Hazırda dünya ulduzları arasında öz brendini yaratmaq dəbdədir. Təəssüf ki, onların heç də hamısı uğurlu alınmır. Lakin Viktoriya Bekhemin moda evi dinamik inkişaf edən brendlərdən biri olmaqla yanaşı, yüksək statusa malikdir.
"Victoria Beckham” moda evi nəinki dayamadan inkişaf edir, həm də uzun tarixi olan əfsanəvi moda evləri ilə rəqabətə daxil olur.
Bir
sözlə, Viktoriya Bekhem Nyu-Yorkda Moda Həftəsinin iştirakçısı olmaqla
bərabər, ən nüfuzlu "Vogue” dəb jurnalının redaktoru Anna Vinturun
dəstəyi ilə öyünə bilər.
Müğənnilikdən modelyerliyə gedən yol
Viktoriya
Bekhemin müsbət keyfiyyətlərini saymaqla bitməz. Məqsədyönlü və
istedadlı insan, gözəl həyat yoldaşı və 4 uşaq anası… Gözəlliyi dillərə
dastan olmasa da, uğurlu karyerası və xoşbəxt ailəsi olduğu üçün bütün
qadınlar Viktoriya Bekhemə həsəd aparır.
Viktoriya
Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə imkanlı ailədə anadan olub.
Məktəbi bitirdikdən sonra Viki teatr və balet məktəbində, daha sonra
Leyn Arts teatr kollecində təhsil alıb.
Viktoriyanın
gənclik xəyallarını tanınmış model və aktrisa olmaq arzuları bəzəyirdi.
Gələcəyin parlaq ulduzu xüsusi istedadı ilə fərqlənməsə də, müəllimləri
onun zəhmətsevərliyini yüksək qiymətləndirirdi. Məhz əzmkarlığı ona bu
yolda uğur qazanmasına kömək edib.
Viki
oxuduğu illərdə rəqslə məşğul olub. Daha sonra model kimi də fəaliyyət
göstərib. Təsadüfən qəzetdə oxuduğu elan bütün həyatını dəyişib. Belə
ki, yeni qrup üçün oxumağı, rəqs etməyi bacaran 5 qız tələb olunurdu.
Söhbət əfsanəvi "Spice girls” qrupundan gedir.
Viktoriya
seçim turlarından keçərək bu qrupa üzv olur. "Spice girls” qrupu onun
həyatında silinməz izlər buraxıb və Viki ulduzluq yoluna da müğənni kimi
başlayıb...
Çılğın ulduzun dəlisov imici
Viktoriya
Bekhem mükəmməl ifaçı olmasa da, xarici görkəmi, səhnə kostyumları,
üslubu və çıxışları tamaşaçıları heyrətləndirə bilirdi. Özünəməxsus
üslubu ilə seçilən ulduz ancaq bahalı brendlərin paltarlarını geyinirdi.
Lakin dəb ilahəsi statusunu qazanana qədər xeyli dəb xətalarına yol
verib. Maraqlıdır, bu gün Viki dəbi diktə edənlərdən biri sayılsa da,
gənclik illərində dəb tənqidçilərinin əsas hədəfi idi.
2000-ci
ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara alır.
Viktoriya solo albom buraxsa da, heç biri xüsusi uğur əldə bilmir.
Bir
neçə uğursuz cəhdlərdən sonra Viktoriya Bekhem vokal karyerasına son
qoyur. Musiqi karyerasının bitdiyini dərk etsə də, Viki yaratmaq eşqi
ilə alışıb-yanırdı.
Aristokrat xanım
Özünəməxsus
stili olan ulduz moda dünyasına qoşulmağa qərar verir. Keçmiş
fəaliyyəti ilə birdəfəlik vidalaşıb, saçlarını qısa kəsdirərək əsaslı
dəyişiklik edir.
Məsələn,
bob saç modelini dəbə Viki gətirib. O, təmtəraqlı səhnə geyimlərindən
imtina edir və birrəngli, ciddi və sadə kostyumlara üstünlük verməyə
başlayır.
Bu gün Viktoriya minimalizm qaydalarından kənara çıxmır. Sadə və eleqant, yığcam və qəşəng geyimlər seçir.
Viktoriya
Bekhem analıq və uğurlu biznesi bir-biri ilə uyğunlaşdırmağın mümkün
olduğunu bütün dünyaya sübut etdi. O, hətta Keyt Middltondan sonra Böyük
Britaniyanın ən nüfuzlu qadınları siyahısında ikinci yerdə dayanır.
İndi onun üslubu daha yığcam və intellektual olub. O, uzun ətəkləri və
bluzkalarını əsl aristokrat kimi daşıyır.
Cins sevgisi onu dünyanın ən tanınmış modelyerinə çevirdi
Viktoriya
dizaynerliyə məhz denimlə başlayıb. O, ilk dəfə 2007-cı ildə "Rock
& Republic” cinslərini buraxıb. Bu, onun cins parçadan olan əşyaları
nə qədər sevdiyinin göstəricisidir. İstər gündəlik həyatda, istərsə də,
görüşlərdə dizayneri cins şalvarda görmək olar.
2007-ci
ilin sonlarında Viktoriya Bekhem eynək kolleksiyasını çıxarır. Bu
eynəklər hətta ən adi donu da təkrarolunmaz göstərir.
Dizayner
kimi Vikinin ilk debütu çox uğurlu alınmışdı. Bundan sonra o, öz
brendini yaratmağa qərar verir. Bunun üçün o, bütün mövcud əlaqələrindən
və tanışlıqlarından istifadə etmişdi. 2008-ci ildən başlayaraq
Viktoriya yüksək moda həftələrində iştirak etmək hüququ qazanır. Yeri
gəlmişkən, qeyd edək ki, 2009-2010-cu ildə Nyu-York moda həftəsində
Viktoriya Bekhemin kolleksiyası ən yaxşı nümayişlər arasına daxil
olmuşdu. Əminliklə demək olar ki, kolleksiyanın əsasında maksimum sadə
siluetli geyimlər dayanır.
O,
hətta dəb tənqidçilərinin də müsbət rəylərini qazana bilmişdi. Heç
ağlına belə gəlməzdi ki, cəmi bir neçə il sonra onun geyimləri dünyanın
ən nüfuzlu butiklərində satışa çıxarılacaq, üstəlik, birinci xanımların
qarderobuna da yol tapacaq. Viktoriyanın öz imzasını daşıyan çanta, ətir
və ləl-cəvahirat xətti də fəaliyyət göstərir.
"Dəbin İncili”
Viktoriya
Bekhemin uğurunun sirri çox sadədir. O, hər kolleksiyasını böyük
həvəslə hazırlayır. Ulduzun özü də moda dünyasından inanılmaz zövq
aldığını tez-tez dilə gətirir, qızlara dəb məsləhətlərini verməkdən
yorulmur. Məsələn, o hesab edir ki, istənilən obraza ağ rənglər əlavə
etmək olar. Pulları isə hər zaman aktual olan klassik və bahalı
aksessuarlara xərcləmək lazımdır. O, hətta bu barədə kitab da yazıb.
Tənqidçilər bu kitabı "Dəbin İncili” adlandırmışdı.
Xatırladaq
ki, əsasən, qara rəngli paltarlara üstünlük verdiyinə görə, Viki
tez-tez tənqidlərə məruz qalır. Bəziləri Viktoriyanın çox arıq olduğu
üçün qara paltarların onun əynində gülünc göründüyünü hesab edir.
Ulduz
müsahibələrinin birində etiraf edib ki, dəblə ayaqlaşıb zövqlü
görünməyə nail olmaq üçün dəbin yeni istiqamətlərindən xəbərdar
olmalısan: "Əks halda, dünyanın ən bahalı brendinə xərclədiyiniz pullar
hədər gedəcək. Əsas məsələ stildədir. Stil heç vaxt dəbdən düşmür. Mən
heç bir zaman stilist xidmətlərindən istifadə etməmişəm. Niyə mənə
maraqlı olanları kənar adamın öhdəsinə buraxmalıyam? Nə geyinəcəyimə
özüm qərar verirəm, 14 yaşımdan etibarən belə olub. Mənim ilk köməkçim
anam olub. Heç vaxt gözəlliklərinizi eyni anda nümayiş etdirmə. Gizli
və sirli bir şey saxlayın. Məsələn, ayaqların görünürsə, sinəni də
göstərmək məcburiyyətində deyilsən. Uzun ətək və ya şalvar geyinmisənsə,
zərif çiyinlərini açıq qoya bilərsən. Ətəyin qısalığı elə olmalıdır ki,
maşından düşən kimi alt paltarını çəkməyə tələsməsinlər” - deyə
bildirib.
Onu
da qeyd edək ki, Devid Bekhem həyat yoldaşının səyləri sayəsində
dünyanın ən yaraşıqlı və zövqlü kişisi statusuna layiq görülüb.
Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük təsirə
malikdir. Bu xoşbəxt nikahdan cütlüyün Bruklin, Romeo, Kruz adlarında 3
oğul və Harper adlı bir qız övladları dünyaya gəlib. Ulduzun qızı da
anası qədər məşhurdur.
Viktoriya
qatıldığı bütün tədbirlərə və müxtəlif mərasimlərə Harperi də özü ilə
birlikdə aparır. Onu şirin gəlincik kimi geyindirib-keçindirir.
41
yaşlı britaniyalı dizayner Viktoriya Bekhem gələn il debüt makiyaj
kolleksiyasını buraxmağı planlaşdırır. Dizaynerin ilk kosmetika
kolleksiyasına hansı məhsulların daxil olacağı haqqında hələlik heç bir
məlumat yoxdur. Ancaq güman edilir ki, burada mütləq Viktoriyanın
sevimli gözəllik vasitələrindən olan bronzer, açıq rəngli dodaq boyaları
yer alacaq.
Viktoriya
Bekhem moda dünyasında hökm sürən böyük rəqabətə baxmayaraq, artıq
Britaniya Moda Şurasının bir neçə mükafatına layiq görülüb. Bu
yaxınlarda "Victoria Beckham” dəb dünyasında qısa müddətdə əldə etdiyi
nailiyyətlərə görə, ilin ən yaxşı lüks brendi adlandırılıb. Bu
kateqoriyada xanım Bekhem "Alexander Mcqueen”, "Bentley”, "Burberry” və
"Roksanda” kimi nəhəngləri geridə qoya bilib.