Şair ruhlu hökmdar – Şah İsmayıl Xətai

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 9 132
Səs ver:
(səs: 8)
Bahar oldu ki, aləm gülşən oldu.
 Gözün aç, gör cahan nə rövşən oldu.
 Bəzəndi hər bir ağac bir gül ilə,
 Ağaclar cümlə gülpirahən oldu.
 Açıldı yazılər, bitdi çiçəklər,
 Gül ilə çöl bənövşə, süsən oldu.
 
Uşaqlar, sadə xalq dilində yazılmış bu misralar Xətainin  "Bahar oldu ki, aləm gülsən oldu” qəzəlindən götürülüb. Bəs Xətai kimdir?
Şah İsmayıl Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyətdir.  O, vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan  türkcəsini  dövlət dili səviyyəsinə qaldırmış,  lirik və epik növlərdə  gözəl əsərlər  yaratmış hökmdar-şair olub.
Şah İsmayıl Xətai  1487-ci ildə Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya  göz açıb.  Ana babası  Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən idi. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş  başlayıb.  Atası Şeyx Heydər  Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra  Lahicanda  görkəmli  alim Şəmsəddin  Lahicidən  ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.
Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən  İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi  tayı-bərabəri yox imiş. O,  hakimiyyət uğrunda mübarizəyə  kiçik  yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları  qızılbaşlar adlandırırdılar) başçılıq edib.  1499-cü ilin avqustunda  Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı varmış. Şərurda  Ağqoyunlu hökmdarı Əlvənd  Mirzəni  məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub.
Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası  ilə münasibətləri  kəskinləşib. İki türk dövləti arasında yaranmış gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib.  Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə  Çaldıranda dadıb.
Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən  qəzəblənərək  qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə  düşür. Bunu eşidən  Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb  var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən  tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl "Qılınc həmin qılıncdır, əfsus ki,  qol həmin qol deyil”, - deyir.
Bu məğlubiyyətdən sonra Şah İsmayıl  hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini  mədəniyyətin inkişafına,  ölkənin abadlığına həsr edir.
Şah İsmayıl Xətai  bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, "Dəhnamə” poemasını, "Nəsihətnamə” məsnəvisini qələmə alıb. "Divan”ına   əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə  heca vəzni nümunələri -  qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.
Şair ruhlu qüdrətli hökmdar  1524-cü ildə 37 yaşında  vəfat edib.
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 9 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri