu İbrahim peyğəmbərə söz verdi ki, onun nəslini çoxaldacaq. Allah həmçinin onun adını dəyişdi. Həmin vaxta qədər onun adı İbram idi. Allah ona mənası «ümmətlərin atası» olan İbrahim adını verdi. Nəhayət ki, Yehova Saradan da söz açdı. Bu vəddə ona hansı yeri ayırdığını əyan etdi. Allah onun da adını dəyişdi. Onun əvvəlki adı Saray «davakar» mənasını verirdi. İndi isə Allah onun adını Sara qoydu. Bu adınsa mənası «əsilzadə qadın» deməkdir. Allah bu istəkli bəndəsinə nəyə görə məhz bu adı verdiyini belə açıqladı: «Onu mübarək qılacağam, o, sənə oğul doğacaq; onu mübarək qılacağam, o, xalqların anası olacaq, ondan xalqların padşahları törəyəcək» (Yaradılış 17:5, 15, 16).

Yehova Allah vəd etmişdi ki, bir gün mübarək övlad dünyaya gələcək və o, yer üzünün bütün xalqları üçün nemət olacaq. Bu vəd Saranın oğlu vasitəsilə gerçəkləşəcəkdi. Yehova Allah buyurmuşdu ki, uşağın adını İshaq qoysunlar. Bu adın mənası «gülüş»dür. Yehova Allah İbrahim peyğəmbərə deyəndə ki, Saranın öz övladı olacaq, peyğəmbər üzüstə düşüb ürəyində gülmüşdü (Yaradılış 17:17). Bu xəbər onu heyrətə salmışdı, onun sevinci yerə-göyə sığmırdı (Romalılara 4:19, 20). Bəs bu xəbəri Sara necə qarşıladı?

Bundan qısa müddət sonra İbrahim peyğəmbər gördü ki, üç nəfər kişi onların çadırına tərəf gəlir. Günün qızmar vaxtı olsa da, bu yaşlı insanlar, İbrahim peyğəmbərlə Sara bu yolçuları evlərində qonaq etdilər, onları canla-başla qarşıladılar. İbrahim peyğəmbər Saraya dedi: «Tez elə, üç qab narın un götür, xəmir yoğurub çörək bişir». O vaxtlar qonağı təmtəraqla qarşılayırdılar, ev yiyəsinin üstünə çox iş düşürdü. İbrahim peyğəmbər bütün işi arvadının üstünə atmadı, o, tez qaçıb cöngə kəsdirdi, süfrə açdı (Yaradılış 18:1—8). Sən demə, bu kişilər adi insan deyilmiş, Allahın göndərdiyi mələkləriymiş. Müqəddəs Kitabın bir ayəsində yazılıb: «Qonaqpərvərliyi yaddan çıxarmayın, çünki bəziləri bunun sayəsində heç özləri də bilmədən mələkləri qonaq etmişlər» (İbranilərə 13:2). Görünür, ayədə söhbət məhz bu hadisədən gedir. Gəlin biz də İbrahim peyğəmbər və Sara kimi qonaqpərvər olaq.

Sara qonaqpərvər qadın idi
Sara çox qonaqpərvər qadın idi

Mələklərdən biri İbrahim peyğəmbərə Allahın verdiyi vədi təkrarlayıb dedi ki, Saranın oğlu olacaq. Bu vaxt çadırda olan Sara söhbəti eşitdi. Qoca yaşında uşaq doğacağını təsəvvür edəndə o, özünü saxlaya bilmədi, ürəyində gülüb dedi: «Haradandır bu xoşbəxtlik?! Hay-hayım gedib, vay-vayım qalıb, üstəlik, ağam da qocadır». Mələk Saranın yanıldığını göstərmək üçün ona düşündürücü sual verdi: «Yehovanın əlində mümkün olmayan bir şey varmı?» Sara normal olaraq mələyin bu sözündən qorxuya düşüb özünə bəraət qazandırmağa başladı və ani olaraq dedi: «Mən gülmürdüm». Mələk isə dedi: «Xeyr, gülürdün» (Yaradılış 18:9—15).

Saranın gülməsi onun imanının zəif olduğunumu göstərir? Əsla! Bunu növbəti ayə sübut edir: «Sara da, imanı sayəsində, yaşının ötməsinə baxmayaraq, uşağa qalmaq üçün güc aldı, çünki vəd verənin etibarlı olduğuna inanırdı» (İbranilərə 11:11). Sara Yehova Allahı yaxından tanıyırdı, o, əmin idi ki, Allah nə vəd edibsə hamısını yerinə yetirməyə qadirdir. Kim istəməzdi ki, imanı bu qədər güclü olsun?! Biz Allahı daha yaxından tanımaq üçün əlimizdən gələnin ən yaxşısını edirik. Bu minvalla biz əmin olacağıq ki, Saranın Allaha bu dərəcədə inanmağa tam əsası var idi. Doğrudan da, Yehova Allah etibara layiqdir və O, verdiyi hər bir sözü yerinə yetirir. Hərdən bunu elə şəkildə edir ki, insan heyran qalır, təəccübdən adamı, Sara kimi, gülmək tutur.

«ONA QULAQ AS»
İbrahim, Sara və İshaq
Sara güclü iman sahibi olduğu üçün Allah ona gözəl nemət bəxş etdi

Saranın 90 yaşı olanda cavanlığından bəri həsrətlə gözlədiyi o gözəl anı yaşadı, sevimli həyat yoldaşına, artıq yüz yaşı olan İbrahim peyğəmbərə oğul bəxş etdi. İbrahim peyğəmbər Allahın buyurduğu kimi uşağın adını İshaq qoydu. Uşaq olanda Sara belə demişdi: «Allah məni güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək» (Yaradılış 21:6). Yəqin, bu sözləri deyəndə onun simasında yorğun, amma şölə saçan təbəssüm yaranmışdı. Allahın Saraya möcüzəvi yolla bəxş etdiyi bu nemət ona ömürlük xoşbəxtlik gətirmişdi. Amma bu, eyni zamanda, böyük məsuliyyət idi.

İshaqın beş yaşı olanda anası onu süddən ayırdı. Bu münasibətlə İbrahim peyğəmbər ziyafət təşkil etdi. Amma həmin gün xoşagəlməz vəziyyət yarandı. Sara gördü ki, Həcərin 19 yaşlı oğlu İsmayıl İshaqı ələ salır. Onun bu hərəkəti Saraya çox pis təsir etdi. Bu, adi dəcəllik deyildi. Müqəddəs Kitabın bir ayəsində İsmayılın bu hərəkəti təqib kimi təsvir olunur. Sara vəziyyəti olduğu kimi görürdü, bu vəziyyətin oğlu üçün ciddi təhlükə olduğunu başa düşürdü. Sara İshaq, sadəcə, onun oğlu olduğu üçün narahat olmurdu, o, həm də dərk edirdi ki, bu uşaq Allahın niyyətində vacib yer tutur. Buna görə də, o, cəsarətini toplayıb əri ilə açıq danışdı. Ondan xahiş etdi ki, Həcərlə İsmayılı evdən qovsun (Yaradılış 21:8—10; Qalatiyalılara 4:22, 23, 29).

Bəs İbrahim peyğəmbər bu xahişə necə yanaşdı? Müqəddəs Kitabda yazılıb: «Oğlu haqqında Saranın dedikləri İbrahimə pis təsir etdi». Ata məhəbbəti ona məsələnin ciddiliyini görməyə mane olurdu. Yehova Allah isə vəziyyəti apaydın görürdü, buna görə də, Özü məsələyə qarışdı. Allah İbrahimə dedi: «Qoy Saranın uşaq və kəniz haqqında dedikləri sənə pis gəlməsin. Ona qulaq as, çünki sənə vəd olunan övlad İshaqdan törəyəcək». Allah İbrahimi arxayın etdi ki, Həcərlə İsmayılın qeydinə qalacaq. İbrahim peyğəmbər sadiq bəndə kimi Allaha itaət etdi (Yaradılış 21:11—14).

Sara çox yaxşı həyat yoldaşı idi, ərinə əsil köməkçi idi. O, ərinə təkcə yaxşı şeyləri danışmırdı, ailəsi və onların gələcəyi üçün təhlükəli olan problem görəndə də məsələni açıq şəkildə ərinə deyirdi. İsmayılla bağlı məsələdə onun əri ilə belə konkret danışması hörmətsizlik deyildi. İsa Məsihin həvarilərindən biri ailəli bir insan olaraq, Saranı ərinə böyük hörmət göstərən bir qadın kimi misal gətirmişdi (1 Korinflilərə 9:5; 1 Butrus 3:5, 6). Əslində, Sara susmaqla ərinə hörmətsizlik etmiş olardı, çünki bu problem İbrahim peyğəmbərə və onun bütün ev əhlinə baha başa gələ bilərdi. Sara bunu gizlədə bilməzdi. Buna görə də, hər şeyi mehriban şəkildə ərinə danışdı.

Saranın nümunəsi çox qadını heyran qoyur. Onlar Saradan ərləri ilə açıq şəkildə və hörmətlə danışmağı öyrənirlər. Ola bilsin, hansısa qadının ürəyindən keçə bilər ki, kaş, Yehova Saranın vəziyyətində olduğu kimi, onun da ailəsində yaranan məsələyə qarışıb problemi yoluna qoyaydı. Vəziyyət nə qədər çətin olsa da, bu qadınlar Saranın imanını, məhəbbətini və səbrini örnək götürürlər.

Yehova Saraya «əsilzadə qadın» mənasını daşıyan ad vermişdi. Amma o, heç vaxt gözləmirdi ki, onunla şahzadə kimi rəftar etsinlər

Yehova bu mehriban qadına «əsilzadə qadın» mənasını daşıyan ad vermişdi. Amma o, heç vaxt gözləmirdi ki, onunla şahzadə kimi rəftar etsinlər. Məhz buna görədir ki, Sara 127 yaşında öləndə İbrahim peyğəmbər ona yas tutub ağlamışdı * (Yaradılış 23:1, 2). O, öz şahzadəsi, bu «əsilzadə qadın» üçün çox darıxırdı. Şübhəsiz, Yehova Allah da bu mömin bəndəsi üçün darıxır və onu yer üzündə olacaq cənnətdə dirildəcəyi günü həsrətlə gözləyir. Saranı və Saranın imanını örnək götürən insanları gələcəkdə əbədi və xoşbəxt həyat gözləyir (Yəhya 5:28, 29).
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri